Azadlıq yolunun yolçusuyam mən
Azadlıq yolunun yolçusuyam mən,Səninçün ağ günlər gəzirəm, VətənDünyanı gəzsəm də mən qarış-qarış,Yenə səninləyəm, səninlə, bilsən.
Ayağım altında sənin torpağın,Başımın üstündə sənin göyün var.Könlümdə, ruhumda sənin növrağın,Qəlbimi tərk etməz tanış arzular.
Hər gündə sinənə bir yara dəyir,Sıxır ürəyimi qəm dalğaları,Qəlbimi qurd kimi əzablar yeyir,Gəzirəm səninçün ölməz baharı.
Mən tufan, fırtına axtarıram, bax,Ürəyim nə vaxtdır intizardadır.Çağırır hər zaman məni o torpaq,Qəlbimin gözləri o diyardadır!
Deyirlər ağ günlər çəkər insanı,İnsan səadətin sorağındadır.Hanı o torpaqda ağ günlər, hanı?Əsarət vətənin torpağındadır.
Gecə də, gündüz də gözləyir ürək,Yormuşdur qəlbimi tənhalıq artıq.Mən tufan gəzirəm, o tufan ki, tək,Versin ürəyimə mənim rahatlıq.
Mən elə bir tufan gəzirəm ondan,Bir anda çaxnaşsın səmanın üzü.Elə bir tufan ki, qurtarmasından,Bulaq tək durulsun qəlbimin gözü...
Ey gözəl torpağım, ey gözəl Vətən!Azadlıq dünyası quracağam mənSənin torpağında öz əllərimlə,Sənə həyat verən əməllərimlə.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-azadliq-yolunun-yolcusuyam-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir