Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,Gördü göz düşdü canım ah ilə yüz vaya gəlin,Məcnun oldum düşübən vadiyi-səhraya gəlin,Nə gəlin və nə gəlin zinət və zibaya gəlin

Xoş gülüş, xoş danışıqdır, məzəli cümlə sözü,Xubi, xoş xəsləti, xoş mahi-münəvvərdi üzü,Üzülür can, üzülür gər süzülür ala gözü,Məzəli, çox məzəli, qəmzəli qayətdə özü,Ağ üzü gül yanağı lələi-həmraya gəlin

Saç uzun, gərdən uzun, qamətidir sərvi-rəvan,Qaş qara, göz piyalə, dişləridir, pistə dəhan,Şux yanaq, lə'l dodaq, ləhcəsində canlar alan,Sinə meydan, məməsi qübbə, gözəl incə miyan,Dolu büt, canlı topuq, sərbəsər ağ maya gəlin

Qırmızı yaylıq əlində gül dəsmal, ləçəki,Sarı köynək geyinib cümlə (midaxil) ətəki,Nimtənə xalis zibayi-müzəyyən bəzəki,Zərbalaq dizlik ayağında bənövşə çiçəki,Sağrı başmaq, corabı xəmsə geyib paya gəlin

İki pistanı arasında həmail asılıb,Yəni fincan köbəyin üstə qızıl gül asılıb,Düzülüb yaxasına qızıl yaxalıq kəsilib,Qolda qol bağı, ətəkdə ətəklik asılıb,Mərhəbalər bu qədər surət və simaya gəlin

Naqahan gördü gözüm, çıxdı müəllaya gəlim,Dedim: ey qönçədəhan, bircə yavaş get, mən ölüm,Dərdim artıxdı, dayan, bir danışaq, ağrın alım,Yıxılım payinə mən, dərdimi bu cana salım,Durubən sərv kimi başıma sal saya gəlin

Ağı ağ, qırmızısı lalə-i-əhmər kimidir,Əti ağ, əndamı ağ, sinəsi mərmər kimidir,Çəkilib qəddi onun sərvi-sənubər kimidir,Məmələr şəhd-şəkər, qəndi-mükərrər kimidir,Gəldi cənnət pərisi sən kimi o baya gəlin

Mənə bir şahi-cahan, rəhm ilə qurbanın olum,Ölərəm ölməyimi fəhm ilə qurbanın olum,Dutaram damanını zəhm ilə qurbanın olum,Zülmi-qəhhara baxıb səhm ilə qurbanın olum,Vermə gəl Tarı üçün Zakiri rüsvaya gəlin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar