Əhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində
çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.

Mirzə Yusif. Bu gün sizin ev xərci həmişəkindən birə yüz artıqdır. Nə vaqe olub?

Məşədi Qulam. Nə işin var? Hesabını de. Bir neçə nəfər molla tələbə çağırmışam, atama Quran oxutduracağam.

Mirzə Yusif. Allah rəhmət eləsin.

Məşədi Qulam. Allah sənin də ölənlərinə rəhmət eləsin. Bir-bir de görüm.

Mirzə Yusif. Bir dənə toyuq üç manat.

Məşədi Qulam. Bu da üç manat toyuq. Evin dağılmasın, üç manata bütün dəniz kənarındakı evləri almaq olardı, içi cavahirat qarışıqlı... Sonra?..

Mirzə Yusif. Beş girvənkə sədri düyüsü beş manat.

Məşədi Qulam. Bu da beş manat.

Mirzə Yusif. İki girvənkə yağ səkkiz manat.

Məşədi Qulam. Allah evini yıxsın, baqqal tayfası, hər yerdə varsan. Bir neçə gün bundan qabaq getmişəm yağ almağa. Soruşdum girvənkəsi neçəyədir? Dedi üç manatdır. Dedim, balam, nə üçün belə baha? Dedi bu gün qızıl qalxıbdır. O səbəbdən yağ da qalxıbdır. Qızıl aşağı düşəndə getdim yağ almağa. Bu səfər beş manat dedi. Dedim, balam, qızıl ki düşüb, niyə belə yağ qalxıb? Dedi yağın işi başqadır. Dedim Allah insafınızı kəssin.

Mirzə Yusif. Səhər dükana kağız gətirən rus balasına verilib iki qızıl onluq. Bu da elər otuz altı manat.

Məşədi Qulam. Onu dəftərə yazma, poz getsin.

Mirzə Yusif. On da yumurta iki manat.

Məşədi Qulam. Bu da iki manat.

Mirzə Yusif. Axundovların mağazasından qənd gətirən hambala bir manat.

Məşədi Qulam. Bir manat hanı, zalım oğlu zalım? Vurub mənim pullarımı belə dağıdır. Atalarının malı deyil. Alnının tərini töküb qazanmayıb ki, qədrini də bilsin. Sabah inşallah o pirkeşiklərin hamısını qovacağam.

Mirzə Yusif. Məşədi, bu vaxta görə bir manat çox deyil. Bir girvənkə çörək verməyirlər.

Məşədi Qulam. Bir hambal deyil, hər işiniz belədir. Hər cümə axşamı beş-altı onluq xərc olur. Hətta üç manat, a kişi, dilənçi pulu hesabda göstərirsən.

Mirzə Yusif. Nə olar ki. Gündə yüz manat, səksən manat qazanmağıma bəs deməyirsən?

Məşədi Qulam. Yüz manatın da yeri var. Pulu havayı dağıtmaq olmaz.

Qapının dalından zümzümə səsi gəlir. Məşədi Ramazan daxil olur.

Məşədi Ramazan:

Pərişin türreyi-tərrar, gahi rast, gahi gəc,

Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc.

Məşədi Qulam. A Məşədi Ramazan, nə olub yenə kefin ərşiəlada seyr edir? (Mirzə Yusifə) Daha axşamdır, get, hesabı sabah çəkərik.

Məşədi Ramazan. Buralarda yaramaz yoxdur ki? (Ətrafa baxır.)

Məşədi Qulam. Arxayın ol, sözünü danış.

Məşədi Ramazan. Sən öl, iş var, nağıl özgədir. Bu gün cuhud qızı ilə barışmışam, ancaq bilmirəm evdə nə bəhanə eləyəcəyəm?

Məşədi Qulam. A kişi, bugünkü gün nə gözəl gündür! Allah ömrümüzdən hesab eləməsin.

Məşədi Ramazan. Necə, yoxsa sən də barışmısan?

Məşədi Qulam. Barışmısan da sözdür?! Bu gün özü mənə kağız göndərib. Amma necə kağız? Hər hərfi yüz milyona dəyər. Yazır ki, mənim sevgilim, Maşaduşkam. Pəh, pəh, pəh... Maşaduşka sənin bir cüt ala gözlərinə Qurban olsun. Yazır ki, mənim sevgilim, Maşaduşkam, bu gecə evdə bir qazan toyuqplov bişitdirib, gətir yanıma; əgər gətirdin, sənə bir cüt öpüş verəcəyəm; gətirməsən, daha gözümə görünmə. Necə yəni gətirmərəm?! Bu canımı toyuq edib plovun başına qoyub qulluğuna gətirrəm. Tapşırmışam, plov hazır olacaq. Ancaq, Məşədi Ramazan, bir əhvalat var. Plovu arvad hazırladı. Əbləh qızı elə biləcək ki, mən də evdə oturub, balalarımı başıma yığıb yeyəcəyəm. Ay hay. Şükür ha. Daha nə bilsin:

Şəkkəre Mazandaran, şəkkəre Hindistan,

Hər do şirinəst, kocavu, an koca.

Bir iş var ki, mən də sənin kökündəyəm. Bilmirəm plovu arvadın əlindən nə tövr alacağam, ay məşədi Ramazan? Heç bir plan tapa bilmirəm. Axı sən bir ağıllı kişisən. Eşq havası mənim gözümü örtüb, ağlım heç bir zad kəsmir.

Məşədi Ramazan. Məşədi Ramazanın evini Allah yıxsın. Ay kişi, keçəl dərman bilsə, öz başına çarə edər. (Fikirləşir.) Yavaş, yavaş, deyəsən tapmışam.

Məşədi Qulam. De, de, görüm, qoçağım.

Mə şədiRamazan. Deyilən Allah rəhmət eləsin.

Məşədi Qulam. Kimə?

Məşədi Ramazan. Sənin işin yoxdur, deyilən Allah rəhmət eləsin.

Məşədi Qulam. Axı kimə? Bəlkə heç rəhmətə layiq deyil?

Mə şədiRamazan. Belə məni əkib, adımı Ramazan qoyan ataya.

Məşədi Qulam. Allah rəhmət eləsin.

Məşədi Ramazan. Atam yadıma düşən kimi dərdimin əlacını tapdım.

Məşədi Qulam. De gəlsin, atam sənə Qurban.

Məşədi Ramazan (yavuqlaşır). Bax, arvadlara deyərik ki, gedirik axundun qulluğuna, qiraət öyrənməyə. Plovu da, deyərsən, aparıram axund ilə bərabər yeməyə, vəssalam.

Məşədi Qulam (bir az fikirdən sonra). Bəs elə isə İndi ağızağıza verib ağlaşsaq necə olar?

Mə şədiRamazan. Çox yaxşı olar, başla görək.

Məşədi Qulam. Evi yıxılan canım vay!

Məşədi Ramazan. Başına daş düşən canım vay!

Məşədi Qulam. Bütün ibadəti hədərə gedən canım vay!

Məşədi Ramazan. Cəhənnəmə təpəsi üstə salınan canım vay!

Məşədi Qulam. Cəhənnəmdə ilanlara, əqrəblərə, gürzələrə xörək olan canım vay!

Daldan səs eşidilir.

Məşədi Ramazan. İnkir-minkir toppuzu altında əzilən canım vay!

Məşədi Qulam (gedir qapıya). Arvad eşidib, əkil.

Məşədi Ramazan gedir.

Şahpəri (daxil olur). A kişi, nə olub belə ağız-ağıza verib mələşirsiniz?

Məşədi Qulam. Arvad, heç soruşma, atamızın evi yamanca yıxılıb. İndicə Məşədi Ramazan burada idi. Dedi ki, bu gün axundun yanında idim. Axund buyurub ki, hər kəs qiraətini bilməsə, min il ibadət edə, elə ona əyilibdüzəlmək qalacaq. Qiyamətdə onun ibadətinə bir qəpik verməyəcəklər. Bəs mən budur altmış ildir ibadət edirəm, Xorasana ziyarətə getmişəm. Bəs necə ola bilər ki, mənim bir belə ibadətim hədərə getsin? İndi Ramazan ayı yavuqlaşır. Əlacım yoxdur. Gərək gedib qiraətimi öyrənəm. Məşədi Ramazan deyir ki, hər gün otaqda otuz-qırx adam qiraət öyrənir.

Şahpəri. Plov bişib hazırdır, ye get, nə öyrənirsən öyrən.

Məşədi Qulam. Rəhmətliyin qızı, nə qoyub nə axtarırsan? Nə plov, nə dolma, nə fisincan, nə badımcan? Hamısı zəhrimar olsun. Heç zad yeməyəcəyəm. Hamısı zəhərdir. O plovu bir böyük qaba çək, təmiz qab olsun. Toyuğu qoy üstünə, bağla bir təmiz dəsmala, özümlə götürüb aparım axundun qulluğuna. Həm də orada qiraət öyrənim. Plovun qalanının üstünə bir-iki yumurta vur, ver uşaqlar yesin. Mənim boğazım tikilib, bu saat bir qaşıq su da getməz.

Şahpəri. Nə deyirəm, a kişi, sən deyən olsun. Novruz bayramından sonra bir dəfə toyuqplov bişib, o da belə. Eybi yoxdur.

Məşədi Qulam. Eybi yoxdur, arvad. Gələn cümə axşamı yenə toyuqplov bişirib uşaqlara verərsən. Get plovu çək, gətir bura.

Arvad gedir. Məşədi Qulam üst-başını düzəldənə kimi plov gəlir.

Şahpəri. Ala, apar. Məşədi Ramazanın qıçı sınsın, gəldi bu gün uşaqların çörəyinə mane oldu, haram elədi.

Məşədi Qulam. Elə mən də dedim. Dedim, rəhmətliyin oğlu, bu sözü sabah gəlib mənə xəbər edəydin. Bu gecə balalarım ilə rahat çörək yeyərdim. Boğazım, nə isə, arvad, töküldü (öskürür). Pərvərdigara, günahkar bəndənəm. Özün mənim günahımdan keç. (Gedir, bayırdan səsi gəlir.) Ada fayton!

Şahpəri gedərkən oğlu Cahangir gəlir.

Cahangir. Ana, atam bu vədə fayton ilə haraya getdi? Xeyirdirmi?

Şahpəri. Nə bilim, balam? Dedi gedirəm axundun yanına qiraət öyrənim.

Cahangir. Ha... ha... ha... Qiraət! Ay bədbəxt övrətlər.

Şahpəri. Necə? Yoxsa bir şey bilirsən?

Cahangir. Heç zad bilmirəm. Atam doğru deyir, qiraət öyrənməyə gedib. Çörəyimizi yeyək, sonra çarşabı salarsan başına, düşərsən yanıma. Səni bir baş aparram atamın yanına. Görərsən nə gözəl qiraət öyrənir. Gedək, bədbəxt atamın qiraəti var. Ha... ha... ha...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri