Səhifə 2 / 3 · 33%

Qarelər soruşarlar ki: – Axır Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüt etmişdi?

Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan, oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən qaçmazdı.

Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi:

– Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim!

Şəban qızarıb başını aşağı dİkib, bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü; amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi; amma o gündən ki, Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: – “Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm”.

Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündəngünə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl bilib ona əlindən gələn müalicəni edirdi. Şəban, ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib, ticarətə yapışacaq.

Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər İkisi dərin yuxuya qərqdirlər. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən İki qətrə yaş anasının sinəsinə düşdüsə də, oynamadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şüküftələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər.

Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdilər. Məşədi Məmmədvəli, əlində bir yekə ağac, qapıda durub deyirdi: “Gərək bu saat məni binamus edən qızı parçalayam”. İki nəfər şəxs onu güclə saxlayırdılar. Gülsüm bir küncdə üzü örtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi:

– Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək atan aparsın evinə!

Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi:

– Həqiqət belədir. Zorla qız aparmağın zakona görə böyük cəzası var.

Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi:

– Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur.

Gülsüm bu sözü eşidən tək səsini çıxardıb dedi:

– Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm.

Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən sivay bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib, Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki, özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib bir dükan açıb, başmaq dərisi alış-verişinə başladı və bir-İki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi:

– Sabah, axşam azanına İki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm.

– Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm. Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazı tək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: əlbəttə, beş gün tez, beş gün gec iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür qazı tək şəxsi özümdən rəncidəxatir edim?

Qazı məşədi ilə xudahafiz edib dedi:

– Məşədi, lumu (limon), mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun.

– Gözüm üstə, canım üstündə, istəyirsən xanəndə də gətirim.

Qazı bu sözə gülüb dedi:

– Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz!

– Müşərrəf, göz üstə gəldin.

Cümə axşamı, müəyyən vaxtda Məşədi Məmmədvəli samavarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samavarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi.

Bu əsnada qazı, İki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi:

– Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs görürsən gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun evinə girəndə, onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu çox qəbih əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar; bundan əlavə gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən; məsəldir: “Insan, övladının ətini yesə də sümüklərini çölə atmaz”.

Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər.

Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb bir-bir Məşədi Məmmədvəliyə əl verib, Allah sizin qohumluğunuzu başadək eləsin, deyib getdilər.

O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban, kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir padnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi.

Bu gündən qohumlar bila-məmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə iyid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb, birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib, qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: gərək bu saat naziri görüm, vacib ərzim var. Elə bil nazirin başından bir qab qaynar su tökdülər.

– Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər. Məgər polis qulluqçusu da insan tək dincələ bilməz? Hər kimdir, çağır gəlsin içəri!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmşəri pasportu

Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:

7 dəq
Röya

Saat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.

8 dəq
Keçmiş günlər

Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.

9 dəq
Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 dəq

Başqa şairlərin şeirləri