Səhifə 2 / 2 · 50%

Gülpəri. Niyə başa düşmədim, a başına dönüm? Mirzə Heydər. Bax, dəyişik salmayasan, hər birin öz yerinə qoy.

Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki. Mirzə Heydər. Di get.

Gülpəri istəyir getsin.

Hacı Mehdi. Amma, Gülpəri, bax, dəxi mən demirəm nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə.

Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağarıb. Əlli min tülkü fəndi bilirəm, hamısını salaram işə. Ancaq bizim gədəni bir tövr qoy.

Hacı Mehdi. Sən arxayın ol. Ancaq sən işi düzəlt, hamısı asandır. (Gülpəri gedir.) İndi, mirzə, sənin dualarının təsirini görək.

Mirzə Heydər. Hacı, siz heç mənim dualarıma şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman Ələyhüssəlamın dualarıdır. Çox mücərrəb dualardır. Mənim mərhum atam, Allah ölənlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı dönərdi xan, bəy qapısına. Arvad, uşaq sübhdən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə əlac edirdi. Birisi gəlirdi: molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çətinə düşüb. Görürdün bir dua yazdı verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayır. Gəlirdi atamın yanına: molla, başına dönüm, mənə bir əlac elə. Atam rəhmətlik döşün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı (əlilə göstərir), bir ildən sonra görürdün bir xələt götürüb gəlib, razılıq eləyir ki, molla, Allah sənin atana rəhmət eləsin, bu uşaq sənin duanın bərəkətindən olub. Mənim rəhmətlik atam az adamın fəryadına yetməyib. Cəmi aləm ona rəhmət oxuyur. Birisi dara düşəndə görürsən deyir, ax, Allah sənə rəhmət eləsin, ay Molla Zaman, mağul xalqın dadına yetirdin.

Hacı Mehdi. Tanıyıram, ay mirzə!

Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağçuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizing kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm.

Hacı Mehdi. Bilirəm nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki, sənin məramındı. Ala, qabaqca sənə bir az xərclik verim, apar ver ətə-zada. (Əlini salır cibinə, istəyir pul versin. Bu halda Hacı Mehdinin qardaşı Ələsgər daxil olur.)

Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan nədir? Saqqalının ağ vaxtında bu nə işdir tutursan? Ağlın başından çıxıbdır, nədir? (Üzünü tutur Mirzə Heydərə) A kişi, sənin burada nə işin var? Çıxıb getsənə göbək yazmağın dalınca! Adam tapmayırsan başına ip salıb oynatmağa! Dur buradan, xəbis!

Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağİran var ki, gəlmişəm də!

Ələsgər. Çox danışıb səni bura çağİran, səninlə belə! Dur buradan!

Mirzə istəyir dursun.

Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (Üzünü tutur Ələsgərə) Balam, dəli olmayıbsan ki? Utanmırsan, özündən böyük qardaşının bir hörmətini saxla. Ağlın başından çıxıb, nədir? Bir de görüm nə deyirsən? Mən sənin bu çığırmağında heç bir şey başa düşə bilmirəm.

Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib.

Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən?

Ələsgər. Bircə de görüm Gülpəri qarı burada nə qayırırdı?

Hacı Mehdi. Sənin nə borcundur nə qayırırdı? Gülpəri bir qarıdır, həmişə buralara gələr-gedər, genə gəlmişdi.

Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax, bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyarlar dəli. İndi, qardaş, sən osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasıb qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağın var. Dəxi bu nə işdir?

Hacı Mehdi. A gədə, sən mənə ağıl öyrətmə, mən öz işimi yaxşı bilirəm. Sən get bazara çərçiliyini elə. Sənin mənim işimə qarışmağın nahaqdır.

Ələsgər. Qardaş, sən mənim çərçiliyimə rişxənd edirsən, heç eybi yoxdur. Amma bir vaxt olar, mən də gəlib deyərəm: qardaş, kefin necədir? O vaxt qorxuram başını yuxarı götürə bilməyəsən. (Mirzəyə) Allah sənin evini yıxsın, sən bu biçarəni yoldan çıxarmısan. Bu saat sənin ciyərini çıxardaram. Amma genə böyük qardaş yanında həya eyləyirəm. Əgər bayıra çıxarsan, mən billəm nə elərəm. And olsun Allaha, sənin başına bir oyun gətirəcəm ki, anadan əmdiyin süd burnundan gəlsin.

Mirzə Heydər. Ay başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə el anasıyam, sən çağırırsan sənin işini görürəm, o çağırır onun, bu çağırır bunun işini görürəm.

Ələsgər. Az danış, biiman. Dur buradan sağ-salamat, əlim sənə dəyməmiş çıx bayıra. Yoxsa səni bir el anası qayıraram ki, gəldiyin yolu azarsan, müftəxor!

Hacı Mehdi. Ay qardaş, sənə bayaq dedim ki, get, çərçilik ilə, istiot, zəncəfil sat. (Mirzəyə) Mirzə, sən buna qulaq asma, dəlidir bu...

Mirzə Heydər. Ay başına dönüm, elə ondan qorxuram ki, küçədəzadda məni biabır eləyə, yoxsa mən bilirəm ki, bu...

Ələsgər. Qardaş, İndi sənin beynin qızıbdır, özünü itiribsən. Amma, bax, bir sözdü sənə deyib gedirəm, yadında saxla. Elə ki ikinci arvadı alıb gətirdin, bir gün olar hərəsi bir tərəfdən ağızlarını açıb ac qurd kimi səni yeyərlər, sonra düşərsən məndən pis günə. İndi mən gedirəm. Sən bu mirzə Heydər imansızla nə qayıracaqsınız qayırın, amma yeyərsən qaz ətini, görərsən ləzzətini. (Gedir.)

Hacı Mehdi. Dəxi çox boş danışma, get, get. (Mirzəyə) A kişi, dəli əlinə düşmüşəm də. Gündə gəlir çığırır, bağırır, gedir.

Mirzə Heydər. Hacı, sən elə ona tapşır ki, mənə küçədə-zadda bir söz deməsin. Yoxsa mənim bir az camaat içində hörmətim var, onu da tökər yerə, sonra biabır ollam.

Hacı Mehdi. Arxayın ol, mirzə. Mən ona qulaqburması verrəm... Hə, yaxşı yadıma düşdü. Ala, bir az sənə cibxərcliyi verim. Allah qoysa, elə ki iş düzəldi, sənə bir yaxşı xələt verəcəyəm. (Pulu verir.)

Mirzə Heydər (pulu alır). Evin abad olsun, hacı. Allah oğlanlarını saxlasın. Mən də gedim, axşamdır, bazara, bir az ətdən-zaddan alım aparım evə, qulbeçələr üçün. Xudahafiz.

Hacı Mehdi. Xudahafiz, mirzə, xoş gəldin, bağışla, sizə zəhmət verdim.

Mirzə Heydər. Xeyr, hacı ağa, mən həmişə sizin nökərinizəm. (Gedir.)

Hacı Mehdi (tək). Çox yaxşı. İndi görək iş necə olacaq? Elə ki mirzə öz dualarını tərif edirdi, dəxi lap yəqin düzələcək. Gülpəri də öz işində mahirdir. Ümid hər ikisinə var. (Nökəri çağırır.) Ay gədə, Qiyas! Qiyas! (Nökər daxil olur). Gəl qalyanı apar suyunu dəyiş, bir yaxşı doldur, gətir. (Nökər qalyanı götürüb gedir.) Amma gərək arvad isti sudan gələnə kimi işi tamam eyləyim, gəlib görsün iş-işdən keçib, məgər bir az qeylü-qal eylər, oturar yerində. Elə ki bir az çox danışdı, o tatarı, o onun canı. Bir-iki vurram, səsini kəsər.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri