Səhifə 2 / 3 · 33%

Zərbəli. Yaxşı lətif piti var, küftə-bozbaş var, kəlləpaça var, kotlet var.

Hüseyn. Mənim üçün kəlləpaça gətir.

Və l i. Mənim üçün də.

Zərbəli. Baş üstə. (Gedir).

Süleyman daxil olub Salma nın yanında durur.

216

Süleyman. A balam, sən Salman deyilsən?

S a lma n. Dayan, bəs səndə Süleyman deyilsən?

Süleyman. Ay sənə Qurban olum, a Salman, bu neçə ildir haradasan? Bircə gəl öpüşək!

Qucaqlaşıb öpüşürlər.

S a lma n. Bir əyləş görək. (Yumruğu ilə stolu döyür.)

Zərbəli (mətbəxdən). Bu saat! (Daxil olub, iki qab kəlləpaça Hüseynlə Vəliyə verir. Sonra Salmanla Süleymanın yanına gəlir).

S a lma n. İki dənə piti gətir.

Zərbəli. Baş üstə (Gedir).

Salman (Süleymana). Bircə de görüm, bu neçə ildə harada idin? Heç səndən bir xəbər gəlmirdi.

Süleyman. Sibirdə dəmiryol podratına girmişdim. Bir neçə il yaxşı qazandım. Axırda işim əydi. Əlimdə olanın hamısı çıxdı, ancaq bir yol xərci düzəldib vətənə qayıtmışam. Sən harada idin, nə işdəsən?

Zərbəli pitiləri gətirib qoyur.

S a lma n. Çörəyimizi yeyək, gedək şəhər bağına. Mənim qəzavüqədərim çox uzundur. Orada nağıl edərəm.

Yeyirlər, ahəstə söhbət edirlər.

Mirzə Mahmud (hirsli qalxıb stolu bərk döyür.) Kababçı! Kababçı!

Zərbəli (daxil olub). Nə buyurursan?

Mirzə Mahmud. Bu saat xozeyni buraya göndər?

Zərbəli çıxır.

Həsən (daxil olub). A mirzə, nə olub belə qışqırırsan?

Mirzə Mahmud. Nə olacaq, yaxına gəl. (Həsən gəlir.) Bu nədir?

Həsən. Bir şey deyil, ətin damarıdır.

Mirzə Mahmud. Dürüst bax, bu, damardır, ya ki siçan quyruğu? Sən məni nə hesab eləyirsən? İndi mən düşünürəm ki, əhali arasında gündən-günə intişarı artan taunun, vəbanın, yatalağın və sair imrazi-misriyyənin səbəbi nədir. Hamısına bais sənin aşxanan tək mənbələrdir.

Həsən (üzünü qonaqlara tutur). A sizə Qurban olum, bircə məni başa salın görüm, bu nə deyir? Itəm əgər bunun bir sözünü anlayıramsa.

Mirzə Mahmud. Əlbəttə anlamazsan və anlamamağın da təbiidir. Siz loqantaçılar fəqət öz mənafeyi-şəxsiyyətinizi təqib etməkdəsiniz. Odur ki, mənafeyinizə aid olan bəyanatı anlamırsınız. Sən məni tanıyırsan, ya yox?

Həsən. Necə tanımıram. Mirzə Mahmudsan da!

Mirzə Mahmud. Bəli, Mirzə Mahmudam, necə Mirzə Mahmud? “İftira” cəridəsinin məşhur mühərriri. Mən, əlbəttə, gərək öz hifzisəhhəti üçün müqəyyəd olanları müttəle edəm. İştə, sabah “İftira”nın əvvəlinci səhifəsində yüz sətirdən ibarət bu sərlövhəli məqaləni oxuyursan: “Təxribi-mədəhayixəlayiq, yaxud kotlet içində siçan quyruğu”. O məqaləni oxuyanlar hamısı belə məbdəyi-imrazdan əlbəttə ictinab edərlər.

Həsən. Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun.

