Göydən yerə enmiş Süheyl
Səhifə 1 / 2
Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.
Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...
¹ Sözü tez başa düşən
² Heyvan dərisindən hazırlanan böyük süfrə
³ Cənubda görünən parlaq ulduz
Abidənin bundan sonra necə adlanacağını hələ heç kəs dəqiq kəsdirə bilmirdi. Mülahizələr haçalanmışdı, rəylər tez-tez dəyişilirdi. Şəhər əhlinə bircə o məlum idi ki, abidə tikilən yerdə Möminə xatun ana dəfn olunub. Həmin yer hökmdar arvadının, hökmdar anasının əbədiyyat evidir...
Biri deyirdi: “Bəlkə hökmdar Həmədanda basdırılan atası atabəy-əzəmin sümüklərini təzədən gətirib burada dəfn etmək qəsdindədir?..” Digəri deyirdi: “Sarayın belə məramı olsaydı Şəmsəddin Eldəgəzi elə rəhmətə gedən gün buradaca torpağa tapşırardılar...”
Söhbətlər yumaq kimi çözələnir, uzanır, uzanırdı...
Axırda gəlib çıxırdı yenə memarın üstünə. Hərənin ağzından peşəsinə uyğun bir avaz gəlirdi:
Bənna deyirdi: “Beytülmalın ağzını yəqin hökmdar açar Əcəmi üçün. Qaya çapmaq bundan asan olardı, inan vallah!..”
Baqqal deyirdi: “Kisə-kisə qızıl bağışlasalar Əbubəkr oğluna, yenə azdı, billah!..”
Zərgər deyirdi: “Əcəmi gözü-könlü tox adamdı... öz qazanclarını yeyiblər daim ata-babadan bu bənna Əcəmilər tayfası...”
Sarban da öz qanacağını göstərib deyirdi: “Şeyx Yusif hara, bu hara!.. At-eşşək təfavütü var bunların arasında...”
Əkinçi deyirdi: “Bu Allah sən özün Əbubəkr oğluna kömək ol., qoy onun əlinin bərəkətindən bizim də çöllərimizə, meşələrimizə, bağlarımıza bir pay düşsün...”
Ədib deyirdi: “Bizim sənətkar bəradərlərimizin yaratdığı bu tikili sərdabə deyil, abidədir, qəsrdir, möhtəşəm bir sənət əsəridir. Bir az da əşarı desək, suheyldir, nəqşi-cahandır...”
Saraydakı intriqalar, çəkişmələr, dedi-qodular sadə adamlara çatan kimi, rəiyyət arasında gedən söhbətlər də, giley-güzarlar da saraya vaxtında çatırdı. Şeytan ölməyib ki, o həmişə adamların arasındadı, onlarla bir oturub bir durur, onlarla bir yatıb bir oyanır, onlarla bir yeyib bir içir, onlarla bir deyib – gülür... Münasibətdən asılı olaraq gah qabağa qaçır, gah dala qalır, gah da birlikdə addımlayır. Saray xidmətçilərinin, güdükçülərinin qulaqçılarının, başcısı heyvərə Həsənin adamları bu deyilənlərin, çöl qarpızı kimi, hərəsini bir dərədən toplayır, vaxtında hökmdarın xəlvətiyyəsindən lazım olar adamların ovcuna qoyur, qulaqlarına pıçıldayırlar...
Qoy kim nə danışır-danışsın, Cahan Pəhləvan isə öz dərdi ilə əlləşirdi. Onun içində peyda olan gizli bir ağrı hərdən əhədini kəsirdi. Ağrılarını unutmaq üçün gündə bir “sifariş” verirdi. Şəxsi müğənnisinin udda çaldığı muğamlara qulaq asanda, onun məlahətli səslə oxuduğu mahnılarını dinləyəndə isə elə bil dünyanın bütün ağrıları çiyinlərinə düşürdü: “Alçaqların ayağına atdı dünya Əzabıma, zillətimə şaddı dünya, Tək səninlə şərbət oldu zəhər mənə, Sən olmasan, deyərdim ki, batdı dünya...”
Müğənni verilən tapşırıqlara əməl edərək Cahan Pəhləvanın kədərini dağıtmaq üçün gah udun naləsindən, gah məhəbbət mahnılarının “sümüyə işləyən gücündən” istifadə edir, gah piyaləyə şərab süzərək hökmdara içirdir, gah da çələbiyyəsinin ətəklərini yığışdırıb hökmdarla yanaşı oturur, ona müxtəlif mehribanlıqlar göstərirdi...
Ancaq heç kim bilmirdi ki, hökmdar belə vaxtlarda öz növbəti fərmanını da ara-sıra ürəyində diqtə edir və saray adından yazdırmaq üçün hazırlıq görürdü...
...Səhərisi bütün saray əhli divanxananın “şadyanalıq salonu”na toplaşmışdı. Buraya adlı-sanlı məliklər, əhli-ürfan, saraya yaxın olan bəzi baqqallar, bəzzazlar, zərgərlər və qoşun nümayəndələri dəvət olunmuşdular. Salonun mərmər sütunlarından birinin yanına düzülmüş kürsülərdə mələkə Zahidə xatun yanında yeganə qızı Cəlaliyyə, şəhər rəisinin qısır arvadı Nəsrin xatun və başqa ali rütbəli saray məmurlarının xanımları əyləşmişdilər. Üzlərinə Təbriz, Şəki ipəyindən niqab salan bu zənən xeylaqları evlərində gümanları gələn nə bər-bəzəkləri vardısa hamısını vurmuşdular.
Hamı öz işində idi: deyən kim, gülən kim, pıçıldaşan kim.
Təkcə Əcəmi pəncərənin önündə dayanıb gözlərini uzaqlara zilləmişdi; fikirli dalğın, və pəjmürdə idi. Bəlkə də onu belə gördükləri üçün heç kim kefini soruşmur, abidənin tikintisi barədə sorğu-sual etmirdi. Nədənsə o özünü bu adamlardan təcrid olunmuş sayırdı, tənha hiss edirdi.
Birdən salonun qapısı açıldı, iki nəfər fərraş içəri gir, sağda farağat dayandılar. Salonda danışıqlar kəsildi. Hamının üzü qapıya tərəf çevrildi.
Cahan Pəhləvan içəri girəndə bütün saray ərkanı həmişəki kimi ayağa qalxdı. “Şadyanaqlıq salonu”nda qəribə bir sakitlik yarandı. Hökmdarın işarəsi ilə hamı öz yerində əyləşdi. Saray sahibi vəzirin qulağına nə isə pıçıldadı. Sədəddin Əsəd işarə edib pəncərə önündə dayanan Əcəmini hökmdarın hüzuruna dəvət etdi və boş sədr kürsüsündə əyləşməsini buyurdu.
Hökmdar ağır-ağır qalxdı, salona göz gəzdirib dedi:
– Mən bir qədər, – istədi “xəstəyəm” desin, özünə sığışdırmadı – həyəcanlıyam... Söhbətə başlamağa çətinlik çəkirəm... Əvvəlcə ərz etmək istəyirəm ki, əhsən olsun bizim bu qədim torpağımıza: ulu yurdumuza!.. Eldəgəzlər xanədanın bəxti onda gətirmişdir ki, rəiyyətinin ata-babaları ağıllı kişilər olublar... Və elə gözəl yerlərdə məskən salıblar ki, övladları yüz il, min il keçsə də, onların müqəddəs ruhuna həmişə dua oxuyacaqlar... Əsası atabəy-əzəm tərəfindən bina olunan Eldəgəzlər dövləti özünün üləmaları ilə, ədibləri ilə də müdam fəxr etmiş, iftixar tapmışdı. Onlardan biri bizim görkəmli memarımız Əbubəkr oğlu Əcəmidir... Bu gün saray əhlini, əhli-ürfanı, şəhərimizin başqa adlı-sanlı şəxslərini bura dəvət etməkdə xoş bir məramımızı onlara bildirmək niyyətindəyik... Bilirsiz ki, Əcəmi Eldəgəzlər xanədanı üçün xeyli xidmətlər göstərmişdir. Bu günlərdə isə Atabəylər meydanında Möminə xatun ananın məzarı üstündə gözəl bir abidə ucaltmışdır. Bu, ədiblər demişkən, adi abidə deyil, qəsrdir, daha dürüst desək, böyük sənət əsəridir. Bizim xanədanın baş şəhərini zinətləndirən parlaq bir incidir... Bu abidənin yaradıcısı böyük hörmətə, böyük mükafata, böyük təltifə layiq bir zatdı, əvəzsiz bir şəxsiyyətdir...
Hökmdar dayandı, dönüb vəzirə baxdı. Salona toplaşanların marağı artdı, pıçıltılar eşidildi. Sədəddin Əsəd mərmər sütunlardan birinin yanındakı mizin üzərindən qırmızı atlas çəkilən qızıl sinini əlləri üstündə gətirib farağat dayandı.
Salonda yenə pıçıltılar çoxaldı. Saray adamlarına da, əhli-ürfana da, qonaqlara da elə gəldi ki, hökmdar qırmızı atlası indicə qaldıracaq, sininin içərisindəki çoxlu daş-qaşı, indicə Əcəmiyə bəxş edəcəkdir...
Cahan Pəhləvan həqiqətən atlası qaldırdı, sininin içərisindən daş-qaş əvəzinə üzərinə nazik qırmızı dəri çəkilmiş fərmanı götürdü və vəzirə verib dedi:
– Mənim fərmanımı elan et, vəzir!
Salondakıların marağı azaldı, köks ötürüb rahat nəfəs aldılar.
Sədəddin Əsəd sinini qaytarıb yerinə qoyandan sonra Xorasan kağızına yazılan fərmanı asta-asta oxumağa başladı: “Eldəgəzlər xanədanı qarşısındakı xüsusi xidmətlərinə görə...”
Cahan Pəhləvan öz fərmanı ilə Əcəmi ibn Əbubəkr Naxçıvaniyə şeyxül-mühəndisin fəxri adı verir, ona bir kənd bağışlayır, çiyninə atabəylərə məxsus xüsusi Təbriz atlasından tikilmiş əba saldırırdı...
Vəzir fərmanı oxuyub sonra yenə rəsmiyyət xatirinə əlavə edib dedi:
– Fərmanı adil və mənsur hökmdarımız Nüsrətəddin Atabəy Məhəmməd Cahan Pəhləvan ibn Şəmsəddin Eldəgəz cənabları imzalayıb. Fərman Atabəylər dövlətinin möhürü ilə möhürlənib... Fərman dövlət sənədi kimi sarayın xüsusi çüngündə saxlanılacaq...
Baş şeyx gizli-gizli şəhər rəisinə baxıb şəvə kimi qara səddanəsini hirslə çevirdi və ürəyində dedi: “Bu fərmanın, qureyşi aqilləri demişkən, zararuhu əksəru min nəfihi¹...”
...Danışıqlardan, təbriklərdən, razılıqlardan sonra hamı salonu tərk edəndə içəridə hökmdarla Sədəddin Əsəd qaldı. Vəzir Cahan Pəhləvanı fikirli və narahat görüb xəbər aldı:
– Hökmdar, gözlərim aldatmırsa, sizi pərişan görürəm... Yoxsa əhvalınız yenə...
Cahan Pəhləvan sol əli ilə yavaş-yavaş topa saqqalını qaşıdı, sonra geniş alnını ovuşdurdu. Əvvəlcə qızıl payali kürsüdə qıvrılıb açıldı, sonra elə bil bütün gücünü toplayıb qəddini düzəltdi:
– Baş şeyx sənə bir söz deməyib?
– Xeyr.
– Mənə deyib...
– Nə deyib?
– Deyib ki, Əbubəkr oğlunun səmimiyyətinə inanmayın...
– Niyə?!
– Əbubəkr oğlu sabah saraya xəyanət edə bilər...
– Əbubəkr oğlundan xəyanət gözləməyin hökmdar!
– Bəs gözləsəm necə? – Cahan Pəhləvan səsini ucaldıb diqqətlə vəzirin üzünə baxdı.
Elə bu vaxt zənci qulam, əlində su piyaləsi və həblər qapını açıb içəri boylandı. Vəzir tez işarə edib onu pişgaha çağırdı və sualını bilə-bilə təkrar etdi. Cahan Pəhləvan cavabı təkrar edəndə qulamı gördü və çox əsəbi bir hərəkətlə ona rədd olub getməyi əmr etdi.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-goyden-yere-enmis-suheyl
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...
TövbəNəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...
Qan puluKarmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Başqa şairlərin şeirləri
Kim deyir yoxsa vüsal, aşiqə dərman olmaz?Əsil aşıq sevər, amma yara qurban olmaz.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
CavidinNaxçıvanda Cavid çıxdı qarşıma,türbəsiydi indi vətən Cavidin.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.