Saz
(müxəmməs)
Enişli, yoxuşlu ömrün yolunda,
Sevinclə, kədərlə yüklənmişəm mən.
Qarlı zirvələrin dalıb seyrinə,
Başımı dik tutub diklənmişəm mən.
Məğrur dağ kəliylə ülfət bağlayıb,
Qartalla bir susub, bir dinmişəm mən.
Vaxt olub səsimə çoxu səs verib,
Vaxt olub meydanda təklənmişəm mən.
Saz deyib,
söz deyib yaranmışlardan,
Saz üstə, söz üstə köklənmişəm mən.
Saz, dedim,
söz, dedim
bir günəş kimi
Əngin üfüqlərdən boylanan sazım.
Gecəylə başını yastığa qoyub,
Sabaha göz açıb oyanan sazım.
Haqqım, ədalətin çatıb dadına,
Süngüylə yanaşı dayanan sazım.
İgidlər köksündə nərə çəkərək,
Köhlənlər qanına boyanan sazım.
Zalımla, zülümlə baş-başa gəlib,
Gah alışan sazım, gah yanan sazım.
Saz dedim,
söz dedim,
Dədə Qorqudun
Möhtəşəm görkəmi yadıma düşdü.
Gəldi Ozan baba dili nəğməli,
Mübarək qədəmi yadıma düşdü.
O loğman kamallı müdrik insanın,
Davası, məlhəmi yadıma düşdü,
Könül rübabının incə telində
Min zili, min bəmi yadıma düşdü.
Dünyada dünyaya sığa bilməyən,
Sehirli aləmi yadıma düşdü.
Saz dedim,
söz dedim,
Dədə Qurbani
Əsrdən-əsrə səslədi məni.
Bir elə ah çəkdi, ahım qurudu.
Saçımı göynətdi, saçımın dəni.
Nədir dağ başında qalaq-qalaq qar,
Ürək həsrət yurdu, möhnət məskəni.
Asanmı bir xalqın dərdini çəkmək,
Saralmış görəndə gülü-gülşəni.
“Əllərin qurusun bədəsil xoryad,
Eləmi dərərlər yaz bənövşəni”
Saz dedim,
söz dedim,
Abbası andım
Çən-çiskin ələnir qaşqabağından,
“Nə gülürsən, mənim kimi gülüncə?”
Gör nələr süzülür dil-dodağından.
Tüstümü, dumanmı sovrulan göyə,
At dəymiş qalanın daş torpağından?
Getdi Gülgəz, Pəri, getdi toy-büsat,
Yaralar yarandı yar obrazından,
Abbası gətirdi dar ayağında.
Dərd başından tutub, qəm ayağından.
Saz dedim,
söz dedim,
ustadnamələr!..
Aqil babaların aqil sözünü,
Calayıb ömrünü sözün ömrünə.
Yaşayır özləri, duyur özləri,
İnsan yaddaşının xəzinəsində.
İnsan kamalının itməz izləri,
Səfərə çıxanda yadında saxla,
“Gecənin xeyrindən gündüzün şəri”,
“Qüvvətli olsan da yoxsulu döymə”
Qasım, Xəstə Qasım, dillər əzbəri.
Saz dedim,
söz dedim,
qızışıb Alı
Özünü meydana saldı, nə saldı.
Hay vurub, qıy vurub bir an içində,
“Koroğlu” çağırdı, “Koroğlu” çaldı.
Qılınclar, qalxanlar durdu üz-üzə,
Bu nə vurhavurdu, nə çalhaçaldı.
Səsinin ahəngi dəyişdi birdən,
Könüldən qəribə bir səs ucaldı.
“Aydır, gündür, gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı”.
Saz dedim,
söz dedim,
Hanı Ələsgər?
Bir də ustadımı salamlayım mən.
Gəraylılar şirin, qoşmalar dərin,
Bir də xatırlayım, bir də duyum mən.
Göyçənin qonağa çoxdur hörməti,
Elin şöhrətini elə yayım mən.
Əsədin, Mirzənin zənguləsindən,
Necə uzaq düşüm, necə doyum mən.
Kərəmlər, Dilqəmlər kimdə var desin,
Əlimin dalını yerə qoyum mən.
Saz dedim,
söz dedim,
qalxıb zirvəyə
Baxdığım yerlərə mən yenə baxdım.
Keçib asta-asta Kür sahilindən,
Şəmkirdə Şəmkirli Hüseynə baxdım.
Dinlədim heyrətlə keşiş oğlunu,
Ürəkdən “qardaşım” deyənə baxdım.
Bərkdə bir-birinin tutub qolundan,
Dözüm paltarını geyənə baxdım.
Bu günün gözüylə açıb sabahı,
Sabahın gözüylə düşmənə baxdım.
Əyilməz başımı hazıram, əyim,
Dədələr önündə sənət eşqinə,
Hazıram sıxmağa o mərd əlini,
Dəyanət eşqinə, qeyrət eşqinə.
Düzə düz deyilir, əyriyə əyri,
Həqiqət eşqinə, millət eşqinə.
Duz-çörək kəsdikdə təmiz süfrədə,
Məhəbbət, sədaqət, ülfət eşqinə.
Saz dedim,
söz dedim
Azərbaycana
Əbədi ehtiram, hörmət eşqinə!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-saz
← → düymələri ilə keçid, R — təsadüfi şeir