Mirzə Mahmud. Nə dedin? Sən mənim məsləkimi bir nahara satın almaq istəyirsən? Mən sənə o ixtiyarı heç vədə vermərəm.

Həsən (artistlərə). Ay ağalar, siz Allah, bunu bir tövr görün rəhmə gətirə bilərsinizmi?

Hüseyn. H ə s ə n dayı, buraya gəl. (Kənara çəkir.) Gör bir-iki manatın varmı, ver ağzı yumulsun. Həqiqət, gedib qəzetdə yazsa, gərək dükanını bağlayasan.

Həsən. Vallah, bir manat pulum var.

Hüseyn. Hər nədir ver, qəbul elər.

Həsən (gedib Mirzə Mahmudun ovcuna bir manat basır). Mirzə, təvəqqe edirəm, bunu da papirosa verəsən. Altı baş külfətim var, mənim evimi yıxma.

Mirzə Mahmud (pulu atır). Xam xəyal etmə, əzizim! Sən bunu bil ki, qəzet mühərriri, ələlxüsus “İftira” cəridəsinin mühərriri heç vədə öz əqidəsini və məsləkini cifeyi-dünyaya satmaz.

Vəli (manatı götürüb verir Mirzə Mahmuda). A kişi, füzulluq nə lazımdır? Yüz sətir yazıb bir manat alacaqsan, bu sənin bir manatın. Nahar da müftə düşdü, dahı nə istəyirsən?

Həsən (Salmanla Süleymana). Ay ağalar, siz Allah, siz də təvəqqe edin bəlkə mənə rəhmi gələ.

Salman, Süleyman və artistlər Mirzə Mahmudu əhatə edirlər.

Rza (Əhmədə). Aralıq qarışıq ikən mən əkilim, sən otur burada.

Əhməd. Əkil, eybi yoxdur.

Rza gedir.

Mirzə Mahmud. Bu dəfə səni bu şəxslərə bağışladım. Bundan sonra təbəxlərə dürüst diqqət edərsən. (Gedir.)

Həsən. Baş üstə, can üstə. Şükür Allaha, bir manat pul, yarım pors kotletlə qurtardım.

Qonaqlar qayıdıb yerlərində əyləşirlər. Əhməd stəkanı döyür,
Həsən ona tərəf gəlir.

Əhməd. Al. (Pul verir.)

Həsən (pula baxır). Nə verirsən?

Əhməd. Nə verəcəyəm?! Bir stəkan dişləmə çay içmişəm, elər bir qəpik, qəpiyini al.

Həsən. Bəs yoldaşın yeyən naharın pulu necə olsun?

Əhməd. Mən nə bilim necə olsun? Ona da ki, mən borclu deyiləm. Bir stəkan çay içmişəm, borcluyam pulunu verim.

Həsən. Bəs yoldaşın necə oldu?

Əhməd. Çıxdı. Dedi, bu saat qayırdıram. Qayıdar, pulunu alarsan.

(Gedir.)

Həsən (çağırır). Zərbəli! Zərbəli! (Zərbəli daxil olur.) A gədə, kor oğlu kor, qonaq durur gedir, xəbərin niyə olmur? Bir çıx gör burada çörək yeyən necə oldu. Cəld! (Zərbəli çıxır.) Ay camaat, bugünkü gün mən nə günah eləmişəm? Kim mənə qarğıyıb? Çörək yeyən qaçır, çörək yeyən qaçır. Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. (Zərbəli gəlir.) Necə oldu?

Zərbəli. Usta, getdim yolda ətəklədim, bir qapaz vurdu yıxıldım, mən durunca mindi konkaya qaçdı.

Həsən. Yerə soxum səni, qaradavoy çağıra bilmirdin? Yaxşı, get mətbəxə, ay tamam olan kimi səni iti qovan kimi qovacağam! Get.

Həsən və Zərbəli mətbəxə gedirlər.

Hüseyn (Vəliyə). Yedin, qurtardın?..

Və l i. Qurtardım.

Hüseyn. Di başla görək.

Vəli (öskürür). A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən.

Hüseyn. Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir?

Və l i. Mən anlamıram? Mən özüm tragik olmadım, nə olar. Mən başımın tükü sanı artistlər görmüşəm. Sənin tək dövr-əz həzərat artistin yüzünü çaya susuz aparıb qaytararam. Mazandaranskinin müqabilində sən heç bir milçək də deyilsən. Onun Frans fon Moor rolunda atasını boğmağı sənin cəmi oynamağına dəyər.

Hüseyn. Odur ki, heç zad anlamırsan da. Mən Mazandaranski tək adamla səhnəyə çıxmağı öz adıma layiq bilmirəm. Boynun ardından tutub şah damarı sıxmağa boğmaq deyərlər? Odur ki, qırx yaşın var, hələ prostaqsan.

Və l i. Hirslənmək lazım deyil.

Hüseyn. Necə hirslənməyim? Qanmayıb, danışıb bədənimə od qoyursan. Mazandaranski də artistdir, o da artistdir?

Həsən (yaxına gəlib). A başınıza dönüm, sizə nə olub dalaşırsınız?

Hüseyn. Heç bir adını artist qoyan, adamı dalda boğmaz. Adamı, bax, belə boğarlar. (Həsənin boğazından yapışıb boğur.)

Həsən (qışqırır). A başına dönüm, məni niyə öldürürsən? Ay boğuldum, ay öldüm, qoymayın. (Yıxılır.)

Hüseyn (Vəliyə). İndi görürsənmi, heyvan, necə boğmaq lazımdır ki, effekt olsun? Sənin Mazandaranskin mənim əlimə su tökməyə yaramaz.

Həsən (ayağa qalxır). Ay canım, məni niyə öldürürsünüz, mən nə günahın sahibiyəm?

Hüseyn. Bağışla, Həsən dayı. (Üzündən öpür.) Artist ki qızışdı, daha gözləri yeri-göyü görməz. Mən bu heyvan yoldaşıma səhnədə adam boğmağın qaydasını göstərirəm.

Həsən. Yoldaşına teatr qaydası göstərirsən, mənim boğazımın taqsırı nədir? Bəlkə mən öləydim?

Hüseyn. Ondan xatircəm ol. Artist adamı elə boğmaz ki, ölə. Mən ölüm bağışla. Elə səndən soruşacağam, Həsən dayı, heç teatra gedibsən?

Həsən. Bu il azından yüz dəfə.

Hüseyn. Afərin, Həsən dayı!

Həsən. Elə gün olub beş dəfə getmişəm.

Hüseyn. Neçə, beş dəfə? Teatra bir gündə bir dəfə gedirlər. Düşəndə bir-iki dəfə gedirlər, o da bayramda-zadda.

Həsən. Mənim yerimə sən olsaydın, gündə iyirmi beş dəfə gedərdin. Allah evlərini yıxsın rus oyunçularının. Məndən qırx-əlli manatlıq yeyinti aparmışdılar, gedib-gəlməkdən təngə gəldim. Axırda bir on iki manatım da qırıldı onlarda qaldı. Dedim, atalarının əti olsun, qoy aparsınlar.

Hüseyn. Bəs heç teatrın içinə girməyibsən?

Həsən. Teatrın içində mənim nə işim var? Kasıb babayam, mənim teatrım elə bu aşpazxanamdır. (Gedir.)

Və l i. Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Afərin sənin tək tragik artistə.

Hüseyn (qeyzlə). Vəli, buna namusa sataşmaq deyərlər. Artistin namusu hər namusa bənzəməz. Mən bunu qəbul eləyə bilmərəm. Gərək bu saat burada mənimlə duelə çıxasan. (Tapança çıxarır.) Bu dünyada gərək ya sən qalasan, ya mən. (Salmanla Süleymana) Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. (Vəliyə) Tapançanı çıxart!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri