Mustafa Sübhi bərədərimə

1

İlk əvvəl olurlar hədəfi tiği-bəlanın,
Ən son bilinir qiyməti cümlə füzəlanın.
Duşizə əməl qisməti olmuş budalanın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

2

Nami dirilir, ölsə özü əhli-”rəha”nın,
Parlar sözü, söndükdə lisanı füsəhanın,
Ən sonda gəlir müştərisi “dürr”i-dəhanın,
Bəxt isə, həmaqət kimi: yarı büləhanın.
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

3

Əyriyi tutar, rastı atar dəsti zamanın,
Hər atdığı düz tir deyilmi şu kəmanın?
Ayinə tutur çöhrəsinə əhli-əmanın,
Ülviyyəti yerdən seçilirmi o səmanın?

Yüksəkliyini bilmədi, bilməz hükəmanın.
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

4

Daim içiyor abının əshabi-həyanın,
Artırmadadır əkməyini əhli-riyanın,
Zülmətlə boğur bəxtini ərbabi-ziyanın.
Ey dəhri-səfil, arifəmi xas ziyanın?
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

5

Xülyayə gömülmüş qalıyor adı vəfanın,
Amma ki, həqiqətdir özü zülmü cəfanın,
Cahillərədir meyli səadətlə səfanın,
Daim də gürizandır ümidi ürəfanın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

6

Ağuşi-əsafil yeridir sanki ğinanın,
Vicdani-əalidə yeri rəncü inanın,
Peymanələri dopdolu peymanşikənanın,
Əhli-dilə bax! Yoxsulu bir lövməcə nanın!
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

7

Qəmlər özü sərmayəsidir həp füqəranın,
Xuni-cigəri badəsi olmuş şüəranın.
Gündüz kimidir talei də “şəbgüzəranın”,
Pabəndi-bəladır dili azadəsəranın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.

15 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri