Elə ki, balalar gəlir dünyaya,O gündən hey ölçüb-biçir analar.Mahnı da oxuyur, şeir də deyirBəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə.Yaşayır, sirrini salmadan dilə.Vaxt olur, qaldırıb ağını beləŞərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,Həyatda dincliyi, evdə yuxunu:Sevincin azını, qəmin çoxunu,Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırışBaşına qar töküb, qar ələyir qış.Odun istisindən aralanmamışSuyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn niyəBaşımın tüstüsü çəkilir göyə?Torpaqmı anasız qalmasın deyəTorpağın qoynuna köçür analar?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri