Əvvəlinci məclis
Səhifə 3 / 3 · 67%
Ağa Məhəmmədxan. Hər nə edəcəksən et. Yazılan yazılıb.
Mürtəzaquluxan. Səni bu halətdə görəndə mən yazılanı oxudum.
Mustafaxan. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın.
Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.
Qasid (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.
Mürtəzaquluxan. Oğlan, nə danışırsan?! Deginən bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.)
Mustafaxan. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (Tez çıxır.)
Ağa Məhəmmədxan. Pərvərdigara, səni öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.
Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.
Cəfərquluxan (sərkərdələrlə daxil olur). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adam tək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.
Ağa Məhəmmədxan (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin!
Cəfərquluxan. Rzaqulu xanı buraya gətirin. Rzaqulu xanı gətirirlər.
Ağa Məhəmmədxan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!
Rzaqulu xanı aparırlar.
Cəfərquluxan. Qardaş, buyur bu təllin üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.
Ağa Məhəmmədxan. Əlbəttə lazımdır. Gəl, qardaş, dalımca.
İkisi də çıxırlar təllin üstünə.
Cəfərquluxan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndialəmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağa Məhəmməd xana) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında İndiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olmayacaq.
Ağa Məhəmmədxan. Mərhəba, qardaş! Mərhəba!
Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.
Cəfərquluxan. Bunlar nə əsirdirlər?
Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik.
Cəfərquluxan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.
Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar.
Ağa Məhəmmədxan. Bəs mənim namərd qardaşım Mustafa xan?
Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununu məğlub olmağını eşidən tək atını minib o qaçandır qaçır. Deyirmiş ki, Rusiya torpağına qaçacağam.
Ağa Məhəmmədxan. Mən bu əsiri azad elədim açın qolunu. (Cəfərqulu xana) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazım deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmdarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüurun biridir. Lazımdır qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək.
Cəfərquluxan. Çox gözəl fikirdir. (Gülür.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə.
Ağa Məhəmmədxan. Gözüm üstə... Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə İndiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.
Çıxırlar təllin üstünə.
Cəfərquluxan. Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir.
Ağa Məhəmmədxan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, Maliki-bil-istiqlalikülli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranini müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parçaparça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram.
Cəfərquluxan (dizi üstə çökür). Qibleyi-aləm, əvvəl sənə beyət edən mən və məni istəyən qoşun!
Əliquluxan. Qardaş, səltənətin mübarək olsun!
Sərkərdələr (ucadan). Payəndə bad Ağa Məhəmməd şah Qacar! Qoşundan səs gəlir. Payəndə bad Ağa Məhəmməd şah Qacar!
Pərdə
Var olsun.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci şəkilKəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir*
İkinci pərdəDördüncü şəkilKənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla*
Vaveylaİki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*