Dünya üzünə gəldiyi hala neçə ildir,Yer, göy nasıl imiş, buna agah deyildir.

Parlaq günəşindən deyil agah səmanın,Gündüzləri də həp gecədir tifli-əmanın.

Bir cift işıqdan belə məhum bir bədbəxt,Dünya ona başdan-başa bir aləmi-zülmət.

Görməz ki, nədir şəm'i-ziyapərvəri-dünya,Dərpərdədir onca bütün aləmdəki əşya.

Görməz bu təravətli, lətafətli baharı,Fəhm eyləyəməz məzhəreyi-rəngnisarı.

Təmyiz edəməz hüsn ilə çirkinliyi əsla,Yoxdur gözü görsün ki, nədir ruyi-dilara.

Bilməz necədir ruhi-pədər, çöhreyi-xahər,Bədbəxt çocuq həsrəti-rüxsareyi-mədər.

Bir milləti-ə'ma da haman kudəkə bənzər,Görməz ki, nədir ərz həyatındakı fərlər.

Fəhm eyləyəməz çöhreyi-gülrəngi-həyatı,Bilməz ki, nədir rəng ilə ahəngi-həyatı.

Bu parlaq əvalimdə yaşar zülmətə məhkum,Görmək özü bir ne'mət ikən, ne'mətə məhrum.

Şəmsin, qəmərin nolduğunu bilməyəcəksən,Güllər güləcək, ah ki, sən gəlməyəcəksən!

Dərk etməyəcəksən şu işıq üzlü nəharı,Sən görməyəcəksən, a yazıq, rəngi-baharı.

Sən görməyəcəksən yerin üstündə nədir hur,Bir nimnigəhlə ediyor dilləri məshur.

Bir hur ki, can bəxş ediyor mürdədilanə,Tabi-rüxü fər vermədə əfsürdədilanə.

Sən görməyəcəksən yerin üstündə mələk var,Yox səndə onu görmək üçün dideyi-nəvvar.

İstərsən əgər görməyə cənnəti-həyatı,Korluqda keçirmək nəçin anati-həyatı?

İştə yaşamaq haqqına haizdir o kütlə –Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə.

Bundan belə dünya böyük ürfanlı ər istər,Sən də yaşamaq istər isən, bilgini göstər!

Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri