Səhifə 2 / 3 · 33%

...İki qız çiyinlərində güyüm zarafatlaşa-zarafatlaşa, deyə-gülə Şahab bulağına gəldilər.

Güyümü dolub-daşan qız bulaqdan rəfiqəsinə su çilədi... İslanmaqdan qorxan qız bir az kənara qaçanda, onların bütün hərəkətinə göz qoyan Əcəmini gördü, görən kimi də göz-qaş edib rəfiqəsini ayıq saldı... Onlar güyümləri doldurandan sonra çiyinlərinə qaldırıb bulaqdan uzaqlaşdılar... Ürkək ceyrana oxşayan rəfiqələr Əcəminin xoşuna gəldi. Zarafatları da ürəyinə yatdı, şirin-şirin gülüşləri də. Ovqatı tamam təzələndi. “Sənin danışığından belə çıxır ki, indicə burdan gedən qızlar da bir gün memar olacaqlar... Körpələri də onların yaradacaqları abidələr. Əlbəttə, ana olmalarına az qalıb... Görmədin necə deyib-gülürdülər, zarafatlaşırdılar. Dünya indi onların gözündə bir gülüstandı, aləm də bir möcüzə... Bəlkə birdən alan olmadı onları, onda necə? Olar... Yer üzünə heç kim tək gəlmir... Gördün, ulu babamız Adəm tək gəlmişdi, beş gün tənha yaşaya bilmədi. Ulu nənəmiz Həvva tezcə yanını kəsdirdi və onu başa saldı ki, Yer üzünə hamı cüt gəlir... Mən də gəlmişəm səninlə isinib cüt olaq... Bu torpaq üstündə hər bir canlı öz tayını mütləq tapmalıdır...”

Çinarın yuxarı budağına bir neçə qarğa qondu. Qonan kimi də biri qarıldadı:

– Qarr-qarr...

“Zəhrimar qarr!” Zəhləm getmiş... bir yaraşığın yoxdur, yoxdur, heç olmasa xoş bir səsin olaydı...” Qalxıb yerdən götürdüyü daşı çinarın budaqları arasına atdı. Qarğalar uçub getdilər. Nədənsə Hatib ibn Mübarək yadıma düşdü. Onun dəyirmi qara sifəti gəlib durdu gözləri önündə, kor-kobud səsi qulağında cingildədi. Yenə əyləşdi. Bu dəfə qulağına zınqırov səsi gəldi. Diqqətlə baxdı. Bir az uzaqdan qala divarlarının yanından bir dəvə keçirdi. Dəvənin ovsarını qoluna keçirən qocanın qabağınca iki oğlan uşağı atılıb-düşə ona nəsə deyirdilər, hərdənbir də qolundan tutub aşağı sallanırdılar.

