Qırılan qələmim, yanan kitabım,Yazısı saralmış varağım sənsən.Dağılan hasarım, atılan qapım,Gözümdə qaralan çırağım sənsən.

Sinəmdə dövr edib qopan tufanım,Üşüyən ürəyim, alışan canım,Alovdan qovrulan yazıq aranım,Dumandan ağlayan yaylağım sənsən.

Köməşən ayağım, tutulan dizim,Saralan yanağım, solan bənizim,Qar bağlayan yolum, buz tutan izim,Közü külə dönmüş ocağım sənsən.

Tükənən istəyim, bitən sevincim,Çəkilən marağım, ötən sevincim.Tapılan kədərim, itən sevincim,Gövdədən üzülən budağım sənsən.

Möhnət dalğa-dalğa, qəm axın-axın,Hüseynin gününə, ayına baxın,Könlümə həyatda yaxından yaxın,Ömrümə uzaqdan uzağım sənsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri