Tutmuşdu topun səsləri afaqü səmayı,Enməkdə idi yerlərə əhzari-şitayı.

Bir yanda od ilə dəmirin yağmuru vardı,Göydən yerə su, qarlara dönmüşdü, yağardı.

Dağlar, təpələr örtülü durmuşdu kəfəndə,Matəm səsi uçmaqda idi Karpat elində.

Top səsləri eylər kimi matəmləri e'lan,Ataşlə ölümdür bu yerə sahibi-fərman.

Bir məqbəri-barid kimi durmuşdu mühitat,Puşidə kəfənlər ediyordu bunu isbat.

Guya ki, soyuq məqbər içindəydi həyatım,Lakin yaşayırdı qələmimdə nəğəmatım.

Qanuni-mübinində yenə dəhri-kühənsal,Qış gəldiyiçün etmədədir qarını irsal.

Fərdayi-şitadə gülcəkdir yenə gülşən,Torpaq qucağı olsa da insanlara mədfən.

Qış, yay və bahar həm gedəcək, həm gələcəkdir,Güllər yenə əhmər dodağilə gülcəkdir.

Bülbül ötəcək, gül gülcək, parlayacaqdır,Ənhar axacaq, səslənəcək, çağlayacaqdır.

Ulduzla günəş, ay yenə arayişi-əflak,Əvvəlki yerində yenə də xaki-siyəhnak.

Göylər yenə üslubi-qədimində dirəxşan,Ulduzları həp şəm'eyi-ülviyyəti-taban.

Yoxluqdakılar göz yumulu xakın içində,Rüxsarı-kəvakib açıq əflakın içində.

Qaliça

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar