Vəzifəyi-musiqiyyəmizə aid məsələlər
Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.
O müsaidət nədən ibarətdir?
Əvvəla, bu var ki, şərq sənaye-nəfisəsinin ən qəddar düşmənləri olan dini təəssüb, cahilanə və siyasi məmaniətlər böyük inqilabın şədid zərbələri altında məhv olub getdi və saniyən sənət, baxüsus musiqi sənəti haqqında mövcud olan köhnə, çürük və alçaq əqidələr pozulub əvəzində yeni, tərəqqipərvər və inqilabçı fikirlər birləşdi. Deməli, musiqi sənətinin tərəqqi və təkamül yolu açıldı və salisən Azərbaycan füqərayi-kasibəsinin və işçi sinfinin maarif və siyasiyat işlərində iştirakı musiqi sənətinin dairəyi-fəaliyyətini genişləndirdi və meydanını artırdı və rabiən bu gün Azərbaycan Xalq Maarif Komissariyyatı maarifin intişarı və sənətin tərəqqisi yolunda öylə bir dərin, ciddiyyət və böyük fəaliyyət göstərməkdədir ki, bundan musiqi sənəti yolunda böyük-böyük istifadələr qazanılacağı təbiidir.
Bəs böylə bir müsaid və bu qədər müvafiq bir zamanda musiqi vəzifələrinə dair məsələlərin həllinə mübaşirət üçün tələsmək lazımdır.
O məsələlər hansıdır?
Bizim fikrimizcə, o məsələlər bunlardır:
vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası;
Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi və fənni, nəzəri və əməli surətdə çalışmaq əmri;
ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi həqiqi çarələr axtarmaq.
Bu üç məsələlərdə birincisinin, yəni vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası əmrinin təqib etdiyi məqsəd odur ki, Azərbaycanda yaşayan ümumxalq mərifəti musiqiyyədən hissəbərdar olub zövqlərinə tərbiyə vermək üçün gözəl musiqilər eşitmək ehtiyacını rəf edə bilsinlər. Bunun üçün hər bir yerdə, baxüsus işçilər sinfi arasında cürbəcür “konsertlər” qurulması və cümhuriyyətin hər bir müvafiq məntəqələrində xüsusi və ümumi musiqi məktəbləri açılması, opera teatrlarının hər bir yerdə oynanılması işlərinə tərəqqi vermək lazım gəlir. Bu gün bu xüsusda çalışılır və bu barədə lazım olan işlər görülür; bu işlər haqqında müfəssəl danışmaq bugünkü məqaləmizin vəzifəsi olmadığından, üzərindən keçib ikinci məsələdən hasil ediləcək məqsədi müxtəsər surətdə şərh edək.
Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onu həqiqətən nəcib və nəfis bir sənəti-aliyyə məqaminə yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi-zövq və mənşəyi-feyz açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək; bu böyük məqsədi hasil etmək üçün hansı yollarla getmək lüzumunu şərh etmək və bu yolda elmi bir mübahisə açmaq əmrini dəxi gələcək nömrələrə həvalə edib, bu məqaləmizi müxtəs üçüncü məsələnin şərhinə həsr edirik.
Üçüncü məsələ, yuxarıda ərz etdiyimiz üzrə, ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi üçün həqiqi çarələr axtarmaq məsələsidir.
Buradan bir sual əmələ gəlir.
Əcəba, Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə “Ala franğa” yaxud bizlərdə “Yevropeyski” deyilən musiqini də öyrənmək lazımdırmı?
Bəli, lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır. Hər halda bu vacibliyi bir-bir şərh edək.
Əvvəla, nəzərdə tutulmalıdır ki, ümumi musiqi sənəti əsrlərlə imtidad edən bir çox tərəqqi, təkamül və inqilablardan sonra gəlib bugünkü məqama çatıbdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, öylə bir böyük və qiymətli əsərlər buraxıbdırlar ki, mədənilik iddiası edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz. Çünki bu əsərlərin insaniyyətə olan xidməti dedikcə böyükdür. Bu əsərlərdən bəhrə almaq və onları anlamaq üçün piano, vialon, fleyt və sairə kimi aləti-musiqiyyə məktəbinə ehtiyac vardır.
Və saniyən, ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq; məsələn, mədəniyyətin ülum və fünun cəhətincə bizim alim doktorlarımız, pedaqoq müəllimlərimiz, mühəndislərimiz, hüquqşünaslarımız və sairə və sairələrimiz vardır; ümumi musiqi sənətini dəxi öyrənərsək, alim musiqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş oluruq. Bu gün sənət cəhətincə bizim hamıdan artıq geridə qalmağımız bundan məlumdur ki, bütün millətlər, hətta qonşumuz olan gürcülər o qədər məktəb görmüş artist və musiqarlara malikdirlər ki, lazım gələn surətdə gürcü dilində tutalım, “Karmen” operasını oynaya bilərlər, amma biz bunu bacarmırıq, çünki nə orkestromuz var, nə də artistlərimiz. Bizdə olan artistlər isə “Leyli və Məcnun” və “Əsli və Kərəm”dən başqa ümumi operaları oynaya bilməzlər; bu isə geridə qaldığımızı isbat edir.
Və salisən, bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik. Əgər bir mülahizə etsək ki, bizdə nə qədər gözəl səslər faydasız batıb itir, nə qədər istedadlar korlanır nə qədər şalyapinlər, karuzolar, motsartlar, bethovenlər və sairə və sairələr təlim və tərbiyəsiz qalıb zəka və istedadları istifadə edilmədən məhv olub gedir.
Və rabiən, ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq. Halbuki, əks surətdə, yəni musiqi elmindən bixəbər qalarsaq, öz musiqimizi bir qədəm dəxi irəli apara bilmərik; məsələn, əgər bir musiqi kitabı yazıb da, o kitabda tutalım tarın nə tövr qurulmasını yazmaq istəsək, “interval” deyilən musiqi təbirlərindən bixəbər olsaq, bunu yaza bilmərik, halbuki bunu bildiyimiz halda kitaba yazarıq ki, “Tarın ağ cift simləri ilə sarı cift simləri “kvarta inter-valı” üzərində kök edilir. Bunu yazıb “kvarta interval”ının nədən ibarət olduğunu da şərh edərik. Əlavə, musiqi elmi haqqında hər nə kitab varsa, ümumun istifadəsi üçün dilimizə tərcümə edərək, piano, vialon və sairə alət vasitəsilə çalmaq öyrənərsək, öz havalarımızı, öz musiqimizi özgələrdən daha gözəl çalmaqla zövqisəlim tərbiyəsinə kömək edərik. Özgələr isə bizim musiqimizin ruhuna aşna olmadıqlarından piano, vialon və sairə kimi o qədər gözəl olan alətləri bu yolda lazımınca istemal edə bilmirlər.
Xülasə, bu yazdıqlarımızı dürüst mülahizə edərsək, ümumi musiqi sənəti təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik.
Bu təlim və tərbiyəni nə yol ilə icra edə bilərik?
Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən Ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəllim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi bir qismini təşkil edən müsəlmanlardırlar.
Bunun səbəbi nədir?
Biz bir müddət bu səbəbi aramaqla məşğul olduq və bir çox görüşüb danışıqdan sonra, bu nəticəyə gəldik ki, müsəlmanları musiqi məktəbinə həvəsləndirmək üçün onlardan ötrü konservatoriya nəzdində xüsusi şöbə açmaq lazımdır. Bu şərtlə ki, əvvələn, bu şöbə şəhərin müsəlman qisminə yaxın olsun və saniyən, bu şöbəyə daxil olmaq üçün müsəlmanlar yaş və sinn cəhətincə bəzi məmaniətlərdən azad olsunlar və salisən, bu şöbəyə müsəlman qadınları dəxi girmək üçün xüsusi müsaid şərtlər olsun. Bunlardan əlavə, ən mühümü burasıdır ki, bütün dəftərxana işləri, hakəza dərs və təlim mütləqa türk dilində icra edilsin. Bu yerdə mənə deyə bilərlər ki, hanı türk musiqi müəllimləri ki, musiqi elmindən dərs verə bilsinlər?
Buna cavab olaraq ərz edə bilərəm ki, burada ən böyük müşküllük musiqinin külli tədrisinə aid ola bilər, yəni bu elmi türk dilində keçmək üçün kitab və müəllim ehtiyacından əşkal əmələ gələ bilər. Fəqət, bu böyük əşkal həll olunur, çünki bu xüsusda musiqi elminə dara olan və öz dilini layiqincə bilən müəllim vardır. O ki qaldı alət təliminə, burada müəllimin türk dili bilməyinə bir o qədər ehtiyac yoxdur. Lazım olsa da tərcümə vasitəsi vardır. Səs dərslərinə qalarsa, musiqinin göftəsi qabaqca türk dilinə tərcümə edilib, bədə latın hürufatı ilə notların altında yazılar ki, həm müəllim oxuya bilsin və həm də mütəəllim o hürufatı öyrənsin. Çünki haman hürufatın öyrənilməsi musiqidə onsuz da lazımdır.
Burada əz cümlə orasını da qeyd edək ki, musiqi göftəsini tərcümə etmək işi çox da asan iş deyildir. Çünki mütərcimlərdən tələb olunur ki, əvvəla, musiqi bilsin və saniyən, hər iki dilin ədəbi lisanına malik olsun və salisən, o dilin də, bu dilin də elm əruzundan baxəbər olsun və illa bunlardan birini bilməsə, mütərcimliyə yaramaz. Bəs ümumi musiqi sənəti öyrənmək Azərbaycan türkləri üçün vacibdir və bunu icra etmək üçün Konservatoriya nəzdində məhz onlara məxsus xüsusi bir şöbə açmaq lazımdır. Bunun sayəsində 3-4 ildən sonra səmərələr görünməyə başlayıb, bizim də hünər və sənət bazarına mətailər çıxarmaq və bu mətain xalisliyilə mütənasib olaraq aləmi-musiqidə özümüzə layiq bir məqam tutmaq haqqımız özümüzə yetişər.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-vezifeyi-musiqiyyemize-aid-meseleler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Azərbaycanda musiqi təhsiliAzərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi.Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında “Maarif və mədəniyyət” məcmuəsinin irəlidəki nömrələrində müfəssəl məlumat verəcəyimizi vəd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə məlumat verməkdir.
Türk operaları haqqındaVətəndaş [Samit]* möhtərəm “Kommunist” qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün – bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir, – deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsə idi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş [Samit] “çılpaq sözlü” olmaq istəməyib “dəlil” götürmək dəxi istəyir və bunun üçün:Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhval-ruhiyyəsində, qeyri-təhurə təlaş kimi bir həyəcan – bədii oyadan və qədim musiqişünasların rəyincə göy guruldamasından əxz edilmiş olan “Çahargah” kimi böyük və məzmunlu dəsgahı layiq istehza bilib təməsxanə bir surətdə “İran çahargahı” deyə, bədii bir zövq almaq istəyənlərə bunu rəva görmür.
Azərbaycan musiqi həyatına bir nəzərAzərbaycan türkləri musiqini çox sevir və olduqca ona həvəc edirlər. Musiqi əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük məmaniət təşkil etdi, o səbəbdəndir ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamandan ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görməyib, hənuz ata-babadan qalma bir halda davam etməkdə olduğu kimi, sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün ən ibtidai və naqis bir haldadır.İslam aləminin mədəniyyət dövrü zamanındakı filosof və böyük alimləri musiqinin əvvəla, elmi əsaslara məbni mədəni bir sənət olduğunu və saniyən insanın əhval-ruhiyyəsində müxtəlif təsirlər buraxan və hətta bəzi əsəbi mərəzlərə qarşı əlac yerində qollanıla bilən ciddi bir fənn olduğunu gözəlcəsinə dərk edib, musiqi elmi üstündə bir xeylicə çalışmışlardı; bunların çalışmaları nəticəsindədir ki, bu gün Şərq musiqisi bugünkü Avropa musiqisindən əsrlərcə geridə qalmış olsa da, öz vaxtında müəyyən bir tərəqqi və mədəniyyət dərəcəsinə yetişmiş olduğunu bu gün elə mövcud olan müxtəlif təsirli muğam və dəsgahları ilə aşkar surətdə göstərməkdədir.
Başqa şairlərin şeirləri
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,