Axırda onu razı saldılar. qoca ovsarı oğlanlardan birinə verdi, sonra çırtmıq çala-çala oynamağa başladı. Əcəmi onu tutdu. Cəmilgilin qonşusu idi. Arıx naqəsi¹ ilə ona-buna yük daşıyıb özünü, qarısını dolandırırdı. Başdan bir az boş idi. Hərdənbir özü çırtmıq çalıb oynayırdı. Məhəllənin dəcəl uşaqlarını əyləndirirdi. Yadına atasının dostu qoca kuzəçi Dərgah kişinin söhbətlərindən biri düşdü: “Bir gün Allah xəlq edib yer üzünə buraxdığı canlılardan bir neçəsini yanına çağırıb deyir ki, indi sizin ömrünüzün müddətini müəyyən etməliyəm... Çünki bu dünyada məndən başqa heç kim əbədi ola bilməz... İndi deyin görüm hərənizə neçə il ömür verim?” İnsan deyir: “Məsləhət özünüzündür”. Allahın hüzuruna gələn eşşək də, it də, meymun da insanın dediklərini təsdiq edirlər. Allah deyir: “Ey insan, sənə qırx il, bunların da hər birinə otuz il ömür təyin edirəm.” Birinci, eşşək narazılığını bildirir: “Məni ömürü boyu eşşək kimi işlədəcəklər. Buna görə on il bəsimdir. Bunu görən it də etiraz edib deyir: “Mən də ömrüm boyu hürəcəyəm, elə mənə də on il bəs edər.” Meymun da onlara qoşulub rica edir ki, elə məni də on il ələ salıb oynatsalar bəsimdi. Allah hirslənib deyir: “Onda hərənizin ömründən iyirmi il kəsib verirəm insana. Qoy yüz il yaşasın... Buna görədir ki, insan öz ömrünü – yəni qırx ili adam kimi yaşayır, sonra eşşəyin ömründən kəsilib ona verilən birinci iyirmi ili eşşək kimi işləyib arvad-uşaq böyüdür, sonra itin ömründən ona verilən iyirmi ili də arvad-uşağın üstünə hürür, axırıncı iyirmi ildə isə onu meymun kimi ələ salıb oynadırlar...” Misal çəkmək Dərgah kişinin peşəsidir... Sən o doydaq qocadan danış... Axı onu da bir vaxtı bir ana bətnində yaradıb, sonra böyüdüb.” “Düzdür, amma nəs yaradıb, qəlp böyüdüb... Yaratma, yaradırsansa bütöv yarat, kamil yarat...” “Yaxşı... onda de görək sübh çağı bura niyə gəlmisən?.. Gəlməkdə məramın nədi?, “Gəlmişəm dünənimə bir salam verəm, onunla sabahım barədə məsləhətləşəm”. “Əla niyyətdir. Kim dünənə məhəl qoymasa, sabahı uğurlu olmaz... Bir memar kimi bu sərdabə dünənindir sənin”. “Dünənin pislərini dünəndə qoyub getməliyik, dünənin yaxşılarını özümüzlə sabaha aparmalıyıq”. “Sənin dünənin də yaxşıdır, Əcəmi. Ancaq Möminə xatunun abidəsi Şeyx Yusifin məqbərəsindən həm böyük olmalıdır, həm də əzəmətli. Məqbərə – dünənindi, abidə – sabahın”. “Necə başa düşək?”... Yəni başlayım işə?” “Mütləq... Günü günə satmaq olmaz... Sonra gec olar... Sonra gec olar...”

¹ Dişi dəvə

Birdən elə bil axırıncı sözləri kimsə uca səslə qışqırdı, bu səslər getgedə haraya çevrilib Şahab meydanının hər tərəfinə yayıldı: “Sonra gec olar!..”

Yox, səs nə sərdabədən gəlirdi, nə də Şeyx Yusifin ruhunun səsiydi. Səs Əcəminin öz səsiydi, içərisindən axıb qulaqlarına dolurdu, sonra sual-cavaba dönürdü...

...Şahab meydanı da bir anlığa onun nəzərində dönüb oldu Atabəylər meydanı. Şeyx Yusifin türbəsi də başqalaşdı. Əcəmi ayaq saxlayıb uzaqdan ona baxanda türbə enləndi, ucaldı, naxışları əlvanlaşdı və nəhayət, başqalaşdı, böyüyüb-böyüyüb əzəmətli bir abidəyə çevrildi... Və bir də gözünü açıb gördü ki, həqiqətən Atabəylər meydanındadır... Gələ-gələ də sifətinə təbəssüm səpilən uşağın son sözləri təkrar-təkrar qulaqlarında səslənirdi: “Bundan yekəsini tikəcək... Bundan yekəsini tikəcək...”

Ayaq saxlayıb yan-yörəyə baxdı. “İşin irəli olsun, ustad”. Bu səs də dostu Cəmilin səsiydi... Əcəminin dodaqlarında təbəssüm göründü... Cəmil düz on il bundan əvvəl də, ilin beləcə bir çağında Şahab meydanında Şeyx Yusifin sənduqəsi yanında onu salamlayandan sonra həmin sözləri demişdi: “İşin irəli olsun, ustad...”

Həmin günün səhəri Şahab meydanında onun tikəcəyi ilk məqbərənin – Yusif ibn Küseyir türbəsinin özülü qoymuşdu...

Əcəmi bir az da yaxına gəldi, əvvəlcə başını qaldırıb göyə baxdı. Buludlar xeyli seyrəkləşmişdi... Məşriqdə Günəş işartısı görünürdü. Sənduqənin baş tərəfində dayanıb pıçıldadı:

– Sənin də sabahın xeyir, Möminə xatun...

* * *

“Bura haradır? “Dünyanın bir parçası... Amma nə kənddir, nə şəhər, nə küçəsi var, nə də meydanı. Nə imarətlər tikilib burada, nə də onların eyvanları, balaxanları, küləfirəngiləri... Burada hamının mənzili eyni mərtəbədədir, özü də nə aşağıda, nə də yuxarıda... Buranın nə bağ-bağatı var, nə də çay-bulağı. Axı burada heç kimə nə su, nə od, nə də hava lazımdı. Təkcə torpaqdan başqa... Burada torpaq həm evdir, həm yatacaqdır, həm də geyimdir. Buranın havası hamı üçün eynidir – soyuqdur. Buna baxmayaraq hamı ağ geyimdədir. Biri başına tac, biri başına keçə papaq qoymur, biri əyninə zər-ziba, biri bez geyinmir. Axı burada nə külək əsir, nə gün yandırır, nə də şaxta kəsir... Hamı bir əmri, bir hökmü icra edir – yat, durma!” “Buranın sakinləri kimlərdir?”

“Dünyanın başqa-başqa yerlərindən köçüb gələnlər... Burada şah da var, vəzir də, vəkil də var, sipəhsalar da, hacib də, alim də, ədib də... Amma nə zalım var, nə zülüm, nə hakim var, nə məhkum, nə əzən var, nə əzilən, nə aldadan var, nə aldanan. Burada nəzarətə də, güdükçüyə də, qulaqçıya da, xəbərçiyə də ehtiyac yoxdur. Burada nə alqı var, nə də satqı, nə hədiyyə var, nə rüşvət... Nə “mənimki” nə “səninki” nə “bizimki”, nə “sizinki”... Heç kim heç kimi satmır, aldatmır, qəsdinə durmur. Rəqabət yox, paxıllıq yox, baiskarlıq yox... Asmaq yox, kəsmək yox... Buna görə tam sakitlikdir, tam əmin-amanlıqdır burada... Burada aşiq-məşuq də, mələkə-məşuq də yoxdur. Məşşatəyə də, kəhhaləyə də, daş-qaşa ehtiyac yoxdur. Heç kim bəzənib-düzənmir, heç kim sevilib-sevilmir... Axı hamı laldır, kardır, kordur... Heç kim başqasının qız-gəlininə sataşmır, namusuna əl uzatmır... Burada gözəl-çirkin, ağ-qara, yaxşı-yaman, arif-nadan, mərd-namərd, igid-qorxaq söhbətləri də eşidilmir. Hamının görkəmi də eynidir, rəngi də... Hamının da bir adı var”. “Buradan o yana yol yoxdur?” “Yoxdur! Yazda ətrafı yaşıl, yayda boz, payızda qızılı, qışda ağ olan bütün yollar çatanda qurtarır. Hamının səcdəsinə durduğu peyğəmbərlər də, ulu xaqanlar da, dizi bükülməyən sərkərdələr də, müdrik alimlər də, söz sərrafı ədiblər də buradan o yana gedə bilmirlər. Axı bütün yolların intəhası burada başa çatır. Bura axirət dünyasına gedən yolun qurtaracağıdır. Bura gələn çox, geri dönən yox..”

Əcəmi əvvəlcə Atabəylər meydanını, sonra Şahab meydanını gəzə-gəzə axırda gəlib şəhər qəbiristanlığına çıxmışdı. Əcəmi peşəsinə görə qəbiristanlığı tez-tez xatırlardı. Bəlkə də buna görəydi ki, anasına türbə tikmişdi, Şeyx Yusifə məqbərə inşa etmişdi, şəhərin bir sıra tanınmış adamları rəhmətə gedəndə onların sənduqələrini necə düzəltmək barədə dost-tanışlarına məsləhətlər vermişdi. Bir də qəribə burasıydı ki, qəbiristanlıq onun yadına Yəzd-Kürd tərəfdən külək əsəndə və göy üzü bədirlənmiş Ay işığına boyananda düşərdi. Axı külək buradakı ağır sükutu qovub aparırdı. Ay da zülməti əridib yox edirdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əl qisas, bil qisas

Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...

13 dəq
Tövbə

Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

8 dəq
Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 dəq
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 dəq

Başqa şairlərin şeirləri