Bağlar arasından cığırla, izləMəktəbə getdiyim günlər olaydı.Sıxıla-sıxıla bir qaragözləO söhbət etdiyim günlər olaydı.

Həyat müvəqqəti, ömür köçəri,Alnımda yoxuşun, enişin təriMehmandan keçəndə bildirçinləriQovub, hürkütdüyüm günlər olaydı.

Damlalar alışdı çəmən güləndə,Sonalar dil açdı yağış gölündə.Təzə göy otlara Ceyran çölündəÜzümü sürtdüyüm günlər olaydı.

Fikir haralarda gəzdirir məni,Hər kəsin ilk yurdu, əzəl məskəni.Qazaxdan çıxanda Dağkəsəməni.Yel kimi ötdüyüm günlər olaydı.

Qoxladım torpağın rayihəsini,Sübhün könül açan gül nəfəsini.Çoban tütəyinin həzin səsiniDağda eşitdiyim günlər olaydı.

Uçdum at belində baxmadan geri,Qayadan sıçratdım xallı kəhəri.Zirvəyə qalxanda, gümüş yəhəriDöşdə bərkitdiyim günlər olaydı.

Dəyələr böyründə qarım qazdığım,Sinəmi ocağa verib qızdığım,Çisəkdə islanıb, çəndə azdığım,Dumanda itdiyim günlər olaydı.

Xoşladım şənliyi, eşqi, məzəni,Sevmədim sənətə ağız büzəni.Aşkara dillənib aşıq Mirzəni,Xəlvəti ötdüyüm günlər olaydı.

Hüseyn nələri gətirər yada...Gözümün işığı AğstafadaYenicə on dördü qoyub arxada,Onbeşə yetdiyim günlər olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri