Gördüyünüz o möhtəşəm qaralar,Belə qalxıb, belə qalar inşallah!Zatı qırıq dığaların topu ilə,Uçan deyil bu qalalar inşallah!

İtirsəm də neçə dostu, sirdaşı,Tüstü-duman bürüsə də dağ-daşı.Belə axmaz anaların göz yaşı,Yasdan çıxar gül balalar inşallah!

Bir vaxtı var baharın da, qışın da,Üzü gülər torpağın da, daşın da.Tək deyilik dəliləri başında,Qoç Koroğlu özün salar inşallah!

Quşlar yenə vədəsində oyanar,Ceyran, cüyür bərəsində dayanar.Al-qırmızı şəfəqlərə boyanar,O meşələr, o talalar inşallah!

Yaman düşdü aralığa qan-qada,Yandı Laçın, yandı Ağdam arada.Qarabağ da, Qubadlı da, Şuşada,Bizim olub, bizim olar, inşallah!

Hüseyn Arif zaman çətin, vaxt ağır,Sağdan-soldan qar ələnir, qar yağır.Ruhdan düşmə, əzəlkitək çal-çağır,Haqq-ədalət zəfər çalar inşallah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar