Xortdanın cəhənnəm məktubları
Məzmun
Səhifə 20 / 25 · 76%
– Allah sizdən razı olsun, həkimbaşı. Mən qət eləmişəm ki, bir neçə yoldaşlarımın köməyi ilə onu gecə aparım. Siz ona ancaq deyəsiniz ki, azandan bir saat keçmiş əndərunun qapısına çıxsın.
Həkimbaşı bu təklifdən bərk hiddətləndi:
– Bu nə növ təklifdir ki, mənə eləyirsən? Sən bu təklifin qəbahətini anlayırsanmı? Mənim boynuma atdığın vəzifəni düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir; amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və sənin əmin Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək get. Gör bir küpəgirən qarı tapa bilərsənmi; belə sifarişləri onunla göndərəsən.
Fərman başladı yalvarmağa:
– Həkimbaşı, siz görürsünüz ki, mən cavanam. Bu saat başıma hava vurub, danışdığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərəzlərə dərman edirsiniz. Vaxta ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü siz necə qəbul etməyirsiniz? Mənə rəhm edin, həkimbaşı. Bu xırdaca töhfəni də məndən qəbul edin. Fərman bu sözü ilə atasından aldığı min tüməni də həkimbaşının qabağına qoydu.
Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi.
– Oğul, bu pul nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki, bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır.
– Yox, həkimbaşı, təvəqqe edirəm, qəbul edəsiniz. Bu xırdaca töhfə mənim mərəzimi müalicə etməyinizin həqqi-zəhməti olsun.
Həkimbaşı sifarişi Gövhərtaca yetirməyi qəbul etdi və söz yox ki, “xırdaca töhfəni”də cibinə ötürdü.
Həkimbaşı Gövhərtacla görüşüb əndərundan çıxdı və qapıda Hacı Kamyaba rast gəldi.
– Həkimbaşı, qızın mərəzini tapa bildinizmi?
– Gözəlcəsinə tapdım. Bu gün, olsun ki, ayağa duracaq.
Həkimbaşı gedəndən sonra hacı içəri daxil olub qızında başqa halət gördü. Qız durub libasını geyinib, şad və gülər üzlə əyləşmişdi. Atasını görən tək durub qabağına yeridi.
– Sabahın xeyir olsun, ata! Həkimbaşı bu gün mənə bir gözəl dərman verdi. Içən tək cəmi mərəzlərim rəf oldu. İndi daha heç bir ağrıyan yerim yoxdur. Özüm də bilmərrə salamatam.
Hacı Kamyab sevinmiş gedib arvadına xəbər verdi. Arvad da o saat durub qızının yanına yüyürdü. Qızını sağ və salamat görüb dedi:
– Yox, bu dərman işi deyil. Dünən mən gedib İmamzadada şam yandırdım.
İmamzada mənim qızıma kömək elədi. Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz.
Qız gülərək anasının sözünü təsdiq etdi.
Bir qədər bizim məmləkətimizin İmamzadalarından sizə söyləyim, eyib eləməz. Sonra mətləbə keçərik.
– Buyurun, odabaşı.
– Bizim məmləkətdə bir kənd və bir şəhər tapa bilməzsiniz ki, orada bir neçə İmamzada olmasın. Bir balaca, on min əhalidən ibarət olan şəhərdə on altı İmamzada var. Hansı bir şəhərə gedib xəbər alsanız ki, İmamzada haradadır, fövrən bir İmamzada yox, neçəsini göstərəcəklər.
Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Bu səbəbdən də hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi.
Xalq islamı qılınc zoruna qəbul edəndən sonra da öz ata-baba dinindən əl çəkmək istəməyib və atəşgədələri əldə saxlamaq üçün hər brinə bir İmamzada adı qoyublar.
Qədim dinin asarı İndi də durur. Məsələn, indi də eşidə bilərsiniz:
“O görükən Aya and olsun”; ya “bu çırağa and olsun”; ya “bu yanan ocağa and olsun”; ya “o günə and olsun” və i.a.
Hətta camaat keçmiş atəşpərəstlik ayinini İndi də Məşhəddə İmam Rzanın başının üstündə icra edir.
Qədim zaman gün çıxanda onu şeypur, təbil və sinclə istiqbal edirdilər. Həmçinin gün batanda da onu habelə müşayiət edirdilər. Halhazırda bu oyun İmam Rza məscidinin minarəsində çıxır. Hər gün minarənin başında sinc, təbil və şeypurla günü istiqbal və müşayiət edirlər.
Bir qədər şəhərlərimizdən söyləyim:
Bizim vətənin şəhərinə yaxınlaşanda böyük bir hasar və darvaza görəcəksiniz. Darvazalar gecələr bağlanır və sübhdən axşamadək açıqdır. Şəhərə daxil olanda qabaqca bir böyük meydan görəcəksiniz ki, ona ərk deyirlər. Bu meydana neçə ədəd şah Təhmasibdən qalmış toplar qoyublar və topların içində göyərçinlər yuva tİkiblər. Şəhərin ortasında bir meydança görəcəksiniz ki, adına “Səbzi meydan” deyirlər. Bunu güldən, çiçəkdən və ağacdan da görmək olur. Bu meydan əhalinin səyahət yeridir. Şəhərlərin küçələri İki cərgə quru divardan ibarətdir. Nə bir pəncərə, nə bir balkon küçəyə baxmaz. Əgər bunlar evlərin birində tapılsa, yəqin bilərsiniz ki, xarici evidir. Divarlarda xırdaca dəriçələr var. Hər qapıdan bir çəkic asılıb. Çəkiclə dəqqülbab edirsən. Elə ki qapı açıldı, daxıl olursunuz bir dəhlizə.
Dəhlizin bir qapısı sağa və o birisi soladır. Kişilər qapıların birindən “birun”a keçir, qadınları o biri qapıdan “əndərun”a buraxırlar. Əndəruna ya biruna daxil olanda hər tərəfdə bir behişt görürsünüz. Burada hər bir sahibxana öz səliqəsini göstərir. Fəvvarələr, hovuzlar, dünyanın hər bir yerindən toxumu, ya ağacı gətirilmiş güllər, qəfəslərdə cürbəcür oxuyan quşlar, ağacların arasında tovuzlar rəngarəng qanadlarını açmış gəzinməkdədir. Xülasə, belə bir bağçaya girən daha bir də oradan çıxmaq istəməz. Əndərun bağçasında qadınlar və birunda kişilər rahat, asudə gəzib vaxt keçirirlər.
Qadınlar yəqin bilirlər ki, bir nəfər naməhrəm nə onların üzlərini görə bilər və nə səslərini eşidər. Odur ki, orada hər növ libas geymək, hətta libassız da gəzmək caizdir. Çox vaxt qadınlar libaslarını çıxardıb hovuzda çimirlər. Ev sahiblərindən savay bir nəfərin əndəruna girməyə ixtiyarı yoxdur.
Belə bir ev də Hacı Kamyabın var idi. Onun bağçasının tərifi dillərdə söylənirdi. Hətta Xudayar xan kimi şəxs də onun bağçasına bənd olmuşdu.
Axşam Gövhərtac əndərun bağçasına səyahətə çıxdı. Gündüzdən anasından bir qədər cavahirat da alıb özünə zinət vurmuşdu. Bağçada ürəyi döyünərək dolanıb vəd olunmuş saatı gözləyirdi. Ata və anası onun salamatlığa çıxıb bağçada gəzməyindən daha şad olub, heç bir bəd güman etməyirdilər.
Müəyyən vaxtda küçə qapısı üç dəfə vuruldu. Nökər gəlincə Gövhərtac özünü dəhlizə atıb qapını açdı. Əmioğlusu yoldaşları ilə bahəm durmuşdular.
Əlini Fərmanın əlinə verib cəld getdi. Yatmaq vaxtı yaxınlaşanda, Hacı Kamyabın arvadı, qızını yatmağa çağırmaq üçün bağçaya çıxdı.
– Ay qız, Gövhərtac, yatmaq vaxtıdır, yorğan-döşəkdən təzəcə durubsan,
soyuq dəyər.
Anası hərçi səslədi, Gövhərtacdan cavab gəlmədi. Bağçanı başdanbaşa gəzib qızını tapmadı. Müztərib halətdə qayıdıb qızının itməyinin xəbərini ərinə yetirdi.
Hacı Kamyab namazını qurtarıb yatmaq istəyirdi. Xəbəri eşidən kimi nökərlərin hamısını ayağa qalxızdı. Qızın Fərmanla qaçdığını yəqin edib, birbaş qardaşı İbrahimin evinə getdi.
İbrahim qapının döyülməsini eşidib, soyuncaq gedib açıb, Hacı Kamyabı görəndə təəccüb etdi.
– Qardaş, bu gecə vaxtı xeyirdirmi? Sən ki, gündüz də mənim evimə gəlməzsən. İndi nə vaqe olubdur?
– De görüm oğlun Fərman haradadır?
– Fərman azan vaxtı yoldaşları ilə getdi. Qapı döyüləndə də mən güman etdim ki, gələn odur.
– Hara getdiyindən sənə bir söz demədimi?
– Xeyr. Mən onun hara gedib-gəldiyini soruşmaram. Öz kefinə bir adamdır. Haraya kefi istəsə gedir.
– Mənim qızım da evdən qaçıb. Yəqin Fərman harada isə qızım da oradadır. Məlun bihəya, binamus! Mən onu döşümə çəkib, əlinə maya verib adam eləmək istəyirəm, amma o məni rusvayi-cahan eləyir. Mən Xudayar xana nə cavab verim? Xudayar xan aləmi tar-mar edəcək.
Hacı Kamyab söylənərək getdi. O gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi.
Sabahı günü şəhərin hər yerinə, həmçinin, ətraf kəndlərə adam saldırıb qızının, ya Fərmanın yerini öyrənib xəbər gətirənə beş min tümən ənam vəd elədi.
Bu xəbəri eşidib, şəhərin tamam bikarları, avaraları casus donuna girib, itənləri axtarmağa məşğul oldular.
Neçə gün ciddi axtarış getdisə də bir səmərə hasil olmadı.
Axşam Hacı Mirzə Əhməd ağanın evində neçə nəfər əyan əyləşib ağa ilə söhbət edirdilər.
Pişxidmət daxil olub işarə ilə ağanı çağırdı.
Ağa çıxdı:
– Nə var, nə xəbərdir?
– Bir xəbər yoxdur, bir nəfər oğlan bir qızla sizin himayənizə qaçıblar.
– Qızı göndər əndəruna, oğlana mənzil ver əyləşsin. Qonaqlar gedəndən sonra tədbir elərəm.
Pişxidmət “bə çeşm” deyib getdi. Ağa da qayıtdı qonaqların yanına.
Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun evinə girməyi özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü eymən hesab edərdi.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.