Məzmun
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Səhifə 19 / 25 · 72%

Mehdiyə adam göndərəm, gəlsin, bir baxsın. Ancaq qızın toyunu da uzatmaq lazım deyil.

Əndərundan çıxıb, nökərlərdən birini Mirzə Mehdi üçün göndərdi. Mirzə Mehdi gəlib qızın nəbzini əlinə alıb, sonra barmağını alnına qoyub, bir qədər fikrə gedəndən sonra dedi:

– Qızın mərəzi anlaşılmaz bir mərəzdir. Mən qırx beş ildir ki, təbiblik edirəm, belə bir mərəzə rast gəlməmişəm. Lazımdır, bir üç gün keçsin. Üç gündən sonra mən yenə gələrəm. Onadək xəstənin mərəzi anlaşılan bir tərzə keçər.

Həkimbaşı getdi. O, doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ancaq məhəbbət mərəzinə bir dərman tapmaqdan aciz idi.

Həkimbaşı gedəndən sonra Hacı Kamyab bir adam göndərib qardaşı İbrahimi yanına çağırdı. İbrahim haman saat durub, dükanını bağlayıb gəldi.

Hacı Kamyab İbrahimi otağına apardı.

– Əyləş, qardaş, – dedi.

İndiyədək qardaşından bu mehribançılığı görməmiş İbrahim, vəziyyətə çox təəccüb edib, qardaşının yanında dizi üstündə əyləşdi.

Hacı Kamyab dedi:

– İbrahim, mən səni bir işdən ötrü çağırmışam. Sənin oğlun Fərman qoçaq bir oğlandır. Onun bikar və avara gəzməyi, doğrusu, mənə toxunur. Nə qədər olsa, ona Hacı Kamyabın qardaşı oğlu deyirlər. Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Bu min tüməni də mənim tərəfimdən ona yetir. Degilən, əlində maya qayırsın. Əgər işində tərəqqi görsəm, ona yenə maya buraxaram. Mən onun düşməni deyiləm.

Həmişə onun yaxşı olmağını istəyirəm. Ancaq onun tay-tuşunu, boş gəzməyini görəndə ondan inciyirəm. Degilən ağlını başına cəm edib, kasıblığa məşğul olsun. Mənim də əlim həmişə onun üstündə olar. Daha deməsinlər ki, Hacı Kamyabın qardaşı oğlu avara gəzir.

Belə pulları cibində görməmiş İbrahim sevinə-sevinə evə gəlib oğlunu çağırdı.

– Bala, bu pulu, sənə əmin Hacı Kamyab göndərib. Bikar oturmaqdan fayda yoxdur. Özün üçün bir ticarət düzəlt. Həm əlin işdə olsun, bikar gəzməyəsən, həm ticarətlə məşğul olasan. Bir para fikirləri başından çıxar. Əmin deyir bundan sonra ona artıqlığınca maya verəcəyəm. Ancaq bikar gəzməsin.

Fərman pulu alıb bir qədər əlində dolandırdı. Sonra dedi:

– Ata, əmimin birdən-birə belə səxavət üstünə gəlməyinə səbəb nə olubdu? Bəs İndiyədək niyə bu pullardan verməyirdi? Yoxsa məni gözü İndi gördü? Ya yoxsa belə ənamlarla mənim ağzımı yummaq istəyir?

Al pulları, apar ver Hacı Kamyaba, degilən dövlətini azaltmasın, yaxşı olmaz!

Fərman bu sözləri ilə pulu atasının qabağına qoydu.

İbrahim yenə başladı nəsihəti:

– Ay bala, özün işimizin hər üzünü görürsən. Mənim bir balaca baqqal dükanım var ki, kökündən satsan, bu pulun üçdən biri ələ gəlməz.

Min tümən elə bir sənin kimi igidin mayasıdır. Əlində dolandır.

Bu şəhərdən mal al, o şəhərə apar. Oradan al, buraya gətir. Güzəranımızın necə çətinliklə keçməsini özün görürsən.

İbrahimin nəsihəti oğluna əsla təsir etmədi.

Oğlu dedi:

– Ata, mən sənə söz verirəm ki, sabahdan işləyib çalışmağa başlayacağam.

Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır; deyir, bir-İki il mənə məvaciblə qulluq elə, sonra səni özümə şərik elərəm. Əmimin sədəqəsinə möhtac olunca gedib Hacı Rəhmana qulluq elərəm. Hacı Kamyabın pulunu sabah aparıb özünə verərsən.

İbrahim, oğlunun inadını görüb daha bir söz demədi. Bir dərin ah çəkib pulları qoydu cibinə.


Azandan bir saat keçmişdi. İbrahimin qapısı döyüldü. Fərman qapını açıb, öz yaxın yoldaşlarından dörd nəfəri görüb çox şad oldu.

– Buyurun, buyurun, içəri gəlin.

Yoldaşlar otağa daxil olub, bir-bir Fərmana sual verməyə başladılar:

– Ay balam, bu neçə gündü harada qalıbsan? Heç görünmürsən. Fikir elədik ki, sənə bir naxoşluq üz verib. Şükür Allaha ki, sağ-salamatsan. Fərman yoldaşlarının gəlməklərindən çox məmnun olduğunu izhar etdikdən sonra dərdini söyləməyə başladı:

– Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb belə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm.

Mən heç vədə güman etməz idim ki, o məni qoyub qızını başqa bir adama verə. Xudayar xan dövlətlidir. Məgər əmimin dövləti ondan azdır? Əgər əmim dövlətinin Xudayar xanın oğluna qalmasını istəyirsə, aparsın versin ona. Amma mənim istəklimi əlimdən almasın. İndi nə mənim mümkünüm var ki, gedəm əmimlə danışam, nə də mənim atamda bu cürət var. Odur ki, gecələr yata bilmirəm. Yediyim çörək boğazımdan getmir. Məgər kasıb adamın ürəyində məhəbbət olmaz?

Yoldaşları ona təskinlik verməyə başladılar:

– Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Əmin, qızını sənə verməyib, Xudayar xanın oğluna verib, cəhənnəmə versin, gora versin. Biz də dedik ki, görəsən nə vaqe olub. Belə fikirləri başından boşla getsin. Şəhərdə sənin əmiyin qızından gözəl qızlar az deyil.

Yoldaşlarından birisi təskinlik verənin sözünü kəsdi:

– Qardaş, – dedi, – bu bir danışıq deyil ki, sən eləyirsən. Biz hamımız adımızı igid qoymuşuq. Əgər hər işi çətinə düşən yoldaşımızı belə boş nəsihətlərlə sakit edəcəyiksə, afərin olsun bizə! Yoldaşımız çətinə düşüb, kömək lazımdır. Biz onu öz istəklisinə yetirməsək, gərək papaqlarımızı itə verək.

– Axır, burada nə eləmək olar?

– Hər şey! Gedək, köməkli Hacı Kamyabın qızını götürək qaçaq.

– Hacı Kamyab kimi kişinin qızını götürüb qaçmaqmı olar?

– Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar. Ancaq qızın razılığı olsun. Buna da şəkk yoxdur. Pusqu qoyarıq. Qız hamama gedən vaxt yoldan ağzını başqa yerə döndərərik. Ancaq bir növ qızı pişəzvaxt xəbərdar eləmək lazımdır.

– İndi çətinlik burasındadır ki, kənardan bir şəxsin Hacı Kamyabın əndərununa yolu yoxdur.

Bu yerdə Fərman guya yuxudan ayıldı.

– Mən yol taparam, qızı xəbərdar elərəm.

– İndi ki elərsən, çox gözəl!

Fərman yenə dedi:

– Mənim adamım var, ancaq qızı kimin evinə aparmalı? Çünki şəhər əhlindən bir nəfər cürət edib Hacı Kamyabın qızını evində gizlətməz.

– Qızı birbaşa apararıq Hacı Mirzə Əhməd ağanın evinə. Göydən göy İmam enə, onun evindən qızı çıxarda bilməz və Hacı Kamyab da onun xahişlərinin qarşısında bir söz danışmağa cürət etməz.

Yoldaşlar hamısı bu tədbiri xoşladılar.

– Vaxta ki, Fərman qızı xəbərdar etməyə qadirdir, bizim sözümüz yoxdur.

Yoldaşlar bir qədər də kənar söhbətlər edib çay içib dağıldılar. Bunlar gedəndən sonra, fərman atasının otağına keçdi.

– Ata, bayaq sənə verdiyim min tüməni bura ver.

– Ay oğul, nə olub, yoxsa yoldaşların sənə nəsihət elədilər. Ağlın başına gəldi?

– Elə bir iş var.

İbrahim qalxıb, pulu gətirib oğluna verdi.

Fərman pulu alıb otağına getdi.


Sübh həkimbaşı Mirzə Mehdi evində əyləşib xəstələri qəbul edirdi. Içəri daxil olan Fərmanı görəndə təəccüb elədi. Fərman salamat, qüvvəli bir oğlan sayılırdı. Sifətində də heç mərəz nişanəsi görünmürdü.

Həkimbaşı ona yanında yer göstərdi.

– Gəl, gəl! Nə əcəb sən də mərizlər cümləsinə daxil olubsan? Gəl əyləş, görüm dərdin nədir?

Fərman ədəblə əyləşib dedi:

– Həkimbaşı, mənim dərdim böyük dərddir. Siz özünüz gərək dinməmiş biləsiniz. Sizə məlumdur ki, uşaqlıqdan əmim Hacı Kamyabın evində onun qızı Gövhərtacla bir yerdə böyümüşəm. Uşaqlıqdan biribirimizə yoldaşlıq məhəbbəti yetirmişik. Bu məhəbbət axırda özünün təbii yoluna düşdü. Biz bir-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genitdi. Bu da təbii idi. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi birbirimizdən ayırmayacaq. Və cəmi qohum-əqrəbanın da yəqini bunda idi. Hamı deyirdi: “Hacı Kamyabın dövlətinin həddi-hesabı yoxdur. Əlbəttə, o heç vaxt istəməz ki, bu dövlət kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını öz qardaşı oğluna verəcək: dövlət də yad adama qalmayacaqdır”. İndi Xudayar xana söz verib, hətta ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da o gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgər inki eşq.

– Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir?

– Həkimbaşı, bu yerdə siz mənə kömək verə biləcəksiniz.

– Mən nə kömək verə bilərəm?

– Siz Gövhərtacı müalicə edirsiniz. Hər gün onunla görüşürsünüz.

Mənim bircə sifarişimi ona yetirin.

– Nə sifariş? Degilən, yetirərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri