Səhifə 2 / 2 · 50%

Qulam əlindəki su piyaləsini və həbləri vəzirə göstərdi. Vəzirsə “rədd ol!” deyib onun üstünə çımxırdı. Zənci balası devikə-devikə salondan cəld özünü bayıra atdı.

¹ Xeyirindən çox ziyanı olacaq (ərəb.)

Sədəddin Əsəd bundan istifadə edərək:

– Bilmirəm bu şübhələr hökmdarın qəlbinə haradan dolub?.. – dedi.

– Yoxsa baş şeyx...

Cahan Pəhləvan vəzirə axıra kimi qulaq asmadı:

– Ürəyimə damıb ki, Əbubəkr oğlu Möminə xatun ananın abidəsini tikəndə bacardığının hamısını sərf etməyib.

– İnanmıram. – Sədəddin Əsəd fərqinə varmadan qəti etirazını bildirdi.

– Sidq – ürəklə işləyib Əbubəkr oğlu... Bunu özünüz ki etiraf etdiniz...

– Bəs siyasət? – Qəfil sualı hökmdar verdi.

– Heç nə başa düşmürəm... Bir tərəfdən böyük ənam, mükafat o biri tərəfdən də etibarsızlıq, bədgümanlıq...

– Vəzir, gərək ki, yadınızda ola... Xəlifə Harun-ər-Rəşid öz sevimli vəziri Əsfərə dörd min yüz min dinar qızılı hədiyyə verəndən üç gün sonra başını cəllada vurdurdu. Və onun meyidini yandırmaq üçün bir dinarlıq odun işlətməyi əmr etdi...

Vəzir Cahan Pəhləvanın ikibaşlı danışığındakı eyhamı başa düşsə də, özünü avamlığa qoyub onun fikri yayındırmaq istədi:

– O ayrı, bu ayrı... Ortada namus məsələsi var idi...

– Yalandı! O da xilafət siyasətinin bir uydurması idi...

Sədəddin Əsəd gah əlvan rəngli xalçalar döşənmiş, qızıl avizlərlə bəzənmiş “şadayanaqlıq salonu”na, yaşıl zümrüdlə işlənmiş pəncərələrə gah da qəddini əyib yavaş-yavaş gəzişən hökmdara baxdı. – Hökmdar. Əbubəkr oğlu Eldəgəzlər xanədanına lazım olan adamdı...

Əbubəkr oğlu Eldəgəzlər xənadanı üçün görəcəyi işi icra edib qurtardı... Bir də ya qismət!..

– Sədəddin Əsəd hökmdarın eyhamını yaxşı başa düşmədi. Onunla danışmaq əvəzinə düşüncələrə daldı: “Şəmsəddin oğlu bu gün görəsən niyə belə, ikibaşlı sözlər deyir?.. Niyyəti nədi saray sahibinin?..”

Cahan Pəhləvan salonu bu başdan o başına bir neçə dəfə ölçdü, sonra vəzirə yaxınlaşıb onunla üz-üzə dayandı. Sədəddin Əsəd diqqətlə ona baxdı. Bir az bundan əvvəlki sərtlik hökmdarın sifətindən silinib getmişdi. Onun gözləri cavanlıqda olduğu kimi qayğılı və mehriban idi.

– Bilirsən nə var, Sədəddin? – Cahan Pəhləvan onun köməyinə, məsləhətinə ehtiyac hiss etdiyi vaxtlarda olan kimi mehribanlıq göstərib adı ilə müraciət etdi: – Sən mənim mərhum atam atabəy-əzəmin ən ağıllı və tədbirli vəziri olmusan... Gərək biləsən ki, siyasətsiz saray saray deyil, karvansaradı. Güclə siyasət əkizləşəndə məğlubedilməz olur... Təntənə, mərasim, təltif ona gərəkdi ki, şəhər əhli bədgüman olmasın... Fikirləşməsinlər ki, yaradana, tikib-qurana qiymət vermirlər. Görsünlər ki, hökmdarın ədaləti də var... Elmi, əşarı, sənəti qiymətləndirməyə də qadirdir... O ki, qaldı Əbubəkr oğluna, mən əzəli gündən bu qərara gəlmişəm ki, o ağıllı olduğu qədər də sakitdir, mülayimdir, səbrlidir. Belələrinə gərək çox da inanmayasan... Mən isə görürsən ki... günlərimin çoxunu nasaz yola salıram. Sən elə fikirləşmə ki, Şəmsəddin oğlu Nüsrətəddinin dərdi yoxdu... Hökmdarların dərdi-səri də adları kimi böyük olur... Qardaşın Müzəfərəddin isə əbtərdir,¹ övladı yoxdur. Məndən, ondan sonra inanmıram ki, bu sülaləni hifz eləyib saxlaya bilsinlər. Cahan Pəhləvan başını əlləri arasına alıb fikrə getdi: – Ürəyimə damıb ki, Əcəmi məndən sonra başqa hakimlərin paytəxtində Möminə xatun ananın abidəsindən daha böyük, daha əzəmətli, daha gözəl abidə, qəsr tikə bilər. Bizim xanədan qalar kölgədə... Mən istəyirəm ki, bütün Şərqdə ən məşhur abidələrin adı çəkiləndə birinci Möminə xatun ananın abidəsi dilə gəlsin...

– Siz inana bilərsiniz ki, elə belə də olacaq, hökmdar!

– Yox, inana bilmirəm, vəzir! – Cahan Pəhləvan birdən vəzirə gözlənilməz bir sual verdi: – Sən... Xəvərnəq qəsrini tikdirən Neman padşahla memar Simnar Sam oğlunun əhvalatını eşitmisən?

– Xeyr.

– Necə xeyr? Nizami də həmin əhvalatı nəzmə çəkib...

– Hökmdar, bu da mənim səhvimdir...

– Səhv yox, vəzir üçün böyük qəbahətdir... – Hökmdar sözünə davam etdi: – Simnar Sam oğlu bənna olsa da, min nəqqaşın böyük ustadı idi... Neman padşahın ölkəsində onun kimi qiyaslı sənətkar yox idi. Ondan söhbət düşəndə deyərlərmişlər ki, rumlu Bəlinasdan geri qalan deyil. Bunu nəzərə alan Neman padşah Xəvərnəq qəsrinin tikilişini ona həvalə edir. Qızıl barmaqlı memar beş il gecəni gündüzə qatıb, gözəl, yaraşıqlı, möhtəşəm bir qəsr tikir. Neman padşah da müqabilində memara qiymətli xələt, müşk, mirvari bağışlayır, çəkilən xərcin yarısı qədər də qızıl verir. Və soruşur: “Ey Sam oğlu Simnar, çox pul versəm bundan yaxşısını tikərsən?..” Memar da deyir: “Bəli tikərəm... Buna üç rəng vurmuşam, ona yüz rəng vuraram, bunun bir günbəzi var, onun yeddi qübbəsi olar...” Neman padşah bir az fikrə gedəndən sonra deyir: “Memarı buraxsam gedib özgəsinə daha gözəl qəsr tikər”. Əmr edir ki, Sam oğlu Simnarı qəsrin başından yerə tullasınlar.” Camaat isə padşaha bu tədbirinə, uzaqgörənliyinə, ağlına görə “Xəvərnəqin allahı” adını verir, və şəninə əfşar da qoşur: “Bu yüksək binadan Nemanın adı göydəki ay kimi qalxıb parladı...”

¹ Sonsuz

– Şübhə çox pis mərəzdi, hökmdar...

Cahan Pəhləvan vəzirin sözlərinə yenə də əhəmiyyət vermədi:

– Mən bu abidəni təkcə öz anam üçün bina etməmişəm, onu bütün Eldəgəzlər sülaləsi üçün tikdirmişəm. – Səsinin ahəngi dəyişildi, təzədən keçib kürsüdə əyləşdi: Vəsiyyət edəcəyəm ki, özümü də orada dəfn etsinlər...

– Sən... Nüsrətəddin... Nə danışırsız, hökmdar?!

– Mən ürəyimi sənə açdım, Sədəddin – Cahan Pəhləvan yenə sərtləşdi: – O quldur başçısı Əli Şimşəyin Şərur məliki Oğuzun tərəfini saxlamaq istədiyi vaxtdan bu Əbubəkr oğlundan sidqim sivrilib... Hələ onda bənna idi, nə bilim dulusçu idi... İndi olub ustad, şəhərin baş memarı. Hamı onu sənətkar kimi tanıyır. – Hökmdarın səsi yenə sərtləşdi: – Deyirlər atabəy-əzəm rəbatının tikilişində ölən naxçıvanlılar üçün tez-tez heyifslənir. Möminə xatun ananın abidəsinin tikilişi gedən illərdə ölənlərin adlarını da tez-tez sadalayır. Mənə çatan səhih xəbərə görə gəncəli şair Nizamiyə yazıb ki, sən poeziyada “Xəmsə” yarat, mən də memarlıqda... Demək, niyyəti budur ki, yenə ya qəsr tikin, ya da abidə... Bəs harda tikəcək?.. Bax, əsas məsələ də budur... Vəzir cənablarına əlavə bir məlumat verim ki, xəlifə bizim şeyxül mühəndisi sarayına dəvət edir... Amma onun bundan xəbəri yoxdur... Bilmirəm bir köhnə qələmdanı, bir cırıq heybəsi olan, müxtəlif cızıqlar çəkilən beş-on köhnə Xorasan kağızını qoltuğunda gəzdirən bu Əbubəkr oğlu ən-Nasirin nəyinə lazımdı? İndiyə kimi on beş xəlifəni əlində oyuncaq olan bizim yurddan nə istəyir əmirəlmöminin?.. Özü də bir başa nədənsə mənə yox, Qızıl Arslana yazır ki, Möminə xatun abidəsinin sədası bizə də gəlib çatıb. Səyyahlar məni inandırıblar ki, bu adi məqbərə deyil, əlqlüba¹ sənət əsəridir... Arran məmləkətə bəzəkdir, növraqdır, heyif ki, işimin çoxluğu müzayiqə eləmir ki, özüm gəlib şəxsən baxam. – Cahan Pəhləvan səsinin ahəngini dəyişərək sözünə davam etdi: – Vəzir, unutma ki, böyük sənətkarlara öz el-

¹ Valehedici obasından, öz yurdundan kənarlarda daha çox qiymət verilib tarix boyu... Bax, buna görə də gərək iki fərmana qol qoyasan: biriynən iş gördürəsən, biriynən də...

İstədi deyə ki, belə olub əzəli gündən. Şahlar ya açıq-aşkar edam elətdiriblər düşmən hesab etdiklərini, ya da gizlicə zəhər verdiriblər rəqib bildiklərinə. Bunu gecə yuxumda Möminə xatun ana da mənə irad tutub... Deyib: “Niyə böyük oğlum şahzadə Arslan şahı abidənin açılışına gətirməmişdin?.. Yoxsa başında bir iş var?.. Sən kin-küdurətlisən ha, birdən əlindən xəta çıxar, onda səni yanıma qəbul etmərəm... Bir də qoyma Əbubəkr oğlu bizim əbədiyyət evindən yaxşısını tiksin başqalarına... Qoy biz ana-balanın əbədiyyət evindən yaxşısı olmasın heç yanda”.

Cahan Pəhləvan sakit-sakit addımlayıb salonun qapısını açdı, astanada ayaq saxlayıb dedi:

– Şair Nizaminin memar Əcəmiyə yazdığı məktubu ələ keçiriblər, deyərəm gətirsinlər oxu... – Və elə bil qeyb oldu.

Ey ulu tanrı, özün kömək ol!.. Hökmdarın ürəyinə dolan şübhələri özünü kənar et... Saraylarda şübhə çox vaxt oğlu atanın, atanı oğlun qəsdinə durmağa vadar edib... Qardaş-qardaşın üstünə qoşun yeridib, qılınc qaldırıb. Sədəddin Əsədin elə bil beli büküldü, qəddi daha da əyildi, əvvəlcə zarıdı, sonra ağladı: – Axı sən belə deyildin, Şəmsəddin oğlu!.. Deyəsən əcəlin yaxınlaşdıqca amansız olursan!..

Birdən qəddini düzəltdi və nəsə tapmış, nəsə kəşf etmiş kimi sifətində bir qırıq işıq ucu peyda oldu. Ürəyində dedi: “Bağışla, zənci balası, bağışla məni... Əbubəkr oğluna görə sən...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əl qisas, bil qisas

Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...

13 dəq
Tövbə

Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

8 dəq
Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 dəq
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 dəq

Başqa şairlərin şeirləri