Vaxtıdır
Çıraqlar qaralır, ulduzlar sönür,Dərəyə çən dolub çisək vaxtıdır.Təbiət dəyişir, ruzigar dönür,Çöldə qar ələnir, külək vaxtıdır.
Çalınır dağlarda şimşəyin zəngi,Elə bil hardasa başlanır cəngi.Yaşıl yarpaqların saralıb rəngi,Qalın meşələrin seyrək vaxtıdır.
Fikirli qayalar bilmirəm nədir?Sular qulağıma nəsə nəql edir.Gecə uzandıqca uzanıb gedir,Gündüzün ömrünün gödək vaxtıdır.
Getdi anam, atam, getdi tutarım,Sovuşdu çəmənim, soldu baharım.Dəyməyin xətrimə, ay balalarım,Yaralı könlümün kövrək vaxtıdır.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-vaxtidir-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir dağ kəli yaraladım zirvədə,Baş titrədi, ayaq əsdi, daş axdı.
Vaxtsız köçməsinBaşqadır könlümdə eşqin həvəsi,Nə qış düşündürür, nə bahar məni.
Yox! – dediKönüldən nisgili pozmaq istədim,Yazanda görüşdən yazmaq istədim,
Arzularam mənBir əlim getsə də, bir əlim durur,Yarış meydanında hələ varam mən.