Rövşənayi-leyldə bir xərabəzarın mənzərəsi

Mehtab bir şəb idi, hava müşkbar idi,Afaqə nur axardı, səma ləm'əzar idi.

Azadeyi-küdurət idi səhni-asiman,Dahilərin xəyalı kimi tabdar idi.

Tabişgahi-həqiqət olan lövhi-kainat,Mir'ati-şə'ni-aliheyi-ruzgar idi.

Safiyyəti-fəzaya axanlar sanardı kim,Ayinədir fəza, qəmər əksi-nigar idi.

Bir tərzi-nəşvəzadə məsabihi-xəndəriz...Bilsən, ziyaları nə qədər dilşikar idi!

Bənzərdi asiman sədəfi-dürrpərvərə,Səyyarələr içində düri-şahvar idi.

Dəryayi-bihüdud idi çərxi-zümürrüdin,Könlüm misalı mövczənü biqərar idi.

Bəhri-zümürrüdində bu fəvvareyi-ziya,Yə'ni ki, mah aləmə pərtövnisar idi.

Ə'maqi-ruhdən gəliyordu həzin səda,İlhami-qeybə qarşı dilim guşdar idi.

Cəbrili-ruh, rəfrəfi-qüdsaşiyanənin –Tutmuş zimamın, əzmgahi bəzmi-yar idi.

Fikrim sarındı rəfrəfi-lahütmənzərə,Pərvaz qıldı məhşəri-əsrarpərvərə.

Seyr eylədim bu aləmi-balayi-vəhdəti,Zibi-nigahi-ibrətim əsrari-yar idi.

Gəzdi, dolaşdı rəfrəfi-ruhim cahanları,Məşhud olan sərair ilə nəş'ədar idi.

Birdən-birə göründü gözə bir xərabəzar,Görsən nə qəmli mənzərələr aşkar idi!

Kaşanələr yıxılmış idi, xanələr xərab,Sükkanının dərunu kimi tar-mar idi.

Əhli-vətən qünudeyi-xabi-giran həp,San mürdəgani-cəhlə vətən bir məzar idi.

Səs yox, sükutə dalmış idi növmpərvəran,Asari-ruh yox, vətənim səngzar idi.

Bir qaç səfil xanədə vardı sönük ziya,Bu külbələr ləbaləb əhli-qumar idi.

Əks eyləyən qulağa sədayi-kilab ilə –Avazi-nifrətavəri-əhli-xumar idi.

Bəngilərin, bu bir sürü ərbabi-qəflətinHali-səfalətilə gözüm giryəbar idi.

Gönlümdən atəşi-qəm olurdu şərarəpaş,Ağzımdakı bu şe'rlər atəşnisar idi:

Bir gülşəni-maarif idin, ah ey vətən!Nuri-fəzilət ilə ləyalın nəhar idi.

Şairlərin, o sevgili rəhbərlərin sənin –Xaqani idi, Seyyidü Bixud, Bahar idi.

Zinətfəzayi-məhdi-ədəb, əhli-mə'rifət –Kim, hər biri ədibi-fəzailşüar idi.

Bülbül yerində indi oturmuş idi zəğan,Bülbüllərin məzarda söylər: "vətən, vətən!.."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən