1

Derlər ki həqiqət acıdır, dadlıdır, amma,
Vardır bu böyük sözdə həlavətli bir iyma.

Bittəb deyildir acı şəhdabi-həqiqət,
Ləzzətlidir ərbabı üçün abi-həqiqət.

Əzvaqımıza nisbətən ol abi-müsəffa –
Can yandırıcı zəhrdir, əslən özü əhla.

Bir çeşmeyi-fəyyazdır, ayrılmış əzəldən,
Çirkabi-xürafatı yusun lövheyi-dildən.

Hər dil olamaz, olmadı məcrayi-həqiqət,
Ən ali gönüllərdir olan cayi-həqiqət.

Hər fikr olamaz, olmadı övrəngi-cəlali,
Hər ruh olamaz, olmadı mir'ati-cəmalı.

Hər hüsn olamaz, olmadı tabişgahi-ani,
Hər ləfzə hülul eyləyəməz ruhi-məani.

Hər cism deyil layiqi-ərvahi-lətifə,
Hər ləfz deyil zərfi-məaniyi-zərifə.

Var isə nəsibin azacıq nuri-zəkadən,
Dinlə bu sözü xameyi-ərbabi-dühadən:

Naz eyləyir ən ali xəyalətə bu afət,
Əfkari-səfilə nərədə, nərdə həqiqət?"

İştə bu sözü etməliyiz hafizəpira,
Mə'nayi-həqiqət nə böyükmüş, nə müəlla!

İndi sürəlim xaməni meydani-mərama,
İfraq edəlim fikrimizi şəkli-kəlamə.

Əshabi-ədəb başlayıb etdikdə hekayət –
Zərbülməsəl ilə edər ifhamına qeyrət.

Anlatmaq üçün biz dəxi məzmuni-dərunu,
İrad edəlim bir məsəli-fikrnümunu:

Getdikdə şita canlanıyor feyzi-təbii,
Xaki-siyəhi parladıyor nuri-rəbii.

Gül qönçədə xəndə, dönür afaq cinanə,
Sərbəst dodaqlar kimi quşlarda tərənə.

Güllər salıyor pərdəni rüxsarlarından,
Göz nur alıyor çöhreyi-nəvvarlarından.

Azad dəhənlər kimi arayişi-gülşən,
Yə'ni ki çiçəklər açılıb, bağçə rövşən.

Göydən tökülür feyzli fəvvareyi-ənvar,
Yerdən duyulur nəfxeyi-canpərvəri-əzhar.

Oyanar günəşin şə'şə'əsi məşcərələrlə,
Zərrin kəpənəklər necə kim məzhərələrlə.

Qayətdə xəfifanə əsən badi-baharı,
Təhziz edər, oxşar, öpüyor məzhərəzarı.

Quşlar, kəpənəklər ediyor şövq ilə pərvaz,
Bülbül oluyor eşq ilə, sevda ilə dəmsaz,

Sevdayi-vətənlə nasıl amalpərəstan –
Hər sübhü məsa çəkmədədir ah ilə əfğan.

2

Bir sövqi-təbiilə o mürğani-xoşəlhan
Ümmidi olan güllərə qarşı atıyor can.

Güldən gülə pək nəş'əli pərvaz ediyorlar,
Müzmər bulunan sözləri ibraz ediyorlar.

Bir gizli məkanda iki sevdazideyi-eşq,
Yekdigərinə sanki açır xatireyi-eşq.

Mə'şuquna aşiq edir e'lani-məhəbbət,
Yox hail olan, yar açıq, aşiq dəxi sərbəst.

İnsanları bədbəxt edən, ey pərdeyi-övham,
Odlara tutmuş, səhnəyə çıxsın o dilaram.

Madam ki, varsan, o həqiqət görünürmü?
Sən yanmasan, əndami-lətafət görünürmü?

Madam asılmış duruyor sitrəyi-əlfaz,
Əndami-məani olamaz şə'şə'əəndaz.

Ol pərdə deyildirmi qılıb millətı ə'ma?
Rəqqaseyi-hürriyyətə olmaz gözü bina.

Hürriyyət olan bağdə gül, bülbül – iki yar
Biz anlamayan ləhcəni onlar edir izhar.

Hər canlının öz növ'ünə məxsus lisanı –
Vardır ki, onunla açıyor razi-nihanı.

Əfkarını bildirməyə qadir olamaz lal,
Lal olmayalım, dillənəlim biz də bəhərhal.

Mürğan belə hifz etmədədir kəndi lisanın,
Məxsus dililə deyir əfkari-cənanın.

Yoxdur dilimiz fikrimizi etsin ifadə,
Quşdan geriyiz, vaəsəfa, bağı-fənadə!

Sərbəst qələmlər kimi övraqi-ədəbdə,
Pərvaz ediyor cümləsi əlhani-tərəb də.

Bir mürğ qədər, ey vətənim, olmadın abad,
Bir quş qədər, ey xaməciyim, olmadın azad.

Bir gül qədər olsun, dodağın olmadı xəndan,
Ey qönçeyi-xoşbuyü səfapərvəri-vicdan.

Zülmün küləyi əsdi də, soldurdu yanağın,
Ey vah ki, pamali-xəzan oldu da bağın!

Şəhbaz kimi, söyləməm, ülviyyətimiz yox,
Kuçik kəpənəkcə belə hürriyyətimiz yox.

Məhcub olacaq baxsa bizə ruyi-həqiqət,
Bu hali-rəzilanəyə heyrət, yenə heyrət!

Bu cəhlə, bu nadanlığa payan olamazmı?
Bu qövm, əcəba, haizi-ürfan olamazmı?

İnsanlığa bir ləkkeyi-ar olduq, a millət,
Eylərsə əcəbmi, Qladston bizə nifrət?

Ar eyləyirəm söyləməyə kəndimə insan,
İnsan sifətində görünür çünki müsəlman.

Zahirdə bu söz pək acıdır, təlxdir, amma –
Bu zəhrin içində duruyor bal kimi mə'na.

Dərman nə qədər təlx ola ol rütbə şəfadır,
İç, qorxma, o zəhri ki, verənlər hükəmadır.

İslahi-vücud etməyə iç zəhri-həqiqət,
Mə'nada odur şəhdi-şəfapərvəri-səhhət,

Dərlər ki, həqiqət acıdır, məğzini dərk et,
İnsanlığa gəl, təb'i-bəhimanəni tərk et.

Mən eyləyirəm bir, üç bu sözü təkrar:
Rüxsari-əfifi-bəşəriyyətdə biziz ar.

İffətli olan çöhrədə ar olmayalım gəl,
Fikri yuyalım nur ilə, tar olmayalım gəl!

Ziruh olalım, əhli-məzar olmayalım gəl,
Diz-diz sürünən şil kimi zar olmayalım gəl!

Bisayə çocuqlar kimi xar olmayalım gəl,
İzzətlənəlim, zillşüar olmayalım gəl!

Həmnöv'imizin duşuna bar olmayalım gəl,
Bu rəhgüzəri-ömrdə mar olmayalım gəl!

Şəkli-bəşəriyyətdə himar olmayalım gəl!
Payi-bəşərə batmağa car olmayalım gəl!
İnsanları yandırmağa nar olmayalım gəl!

İrşad edəriz millətı insanlığa daim,
Bəsdir, yetər artıq, ayılıb dursana, naim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri