Şəkidən, Şirvandan, filandan idarəmizə gələn və Osmanlı ilə İran barəsində nə təhər yazı yazmağın “zakaz”ını bildirən kağızlarını oxuyanda, mənim yadıma həmişə bu düşər:

“Kərbəlayı Bədəl, bizə bir-iki lüləkəbab bişir, amma gözlə ki, nə quru olsun, nə də sulu, bir də istiotunu bacardıqca az elə, yanına soğan əvəzinə turp qoy, üstünə də bir sumax səp”.

Bu cürə “zakazları” aşpazlara verərlər, halbuki bizim sənətimiz ilə aşpazlığın arasında asiman-zəmin təfavüt var.


Osmanlının Misirdə çıxan “Türk” qəzetəsi deyir ki, Osmanlı millətini oyatmaq üçün bir neçə yaxşı yol var. Bu yollardan biri də odur ki, azadlıq üstündə çalışan (?) Rusiya türkləri (Şəki və Şirvan türkləri də daxildir ha!), Osmanlıdan gəlib keçəndə o yazıqları başa salıb, zalım hökumətin əlindən qurtarılmağa həvəsləndirsinlər. Dünən, bu sözləri oxuyan kimi, yadıma bu məsəl düşdü ki: “Ölülər elə bilir ki, dirilər halva yeyir”.


İki nəfər müsəlman bəyi bir-biri ilə görüşür:

N - b ə y (zahirdə). Salam əleyküm. F-bəy, keyf, əhvalın, xoş gördük, (ürəyində – Allah səni heç xoş eləməsin, həmişə xaru zəlil olasan).

F - b ə y (zahirdə). Br, əleyküməssəlam, xoş vaxtın olsun. Səfa gəldin (ürəyində – yolda qıçın sınıb, gəlməsəydin lap yaxşı olardı; məlun!)

N - b ə y (zahirdə). Çoxdan bəri səni görmək arzurunda idim, sən də görünərsənmi (ürəyində – Səni yerə basdırım ki, doğru deyirəm, a kişi bəs havaxt öləcəksən?).

F - b ə y (zahirdə). Görükməkdən nə olsun, tək insanın qəlbində bir-birinə məhəbbəti olsun, elə bunun özü bəsdir (ürəyində – Nə tövr görüküm ki, səni görəndə gözüm ağrayır, a sənin gözlərinə ox batsın!)

N - b ə y (zahirdə). Əlbətdə, məhəbbət özgə cürə şeydir, onun heç bir şeyə dəxli yoxdur. Amma yenə də sözün doğrusu beş-altı gün səni görməyəndə çox “iskuçni” oluram (ürəyində – Yəni deyirəm fikrinə də gəlməsin ki, səndən donos yazdırmışam, ha!..).

F - b ə y (zahirdə). İltifatın artıq olsun; vallah, elə mənim özüm də həmişə yerdən duran kimi, nökərlərdən soruşuram görüm ki, N-bəy nə qayırır, keyfi necədir? Bilmirəm gəlib, sənə deyirlərmi? (ürəyində – Yəni, deyirəm görüm, səndən göndərdiyim donosun əsəri nə tövrdür, naçalnik səni sordurmaz ki, arvad uşağını mələtmirlər ki...). Bəs, niyə atdan düşmürsən? Ədə, Səfiqulu, gəlin bəyin atın dutun (ürəyində – Əqlin olsa, ötüb gedərsən, mənim də zəhləmi tökməzsən).

N - b ə y (zahirdə). Yox, kəndə gedirəm, elə dedim at üstə bir səni görüm; (ürəyində – Üzünə də tüpürüm) (zahirdə) hələ ki, salamat qal; (ürəyində – Gör sənin başına nə oyun gətirəcəyəm!)...

F - b ə y (zahirdə). Xoş gəldin, bu yaxşı olmadı ki, getdin; (ürəyində – Sən öl, çox yaxşı oldu; get, dalınca bir qara daş getsin, məlun).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 53

Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyuni-amiyyun”, nə “inqilabiyyuniamiyyun”, nə “məşrutəyi-amiyyə”, nə “hürriyyəti-milliyə”, nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi “fərəhlənir” bununla da belə “naşükür” yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, “çox mürüvvətli və insaniyyətpərvər adamlardır”.Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir:

2 dəq
Ordan-burdan 54

Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.

2 dəq
Ordan-burdan 55

Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

1 dəq
Ordan-burdan 56

Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!

1 dəq

Başqa şairlərin şeirləri · Satira