Ruhülqüds təbiətimə

Ey təb'i-vəsi'im, səni sığdırmayır aləm,
San kim, qəfəs olmuş sənə bu aləmi-müzləm.

Ey ruhi-büləndim, sənə məhduddur əkvan,
Əndamına naqis biçilib kisveyi-imkan.

Hərdəm gəliyor guşuma möhriq nəvahətin,
Artıq sənə bir bari-girandırmı həyatın?

Billəm ki, vəfa misli cahandan qaçacaqsan,
Ə'maqi-fəzaya axıb, onda uçacaqsan.

Çıx, tariki-zülmətkədeyi-təngi-cahan ol,
Əsfəlləri boşla, ülüviyyətə rəvan ol!

Çıx, çıx, səyəran et, dəvəran et, cəvəlan et!
Vüs'ətli bir aləm bulub onda təyəran et!

Pərvazgəh olsun sənə mafövqi-səmavat,
Gəhvareyi-aramını qıl ərşi-füyuzat.

Balaları gəz, dövr elə, lahutnişan ol,
Ey müxbiri-azadəlisan, feyzfəşan ol!

Gəz, gör də nasıldır şu əvalim, şu səmalər.
Şayani-tənəffüsmü o göylərdə həvalər?

Yoxsa tökülən qanlar olubdur mütəsaid,
Olmuş o gözəl, saf havalar da mı fasid?

Aya, o cahanlar da mı matəmgahi-qəmdir?
Bu ərz kimi saheyi-qəm, səhni-ələmdir?

Varmı o zəminlərdə də adati-müadat?
Yoxsa qoyulub ortaya mizani-müvaxat?

Ol yerdə hüquqi-bəşərə varmı riayət?
Məzlumu edirlərmi o yerlərdə himayət?

Azadəmidir zülmünü icradə məzalim,
Varmı o cahanlarda da insan kimi zalim?

Hər kəs nə bilirsə eləyir, yoxmu nizamət?
Onlar da mı həsrətkeşi-rüxsari-müsavat?

Hürriyyət o ayinədə etmişmi təcəlli?
Yoxsa yaşadır onları bir təlx təsəlli?

Onlar da mı təkfir edir ərbabi-kəmali?
İrsali-şüunat qıl, ey müxbiri-ali!

“Övraqi-həvadis” səni min çeşm ilə gözlər,
Əxbarını istər, nigərandır bu nəzərlər.

Peymanını göndər, edəlim nəşr cahanə,
İnsanları vaqif qılaq əsrari-nihanə.

Birinci məktub

Ol gün ki, minib xaneyi-təyyarə, əfəndim,
Uçduq səfəri-aləmi-ənvarə, əfəndim.

Düşdü yolumuz şəhri-müsavatnümunə,
Baxdıqca nəzərlər qamaşır şəmsi-fünunə.

Gəldik də yetişdik bu gözəl şəhri-nəimə,
Bənzər buna nisbət küreyi-ərz cərimə.

Aləm nasıl aləm, nasıl aləm, nasıl aləm!
Tə'rifini qabilmi ki, təsvir edə xaməm?

Əhsən, nə cahan! Cənnəti-qüdsiyyətə bənzər,
Şol rütbə lətafətli ki, hürriyyətə bənzər!

Əsnayi-şəb idi ki, yetişdik bu diyarə,
Afaqı münəvvər gecə bənzərdi nəharə.

Gərdunənişini-fərəh olmaqla gedirdik,
Əsvaqını, bazarını tədqiq edirdik.

Hər xanəsi bir laneyi-şəfqət kimi mə'mur,
Görnüşləri cəzzab nəzərlər kimi məxmur.

Kaşanələri eşqü məhəbbət qədər ali,
Əsvaqı dili-dahiyə əmsalı ziyalı.

Hər caddədə min şö'leyi-bərqiyyə dirəxşan,
Oynardı zəminə saçılan nuri-pərişan.

Gülşənlər olurdu nigəharayi-təravət,
Məmnun könüllər kimi hər yerdə məsərrət.

Məs'ud dodaqlar kimi güllərdə təbəssüm,
Dərdim: “əməl etmiş bu çəmənlərdə təcəssüm”.

Gərdunə gedir, mən dəxi ləbrizi-sünuhat,
Dərdim: “nə gözəl aləm imiş şəhri-müsavat”!

Çıxdı yolumuz şə'şə'əli caddəyə birdən,
Ənvar axıyor zənn elədim sanki bu yerdən.

Parlardı həqiqət kimi mişkati-bəvariq,
Xurşidi-ümidə bu yer olmuşdu məşariq.

Birdən gözümə dəydi müəlla bir imarət,
Şayani-tamaşa idi, həm calibi-heyrət.

Bir ləm'ə parıldardı bu kaşanə önündən,
San kim, günəş olmuşdu nümayan üfüqündən.

Gərdunə edib çərxini tə'til bu saət,
İştə burası mənzili-ərbabi-səyahət.

Gərdunəçi hörmətlə:– “Əfəndim, düşəcək yer,
Pakizə, gözəl, qonmalı bir beyti-müsafir.

Hörmətli əfəndim, eniniz, seyr ediniz, ya,
Rahət ediniz, xahişiniz cümlə mühəyya”.

Gərdunəçisi böylə mülayim olan aləm, –
Əlbəttə, edər dilləri, vicdanları xürrəm.

Xidmətçi olursa bu qədər fikri ziyali,
Orda nə məratibdə olur sair əhali?

Mən ücrəti-cərduneni verdim, dedim: – “Övlad!
Qıldın məni son rütbədə məsrur və dilşad.

Gərdunəçisi böylə olan şəhri-müsavat,
Etməzmi əhalisini sərşari-məsərrat?!”

Bir tərzi-nəzakətlə dedi: – “Zeyfi-mükərrəm,
Ol kəs ki, qəvaninə olub vaqifü məhrəm, –

Onlar biliyor bizlərə məmnu'dur ücrət,
Mən də edərəm qaidəyi-şəhrə riayət.

(Gərdunədə bir dəxli mənə qıldı işarə),
Hər kəs nə verirsə, atılır kassaya parə.

Ol parə məsarif edilir nəf'i-ümumə,
Bikəsləri tə'lim edəcək dari-üluma.

Həp bizləri tə'min edən övladi-vətəndir,
Ədl ilə, müsavat ilə abad vətəndir”.

Mühərrir əfəndi! Nisfini arabada, nisfini də mehmanxananın qabağında yazıb poçtası ilə göndərdim. Müşahidatımı gördükcə, yazıb göndərməyə qeyrət edərəm. İndi nömrədə istirahətə məşğul oluram. Xudahafiz, Ruhülqüds.

İkinci məktub

Düşdük bu gözəl, pak, lətafətli məqamə,
Mənzərləri ruhu gətirir rəqsə, qəramə.

Namı bu məqamın qoyulub “Beyti-məsərrət”,
Həqqa ki, məsərrət ki, məsərrət ki, məsərrət!

Ləzzati-həyati bu məsərrət evi havi,
Dərlərsə səzadır buna firdovsi-səmavi.

Səhhət yağıyor, feyz axıyor mənzərəsindən,
Bir buyi-məhəbbət duyulur məzhərəsindən.

Təb'im kimi səhnində çiçəklər gülüşürlər,
Fikrim kimi quşlar uçuşurlar, ötüşürlər...

Hər lanədə gülməklər uçar, gör necə şənlik!
Bu cənnətin arayişi-əndamı gözəllik.

Bir qəhqəhə, bir zülmümə, əlhani-xüruşan,
Əmvaci-məsərrət oluyor ruhda cuşan.

Küsmüşdü bu yerdən əcəba dideyi-nəmnak?
Üzlərdə səadət gülüyor, qəlb fərəhnak.

Abad olasan, ay belə gülzari-müsavat,
Haqdır denilirsə sənə cənnati-hüzuzat!

Rahət edib ol leyli, erişdikdə səbahə,
Erdi şəbi-asayişimiz sübhi-fəlahə.

Xidmətçi gəlib söylədi: “– Səhhətlər, əfəndim!
Ömründə nəsibin ola ləzzətlər, əfəndim!

Məs'ud olasan cismi-səlamətlə, əfəndim,
Mövcud olasan ruhi-həqiqətlə, əfəndim!”.

Xidmətçiləri əlbiseyi-pak içində,
Əncüm kimi səyyar idi əflak içində.

Söhbətləridir çöhrənüma huri-məhəbbət,
Siması üzrə uçuyor nuri-məhəbbət.

Mən də buna qarşı dedim: – “Ey zadeyi-ürfan!
Bir böylə həyatı görünüz layiqi-şükran.

Bu aləmə gülmüş, deyirəm, ruyi-səadət,
Olmuş bu çəmənzarə vəzan buyi-səadət.

Zatən bu gecə cənnət içində yaşayırdım,
Ağuşi-ümidə atılıb uyqurlayırdım”.

Bir də sözümə etdim əlavə şu kəlamı;
“– Anlat mənə, bilmək diləyirəm işbu məramı:

Ey sevgili adəm! Bunu qıl bəndənə zahir:
Kimdir bu müsafir evinin üstünə nazir?

Saxlar belə pakizə, fərahza bu sarayı,
Məmnun ediyor dideyi-ərbabi-səfayı”.

Xidmətçi təbəssüm edərək geldi kələmə,
Bir şivəyi-nazikli ifadəti-məramə:

“– İzzətli bərader, sənə bu iş ola mə'lum:
Yox burda hökumət, nə də hakim, nə də məhkum.

Bu üç sözü məhz eyləmişiz cümlə lüğətdən,
Azadəsəriz indi bu üç dənə sifətdən”.

Mühərrir əfəndi!
Xidmətçi bildiyim bu möhtərəm adamla müsahibəyə məşğul olduğumuz əsnada nömrəmizdəki zəng çaldı. Elektrik qüvvəsi ilə vücuda gətirilmiş calibi-diqqət bir qələmlə divara bu cümlənin yazıldığını tamaşa etdim:
“Möhtərəm müsafirlərimiz! Poçta qatarının hərəkət vaxtı yaxınlaşmışdır; vaxtı qaçırmamaq üçün məktub yazanlar yazsınlar”.
Bu vəzifəşünas adam məktub yazacağımı gözlərimdən mütaliə etmiş olmalıdır ki, “Şimdilik səadətə əmanət olunuz” cümləsi ilə dışarıya çıxdı. Mən də kitabətə məşğul oldum. Yarım saata yazımı bitirdim. Mehmanxana məktublarını poçtaya verməyə məxsus bir adam nömrələri gəzir, məktubları toplayırdı; mən də məktubu ona verdim.
Xidmətçi tanıdığım bu adamla edilən söhbətimizin mabə'dini irsali-hüzur elərəm; əlinizi sıxıram, səlamət olunuz! Ruhülqüds.

Mən məktubumu ikmal etdikdən sonra ikinci dəfə olaraq bu zat nömrəmə gəldi, aşağıdakı söhbətləri, o ləzzətli söhbətləri, bir şiveyi-ədibanə ilə nəql etməyə başladı:

Üçüncü məktub

Ehraz üçün övrəngi-müəllayi-həyatı
Məhv eylədik atidəki nifrətli lüğatı:

Biz bilmiyoruz hakimü məhkumü hökumət,
İlqa edilibdir bu məmalikdə imarət.

Hürriyyəti-şəxsiyyəvü azadiyi-vicdan –
Çoxdan qılınıbdır bu gözəl şəhrdə e'lan.

Hürriyyəti-cəm'iyyətü sərbəstiyi-əfkar –
Aşiqlərinə eylədi rüxsarını izhar.

İcra edilir qaideyi-ədlü müsavat,
Olmuş dilimiz dəftəri-ayati-müvaxat.

“İnsanə məhəbbət” sözü var məzhəbimizdə,
Həp sureyi-insan oxunur məktəbimizdə.

Təkfiri-ümməm, büğzi-miləl, nifrəti-əqvam –
Əql eylədi bu sözlərin e'damını e'lam.

Ol dəm ki, təcəlla elədi fikrə həqiqət,
Mazisinə hər kəs baxaraq çəkdi xəcalət.

Həp anladı məxluq ki, övhamü xürafat –
Növ'i-bəşər üçün bu imiş ən böyük afat.

İnsanları yek-digərinə düşmən edən bu,
Gülşənləri, gülbünləri həp külxən edən bu!

Nerdən gəliyormuş bu vəbayi-bəşəriyyət?
Dinmə, sənə “Bir alim” edər qəztədə lə'nət.

Əmmaməlilər yaxdı çəmənzari-cahanı,
Əmmaməlilər zəhrlədi fikri-cinanı”.


Bu zat əlavə edərək söylədi zahir:
“– Yox kimsə ki, olsun bu evin üstünə nazir.

Bu ev dəxi əmlaki-cəmahiri-rəiyyət,
Cümhur adına eyləyoruz bizi dəxi xidmət.

Biz üzvləriz, işləriz əndami-vətəndə,
Təndir vətən, ə'sabü ürüquz o bədəndə.

Hər bir damarın cismdə bir xidməti vardır,
İbqayi-həyat etməyə bir qeyrəti vardır.

Tə'tili-vəzaif edəcək olsa gər ə'za,
Ol cism, təbiidir, olur mövtə müheyya.

Övladi-vətən eyləsə tə'tili-məşağil,
Oldu, demək, artıq vətənin varlığı zail.

Həp işləyoruz, ruh alırız cismi-vətəndən,
Zənbur nasıl şəhd alır əzhari-çəməndən.

Asayişi-xəlqə edirik can ilə xidmət,
Biz də sürəriz xəlq ilə ləzzətli məişət.

Ə'zayə nasıl cism ediyor qanını qismət,
Sərmayə də bizlərdə əlelvəchi-şərakət.

Bu mülkə deyorlar nəəmarayi-müsavat,
Övladi-vətən cümlə səfayabi-hüzuzat.

İştə gəziniz, seyr ediniz hali-biladı,
Məs'ud görər gözləriniz cümlə ibadı.

Səfər yorğunluğum zail olduğundan, sabahdan e'tibarən şəhərin şayani-tamaşa olan təfərrücgahlarını ziyarət etmək xəyalındayam. Ruhülqüds.

Dördüncü məktub

Bu zat ilə söhbət ediyorduq, danışırdıq,
Zövq ilə, səfa ilə gözəlcə qonuşurduq

Hər söhbətimiz tərcüməyi-şəhri-müsavat,
Bu söhbət edirdi dili sövqi-ülüviyyat.

Bir süfrə dərunində həlavətli yeməklər,
Pakizə zürufə qonulub şirü şəkərlər.

Ehzar edilib bizlər üçün sübh təamı,
İtmam elədik ət'imni, həm də kəlamı.

Mən söylədim: “– İstər ürəyim şəhri səyahət,
Həm də edəlim “Məclisi-şura”nı ziyarət”.

“– Pək xub! Bərader, görünüz, görməyə ehza,
Əndami-dilaramı fərəhbəxş, tərəbza”.

Sıxdım əlini: “– Şimdi səlamət qal, əzizim,
Gülsün üzünə dilbəri-amal, əzizim!”.

Əlfazi-vidaiyyə ilə ayrılıb ondan,
Çıxdım ki, xəbərdar olayım şanlı cahandan.

Gərdunəçi amadə evin pişgahində,
Bir xəndeyi-iffət uçuyordu nigəhində.

Gərdunəsüvar oldum o dəm söylədim: “– Övlad!
Qıl “Məclisi-şura” yoluna zeyfini irşad”.

Gərdunələri qüvveyi-bərq ilə şitaban,
Bir sür'əti-bərqiyyə kimi olmada puyan.

Tədvir elədi çərxini bu xareyi-dəvvar,
Gərduneyi-dəvvardə mən kövkəbi-səyyar.

Gərdunə gedir, mən dəxi təənzir ediyordum,
Bu lövheyi-imranı görüb söyləniyordum:

Bunlar nə vəsaitlə erib övci-kəmalə,
Bu sərvətə, bu şövkətə, bu izzü cəlalə?

Hər xitvə başında gözə çarpardı məkatib,
Bildim ki, budur baisi-ehrazı-məratib.

Əlvah yazılmış qapıya xətti-cəlilə,
Sankim, yazılıb hər biri bir qüdrət əlilə.

Məktəbləri gör, seyr elə həmduşi-səhaib,
Bu məktəb edib bunları ülviyyətə sahib.

Mə'bədləri, məscidləri təxrib edərək həp,
Təmir edilib yerlərinə məktəb, məktəb...

Beşinci məktub

Zənn etmiş idim varlığımı cənnət içində,
Seyr eylədim əfkarımı hürriyyət içində.

Bir ev ki, nə ev, taqi-müəllayi-zəfərdir,
Lahutnüma mənzəri cəzzabi-nəzərdir.

Bir ev ki, dərununda həqiqətlər üşürlər,
Bir bağ ki, əzhari-maarif gülüşürlər.

Səf-səf düzülüb üzvlər övrəngi-kəmalə,
Valeh oluyordum bu şükuhə, bu cəlalə...

Bu bəzmi-mütəntən, fərəhəfzadı cinanə,
Hər kəs çəkilib kəndinə məxsus məkanə.

Bir dahiyə ol dəmdə olub haizi-rüxsət,
Oldu bu zaman ziynəti-kürsiyyi-xitabət.

Bir lövheyi-ilhamdı kürsi üzərində,
Parlardı düha şö'ləsi kəskin nəzərində.

Səyyal zəkalar tökülürdü nigəhindən,
Açdı fəmi-vəhyavərini xütbəgəhindən.

Qeyrət edərək vəcdlə izahi-mərama,
Bir nitqi-bəliğanə ilə gəldi kəlamə:

“– Ey niyyəti-qüdsiyyə malik olan əhrar!
Bu cümlələri görməli işğayə səzavar:

Elm ilə vətən hər nə qədər olsa da ali,
Pərvazını tövfiq edəməz fikri-məali.

Bir yerdə dayanmaz, uçar ənqayi-xəyalət,
Seyrangəhi feyfayi-xəfayayi-təbiət.

Əfkari-bəşər seyrinə dardır bu fəzalər,
Daim arayır uçmaq üçün başqa səmalər.

Uçduqca uçar aşiqi-sirri-əzəliyyət,
İstər bilə bilsin ki, nədir şiveyi-fitrət.

Əfkardə minlərcə cahan durmada, amma –
Sərpənceyi-himmətlə olur kəşfi-müəmma.

Himmətdir edən daxili-imkan məhalı,
Bazuyi-hümam dəldi ciyərgahi-cibalı.

Qəsvətli ürəklər dəlinir dəsti-hüməmlə,
Boş dəmlə deyil, iş görülür zuri-qədəmlə.

Əqlami-hüməm nəşr qılır fikri-cədidi,
Davudi-hüməm mum ediyor qəlbi-hədidi.

Tilsimgəhi-dəhrin açarı–dəsti-məsa'i,
Miftahi-məsa'ilə olaq biz dəxi sa'i.

Minlərcə dəfain hələ ağuşi-xəfadə.
Bir xəndeyi-müzlim saçıyor ruyi-ibadə.

Dəryayi-xürüşani-sərairdə nələr var,
Sahilrəs edər onları mövc ursa gər əfkar.

Pirayeyi-ərşi xitabət olan bu dahiyeyi-ə'zəmin meydana qoyduğu həqiqətlərin kaffəsini təhrirə vaxt müsaid olmadığından naşi mabə'dini sonrakı məktubumla irsal edərəm. Ruhülqüds.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri