Acından təbib
Şuşa və İrəvan arasında düşən bir qəzaya Zəngəzur qəzası deyirlər. Bu qəzanın çox yerləri dağlıq və əhalisi də kürdlərdir. Əhalinin peşəsi qaramal saxlayıb, yağ, pendir satıb onunla güzəran etməkdir. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ancaq dörd ay yollar şənlik olar. Aran tərəkəmələri qoyunlarını oraya, yaylağa apararlar. Alış-verişçilər dəstə-dəstə gedib kürdlərdən yağ, motal, yun... alıb, satış üçün Qarabağa gətirərlər. Kürdlər həmçinin gəlib şəhərdən özləri üçün qış tədarükü apararlar.
Kürdlər dünyadan uzaq bir yerdə yaşadıqlarından pula qiymət qoymazlar və pulun hesabın da bilməzlər. Xüsusən arvadları. Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza... və habelə şeylərə dəyişərlər... Odur ki, oraya yağ, pendir almağa gedən bir atı güzgü, üskük, ucuz üzük, saqqız və sair bu ənva şeyləri ilə yükləyib yola düşər və qayıdan vaxtı bir at yükü lətif, kəhrəba kimi yağ gətirər. Bu sətirləri tacirlərimizin ittilaı üçün yazıb keçirəm mətləbə. Bir gün may ayının ortalarında İki yoldaş – mən və Kərbəlayı Məhəmməd yağ almaq niyyəti ilə bir qədər çərçi malı götürüb Zəngəzur tərəfə rəvan olduq. Turşsu adlanan bir yerə çatdıqda aclıq bizə ilə verdi. O yan-bu yana baxıb ev qaraltısı da olsun görmədik. “Pənah pərvərdigara” deyib bir qədər də yol getdik. Zarıslı kəndinə çatanda gördük kəndin ətrafında tərəkəmə köçü düşüb. Köç tərəfə yeriş edib bir az çörəkdən, süddən istədik. Alaçığın qabağında istirahət ilə uzanmış bir oğlan başını qalxızıb dedi:
– Atam, keçin gedin! Heç zadımız yoxdur. Sizin kimi çərçinin gündə mini gəlib köçün yanından ötür. Hər birisinə bir kasa süd versək, gərək özümüz ac qalaq.
Bu halda bir qoca kişi əllərini o yan-bu yana sürtərək alaçıqdan çıxdı. Baxdım ki, kişinin gözləri kordur. Söhbəti dəyişib soruşdum:
– Əmi, çoxdanmı gözlərin tutulub?
– Bala, İki aydan bir az artıq olar!
Məlumdur, çılpaq tədbirli olar, xüsusən ki, qarnında tərs toy çalına. Kərbəlayı Məhəmmədi səslədim.
– Kərbəlayı Məhəmməd, sən həkimliyini burada işlətməyib harada işlədəcəksən? Bir gəl əminin gözlərinə bax.
Kərbəlayı Məhəmməd atdan düşüb qocanın müqabilində əyləşdi və mahir təbib kimi onun gözlərinə baxmağa başladı.
Cavan oğlan yerindən cəld sıçrayıb üzünü Kərbəlayı Məhəmmədə tutub dedi:
– Ay sənin başına dönüm, sən həkimsən?
Kərbəlayı Məhəmməddən qabaq mən cavab verdim:
– Bəli, çox adlı göz həkimidir. Belə həkim nəinki Firəngistanda, İranda da tapılmaz.
Oğlan kəmetinalığından dolayı bizdən üzr istəyib getdi alaçığa. Sonra alaçıqdan bir nəfər üzü örtülü gəlin çıxıb alaçığın yaxınlığında ocaq qalayıb su ilə dolu bir qara aftafanı qoydu ocağa. Məlum oldu, bizim üçün çay tədarükü görülür.
Həkim gəldiyini eşidib köç əhli tamam bizim başımıza cəm oldu. Kərbəlayı Məhəmməd diqqətlə qocanın gözlərinə baxıb dedi:
– Inşallah, tezlik ilə gözləri açılar; amma gərək bir qədər qara qoyun quyruğu olsun.
Cavan oğlan çobanı çağırıb buyurdu: bir qara erkək kəssin. Çoban getdi. Kərbəlayı Məhəmməd mənə dedi:
– Sən də get mən dediyim nəbatatdan cəm et gətir!
– Buyur!
– Get gətir: bir qədər giyahi-mahi, bir qədər bərgi-dirəxtani səbz, bir az türünci-qərğəb.
– Baş üstə, – deyib yüyürdüm səhraya və əlimə düşən ələfiyyatdan bir dəstə yığıb gətirdim. Kərbəlayı Məhəmməd mənə bir həvəng verib, buyurdu ki, ələfiyyatı bir parça quyuqla həll döyüm və bir qədər xurcundan saqqız çıxarıb atdı həvəngin içinə.
Əşya dürüst əziləndən sonra Kərbəlayı Məhəmməd onu bir parça bez üstə yaxıb yapışdırdı qocanın başına və tapşırdı ki, gözləri açılınca zamata əl vurmasınlar.
Qabaqca bizə çay verdilər. Üstündən qara qoyunun kababından doyunca yeyib bir şaqqa ət də yol azuqəsi götürüb atlara dəydik.
Yol uzunu Kərbəlayi Məhəmmədin həkimliyindən və mənim qoçaqlığımdan danışıb gülürdük.
Bu fəqərədən İki ay yarım keçdi. Kürdlərlə alış-verişimizi qurtarıb qayıdırdıq.
Yolumuz yenə haman yerdən düşdü. Yaxınlaşanda evin kənarında bir sürü qoyun və qoyunların yanında bir qoca kişi əli ağaclı durmuş gördük. Bu qoca bir müalicə etdiyimizə bənzəyirdi. Amma gözləri açıq idi. Qocanın gözlərinin açılmağına çox təəccüb etdik. Kərbəlayı Məhəmməd atını irəli sürüb dedi:
– Əmi, salaməleyküm! Şükür olsun Allaha, gözlərin açılıbdır.
Kişi başını qalxızdı:
– Oğul, kimsən?
– Mən sənin gözlərinə müalicə eləyən həkiməm.
Elə bil dünyanı qocaya verdilər:
– Atam sənə qurban, ay həkim, anam sənə qurban, ay həkim! Nə yaxşı mənim əlimə düşdün. Mən gecə-gündüz arzu edirdim ki, yolun bir də buraya düşə idi, xəcalətindən çıxa idim. Buyurun gedək evə!
Kərbəlayı Məhəmməd istədi getməsin. Qoca əl çəkməyib bizi apardı evinə və layiqincə qonaq elədi. Bir kök qoyun bağışladı və o gecə də evində qonaq saxladı.
Axşam camaat başımıza cəm oldu. Hər kəs bir növ ilə Kərbəlayı Məhəmmədin həkimliyini tərif eləyirdi. Kərbəlayı də özünü çəkib əyləşib, Iranda padşahın anasının gözlərinə müalicə etdiyindən danışırdı.
Mən də onun danışıqlarını təsdiq edirdim. Çox söhbətdən sonra qocanın oğlu dedi:
– Həkim, Allah sənin atana rəhmət eləsin, səni bu camaata çox görməsin! Sən ki, mənim atamın gözlərini sağaltdın. Amma bircə dərdimiz var. Atamın başına yapışdırdığın zamat qopmur. Necə eləyək?
Kişinin papağını götürəndə gördük saqqız layiqincə suvanıb başına və tükləri bezi deşib bir-bir çölə çıxıblar. Kərbəlayı isti su istəyib zamatı islatdı. Saqqız isti suda əriyib daha möhkəm yapışdı. Gördük ki, heç əlac yoxdur. Bez kişinin başından qopmayacaq. Kərbəlayı dedi:
– Bu dərmanın başında qalmağının əziyyəti yoxdur. Bir müddət qalar, sonra özü qopub düşəcək.
Hamıdan “Allah atanıza rəhmət eləsin” eşidib atlarımızı minib yola düşdük.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-acindan-tebib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
İki ilİki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.