Birinci şəkil
Şəhərin yavuqluğunda, dəniz kənarında bir kənd. Kənd meydançası. Bir dəstə məktəb
şagirdləri şeypur, baraban çalaraq, qabaqlarında müəllim, gəlib meydançada dayanırlar.
Qocakəndli (müəllimin yanına gələrək). Yoldaş müəllim, bu gün bayramdır, nədir? Bu uşaqları səyahətə çıxarıbsınız?
Müəllim. Yox, bayram deyil. Bu gün şəhərdən bir dəstə məktəb uşaqları buraya gəzməyə gələcəklər. Bizim uşaqlar da onların istiqbalına çıxıblar.
Qocakəndli. Yaxşı işdir gəlsinlər bizim kəndə də bələd olsunlar, görsünlər biz necə yaşayırıq.
Müəllim. Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Nə qədər olsa, iş bilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Onların da düşəndə bir kəndə gəlib kənd əhalisi ilə danışıb, onlara bilmədiklərini öyrətmək, elmin, sənayenin Şura ölkələrində nə dərəcədə tərəqqi etməsini andırmaq lazımdır.
Qocakəndli. Doğrudur, yoldaş müəllim. Bundan qabaq kəndlilər hamısı kor kimi idilər. Şura hökuməti gələndən bəri bir çox bilmədiyimiz şeyləri öyrənmişik. Bu kənddə az adamın atı, ulağı olardı. Hamımız şəhərə getmək lazım olanda piyada gedirdik. İndi isə dəmir yolu qapımızın ağzına çəkilibdir. Avtomobillər kəndlə şəhərin arasında işləyirlər. Bu saat da kənddə elə adam var ki, saqqalı ağarıb, amma şəhəri görməyib. İndi uşağın da, böyüyün də bir ayağı şəhərdədir. Gedirik, gəlirik, hər şeyi görürük, öyrənirik, gözümüz açılır. Çox yaxşı zəmanədir zəmanəmiz.
Müəllim. Şəhərin dövlətlilərinin hər birisinin burada yaylaq mənzili var idi. Milyonları boş-boşuna yelə verirdilər. Amma bu kəndə nəinki dəmir yolu, bir rahat araba yolu da qayıtdırmırdılar. Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında yolların düzgünlüyünə diqqət yetirdi. Odur ki, bu kəndə hətta dəmir yolu da çəkildi.
Qocakəndli. A sənə Qurban olum, dövlətlilərin hər birisinin özünün faytonu, avtomobili var idi. Hər biri öz canının rahətliyini axtarırdı. Kəndlinin qeydinə qalan yox idi. Deyirdilər: “Kəndlinin baldırı bərkdi, canı çıxar, piyada gedə bilər. Bir də, kəndlidir otursun yerində, əkinbiçininə, bağına-bostanına məşğul olsun. Onun şəhərdə nə işi var?”.
Müəllim. Elədir, dayı.
Üç-dörd nəfər kənd uşaqlarından: “Ada, qoymayın ha!.. Ada, qoymayın ha!” – deyə
qışqıraraq gəlib səhnədən yüyürərək keçirlər. Bir neçə cavan kəndli onların dalınca səhnəyə
daxil olub dayanır və iki əlini belinə qoymuş qəhqəhə ilə gülür.
Cavankəndli. Ha, ha, ha, ha!.. Ha, ha, ha, ha!.. Ora bax, ora!.. Pa atayın evinəcən!.. Zalım oğlunun satdığı parovoz kimi qaçır. Ha, ha, ha, ha!.. (Gülür.)
Müəllim. A Mirzəbala, nə olub? Niyə gülürsən?
Cavankəndli (barmağı ilə uzağı göstərir). Bir baxın, yoldaş müəllim. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. İt belə qaçır ki, dalından güllə atsan çatmaz.
Müəllim. Bu məgər gülməli işdir? Uşaqlarımızın tərbiyəsizliyinə ağlamaq lazımdır.
Cavankəndli. Nə olar ki, ay yoldaş müəllim, qoy uşaqlar bir az kef görsünlər.
Müəllim (məktəb uşaqlarının ikisini çağırır). Yüyürün o iti uşaqların əlindən alın. (Uşaqlar yüyürərək gedirlər. Cavan kəndliyə) Bilirsən, Mirzəbala, adını insan qoyan gərək heç bir heyvana əziyyət verməsin. Heyvanın da bizim kimi canı ağrıyır. Ancaq dillənib şikayət eləməyi bacarmır. Söz qarşısında söz gətirə bilməyənlərə, zor qarşısında zoru olmayanlara, dərdlərini, ağrılarını deməyə dilləri olmayanlara əziyyət vermək insanlıq sifətindən uzaqdır. Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. İtə, pişiyə və sair heyvanata əziyyət eləməsinlər. Cavanlar bizim köməkçilərimiz, bizim qeydlərimizi çəkənlərdir.
Qocakəndli. Yoldaş müəllim doğru deyir. Bizim canımız ağrıyan kimi, heyvanın da canı var.
Cavankəndli. Bağışla, yoldaş müəllim, anlamamışam. (Gedir. Məktəb uşaqları qayıdırlar.)
Uşaq. Yoldaş müəllim, itin quyruğundan vedrəni açdıq, buraxdıq getdi. İstədilər bizi döysünlər, qaçdıq.
Müəllim. Çox yaxşı, di gedin yerinizə.
Uşaqlar gedib yerlərində dayanırlar. Şeypur, baraban səsi eşidilir.
Mü əllim (şagirdlərə). Nizam!
Uşaqlar düzülürlər. Bir dəstə məktəb uşağı, qabaqlarında müəllim Mirzə Heydər,
daxil olurlar. İki dəstə bir-birinə qarışırlar. Müəllimlər görüşüb əl tutuşurlar.
Mirzə Heydər. Necəsiniz? Çoxdan görüşmürük. Heç şəhərə gəlmirsiniz.
Müəllim. Məgər tərpənməyə macal var? Gündüz uşaqlarla məşğulam, axşamlar da böyüklərə dərs verirəm. Istirahət günlərində də evdə oturub balalarımı başıma yığıb onlarla vaxt keçirirəm. Yainki camaat yığıncağında oturub keçmişdən, gələcəkdən, daxili və xarici vəziyyətdən söhbət edirik. Daha şəhərə gəlməyə macal qalmır.
Mirzə Heydər. Uşaqlar üçün yer hazırdır?
Müəllim. Əlbəttə, uşaqlar üçün məktəbin həyətində çay və yeyinti hazır edilibdir. Gecəni də məktəbdə qalacaqlar. Siz də mənim mənzilimdə rahat olarsınız.
Əm iraslan (Mirzə Heydərin yanına gəlir). Yoldaş müəllim, siz də, mənim yoldaşım Simon da bizim evdə mənzil edəcəksiniz.
Müəllim. Yox, müəllimin söhbəti müəllimlə tutar. Sizin evdə o, sıxıntı çəkər. Sən öz yoldaşını qonaq apar. Mirzə Heydər də mənimlə qalsın.
Əmiraslan. Yoldaş müəllim, xahiş edirəm mane olmayasınız. Atam mənə neçə dəfə tapşırıbdır ki, kəndə gələndə müəllimi də qonaq gətirim. İndi müəllim bizə qonaq getməsə mən atamın üzünə baxa bilməyəcəyəm. Atam da deyəcəkdir ki, müəllim elm oxumuş adamdır, kasıbları bəyənmir.
Mirzə Heydər (kənd müəlliminə). Doğrusu, bu söz məni tutdu. Mən şagirdimə qonaq gedəcəyəm.
Müəllim. Eybi yoxdur, mən də razıyam. (Üzünü uşaqlara döndərib komanda verir.) Nizam! (Uşaqlar düzəlirlər.) Sağa dön! (Uşaqlar dönürlər.) Addımla marş!
Uşaqlar gedirlər, müəllimlər də onların arxasınca.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-cox-gozel-birinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Beş məclisdə altı pərdədəƏfradi-məclis
Əvvəlinci məclisVaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır.*Birinciəcinnə**. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim.
İkinci məclisVaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə*xanımın qabağında.*
Üçüncü məclisVaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub,qabağındakı*beşiyi yürüyür.*