Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Vəsli-nigara həsrəti var, ağlar, ağlamaz?!

Bir bivəfa nigardan ötrü gəda kimi,Xain rəqibə minnəti var, ağlar, ağlamaz?!

Eldən düşüb kənara, vətəndən uzaqlaşıb,Qürbətdə min əziyyəti var, ağlar, ağlamaz?!

İstəkli dilbəri gedib əğyarə yar olub,Bədnam olub, xəcaləti var, ağlar, ağlamaz?!

Yarəb, o kəs ki, mərd ola, namərd zalımınDaim ona xəyanəti var, ağlar, ağlamaz?!

Məğrur olub o kimsə, yox əsli, nəcabəti,Kim əhl olub, nəcabəti var, ağlar, ağlamaz?!

Yandırsa, Vahida, fələyi ahim atəşi,Ondan kimin şikayəti var, ağlar, ağlamaz?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq