Tövbə-istiğfar
Məzhəkəli şe'rlər
Nədir bu qövğa dünyadə, eyvah?!
Məşrutə verdi yoxsa şəhənşah?!
Biz piri-mərdik, nadanü gümrah,
Bir səmtimiz qəbr, bir səmtimiz çah,
Əttövbə, tövbə, əstəğfürullah!
Xəlq oldu azad, getdi əsarət,
Övladi-millət tapdı şərafət,
Tiflanda vardır meyli-sənaət,
Parlar müsavat, doğmuş ədalət,
Hardan doğuldu bu bid'ət, eyvah!
Əttövbə, tövbə, əstağfürullah!
Zülmətpəsəndin yoxdur ziyası,
Dərki, kəmalı, əqli, zəkası,
Elmü ədəbdən boşdur qafası,
Alçaqdır, alçaq, yox e'tilası,
Axsaq eşşəkdir, heç getməyir rah,
Əttövbə, tövbə, əstəğfürullah!
Yaran, nədir bu qövğayi-ətfal,
Olmuş gavurlar mollayi-ətfal,
Şapka qoyubdur, eyvay, ətfal,
Çəkmə-qaloşdur dərpayi-ətfal,
Getdi şəriət, vallah, billah,
Əttövbə, tövbə, əstəğfürullah!
Biz ki, qocaldıq, dəndanımız yox,
Dişlərimiz olsa, yox nanımız, yox,
Şayəd verilsə nan, canımız yox,
Saqqal hənalı bir şanımız yox,
Gördükdə eylər ətfal qah-qah,
Əttövbə, tövbə, əstəğfürullah!
Bir-bir gedirlər cindarü rəmmal,
Səxriyyə oldu əfsungərü fal,
Düşdü kəsadə bazari-naqqal,
İş görmür artıq əmmaməvü şal,
Avarə – dərviş, bədbəxt – molla,
Əttövbə, tövbə, əstəğfürullah!
Olmuş çocuqlar babi-sərasər,
Kafər lisanın eylərlər əzbər,
Sevdikləri şey çərnil və dəftər,
Elmi-hesabə dildadədirlər,
Hər dəm müəllim der: bərəkallah!
Əttövbə, tövbə, əstəğfürullah!
Mollanümalar məğmum olublar,
Şanü şərəfdən məhrum olublar,
Dünya gözündə pək şum olublar,
Ləzzətli günlər mə'dum olublar,
Əldən çıxıbdır əmvalü tənxah,
Əttövbə, tövbə, əstəğfürullah!
Səf-səf düzülmüş tiflani-növxan –
Məktəblər içrə gül misli xəndan,
Canbəxş dildar, gülzari-irfan,
Mövhumlərdən qurtardı sibyan,
Biz də oxuyaq, gəl, “qülhüvəllah”,
Əttövbə, tövbə, əstəğfürullah!
Asari-piri bizdə əyandır,
Tövbə, inabə virdi-lisandır,
Bu tazə sözlər dinə ziyandır,
Bir firqə “əhmət” (!) məşrutiyandır.
Olmuş cavanlar mürtədü gümrah,
Əttövbə, tövbə, əstəğfürullah!
Açmış çiçəklər, ey kərbəlayı,
Saqqal, ət istər rəngi-hənayı,
Qayət gözəldir növkədxudayı,
Tutma nəzərdə fəqri, bəlayı,
Al bir gözəl qız, əlhökmülillah,
Əttövbə, tövbə, əstağfürullah!
İstər ədalət ərbabi-vicdan,
Məşrutədir həp ən şanlı canan,
Bu yolda xidmət–əhrar üçün şan,
İştə Süpəhdar – bir mərdi-meydan,
Azadə oldu əqvami-İran,
Əlhəmdülillah, əlhəmdülillah!
21 may
Kitabxana.az · https://kitabxana.az/works/hadi-tovbe-istigfar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qıldı, ey ahu, məni vəhşi qəzali gözlərin,Etdi səhragərdi-cənnət laübali gözlərin.
Gülbərgi-pərişanHəsəd ol millətə kim, aşiqi-həqiqətdir,Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir.
Gül, sevdiciyim, gül!Huri-hürriyyətə*Dil istər ibtisamını, gül, ey nigar, gül!
İsmət, yaxud Əfif olan zatların xəsailiKimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,Çaki-ismət eyləməz alicənaban nan üçün,
Başqa şairlərin şeirləri
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,