Qaçağı el saxlar
Qaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.Gül vəcdə gətirər bülbülü hər vaxt,Bülbülü gülşəndə gülü saxlayar.
Ocağım o tayda el ocağıydı,Dayağım əyilməz el dayağıydı.Demə ki, küllüyə tökərlər külü,Ocağın odunu külü saxlayar.
Eşitsin səsimi bir daha ellər,Zəfər birlikdədir, birliklə zəfər.Birləşsin ayrılan, qırılan əllər.Dağlar əl tutuşsa, seli saxlayar.
Qeyrət qalasıdır elim, dünyada,Dillərin tacıdır dilim, dünyada,Qeyrət, qəhrəmanlıq bir yana dursun,Xalqın varlığını dili saxlayar.
İnsan əməliylə bəzənir cahan,Bir söz kəsərlidir, min-min qılıncdan,Şair nəğməsiylə el saxlayanda,Elə şairi də eli saxlayar.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-qacagi-el-saxlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir