Şeyx Şəban
Səhifə 1 / 3
– Şeyx Şəbanı siz tanıyırsınızmı?
– Xeyr!
– Heyf, sədd heyf. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilik edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı.
Deyəsən yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban “la hövlə və la qüvvətə” deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.
Şeyx Şəban gödək boylu, uzun saqqallı bir kişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi.
Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi Iranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki, müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən, həmçinin, Şeyx Şəban özünə korluq verməzdi.
Ilin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abiguşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi.
Şeyx Şəban belə Şeyx Şəban idi.
Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi; çünki yaxşı ruf tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı; boğaz basardı, nəinki şəhərdən, hətta ətraf kəndlərdən də boğazlarında çöp qalan uşaqları birbaş Gülsüm xalanın yanına gətirərdilər. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi; sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı.
Bir dəfə Şeyx Şəbanın çəpərinin yanından ötürdüm, gördüm həyətdə bir nəfər kişini uzadıb yerə, boğazına bir ip bağlayıb, ipin bir ucunu da ağaca bağlayıbdır. Uzananın yanında neçə nəfər şəxs və Gülsüm xala da, üzü örtülü, durubdur. Bir də gördüm kişilərdən İkisi uzananın ayaqlarından yapışıb gücləri gəldikcə dartırlar; bunun boynu belə şaqqıldadı, guya bir böyük ağac şaxı sındı. O saat ipi boğazından açdılar. Durdu ayağa, əlini cibinə salıb, sonra cibindən çıxardıb Gülsüm xalaya tərəf uzatdı. Bildim ki, pul verdi. Kişilər həyətdən çıxanda birinə yaxınlaşıb dedim:
– Bu nə keyfiyyətdir?
Dedi:
– Bu şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı.
Gülsüm xala da belə Gülsüm xala idi.
Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu İki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb, samavar hazır edərdi. Samavar qaynayan tək otağın ortasına çəhrayı rəng, hər İki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı.
– A kişi, daha durginən, azanın vaxtı keçir.
– Bu saat durram, çay hazırdırmı?
– Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram?
Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub dəstəmaz alıb, İki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecə yarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvə tək olardı. Özü də cavan oğlana bənzərdi.
Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib axırda peşəsini unudub bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa: toylarda, hamıdan yaxşı oynayan kim idi?
– Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? – Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan iyid sayılan kim idi? – Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? – Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm: – “Bəs Xoca Sərkizin ki, evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..”
Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi; bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə “Heydər!” – deyib başımı silkələyəndə birçəklərim ki, üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi.
Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu.
– Salaməleyk!
– Əleykəssalam! Mələk nənə, əyləş görək.
Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi:
– Qadan alım, məni neyləyirdin?
– Dincini al, danışarıq, deyəsən uzaqdan gəlirsən ki, belə yorulmusan?
– Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola?
– Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni həqiqət xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən.
– Gedərəm, ayağın altında ölüm, bəlkə vermədi?
– Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram?
Şəban burada dayanıb bir qədər fikir edib dedi:
– Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur... Xərclik də istəyirsənmi?
Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi:
– Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz.
– İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get.
Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb əziyyətlə qalxıb yola düşdü.
Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim, güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş Ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasbanlığı edən xoruzlar birbirlərinə oyaq olduqlarını xəbər verirdilər.
Bu gecə İki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də qarelər anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtixabına guya od dolmuşdu. Ilan vurmuş tək qıvrılıraçılırdı və vədə olunmuş fitə müntəzir idi.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-seyx-seban
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:
RöyaSaat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.
Keçmiş günlərQəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.
Uca dağ başındaUca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.
Başqa şairlərin şeirləri
Ey məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara