Qonşuluq barədə bədxahlığın, bədgümanlığın əsasını hələ neçə-neçə il əvvəl gürcü çarı dördüncü Baqrat qoymuşdu. O, heç bir əsası olmadan Arrana düşmən nəzərilə baxmışdı. Öz sələfinə xilaf olmayan dördüncü David isə Azərbaycan üzərinə qoşun yeritmiş, nahaq qanlar tökmüş, iki qədim qonşuları bir-birinin üstünə qılınc qaldırmağa məcbur etmişdi. David Gəncəni tutmuş, yerli əhalidən çoxlu əsir alıb aparmışdı.

Onun ölümündən sonra taxt-taca sahib olan birinci Demetre qəflətən basqın edərək gəncəlilərin üstünə yenidən qılınc qaldırmış, onları talan etmiş, geri dönəndə isə çoxlu qənimət aparmışdı. Əsir götürdüyü on min gəncəlinin çoxunu qılıncdan keçirmişdi...

Bütün bunları yaxşı bilən Şəmsəddin Eldəgəz özünü həmişə ayıq və sərvaxt saxlamağa çalışırdı. Yeni dövlətin paytaxtını gah Naxçıvandan Həmədana, gah Həmədandan Naxçıvana köçürsə də, qonşusuna bel bağlaya bilmirdi. Çünkü gürcü çarlığında hakim dəyişilsə də, siyasət dəyişmirdi-yağı gözləri, düşmən nəzərləri yenə də Gəncəyə, Naxçıvana, Bərdəyə... tərəf baxırdı. Bu təhlükəni bilən Şəmsəddin Eldəgəz hakimiyyəti qəbul edəndən bir neçə il sonra səlcuq hökmdarları ilə ittifaq bağlayıb gürcü çarının üzərinə qoşun yeritdi və onu məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyət uzun sürmədi. Nizami milli qoşuna, yaxşı hərbi hazırlığa, əsaslı cəbbəxanaya malik olan gürcü çarı iki illik fasilədən bacarıqla istifadə edərək daha böyük hərbi qüvvə ilə Azərbaycana soxuldu və Gəncəni yenidən istila etdi. Onun qoşunları Naxçıvanı da, Beyləqani da aldılar, yerli əhaliyə olmazın əzab-işgəncə verəndən sonra, küllü miqdarda xərac alıb geri qayıtdılar və hər il xərac alacaqlarını dövlət sənədilə rəsmiləşdirdilər. Lakin Şəmsəddin Eldəgəz məğlubiyyətindən məyus olmadı – qoşununu türklərdən əlavə, Naxçıvanın seçmə oğulları hesabına artırmağa başladı, hərbi hazırlığa şəxsən özü başçılıq etdi, yerli əhalidən alınan vergilərin sayını artırdı, qoşun hissələrinə ən çox etibar edib inandığı məliklərdən başçılar təyin etdi, sipərsalarlığı¹ da öz üzərinə götürdü. Bir gün də gəldi ki, Gürcüstan üzərinə yeni yürüşə başladı..

¹ Qoşun başçısı

Gürcü çarlarının bu düşmənçiliyi atasının yerinə hakim keçən Cahan Pəhləvanın xatirindən çıxmırdı. İkinci Georginin öz elçisini məhz Naxçıvana göndərməsi isə hökmdarın ovqatını yamanca təlx etmişdi. Sifəti bir az da sərtləşmişdi. İri gözləri xeyli kiçilmiş, çuxura düşmüş, yanaqlarındakı qırışlar artıb çoxalmışdı. Topa saqqalının cod tüklərinə daraq dəymədiyi üçün bir-birinə qarışıb çənəsinin altında qəribə bir görkəm almışdı. Gecələr narahat yatdığı, nəyinsə nigarançılığını çəkdiyi mütənasib sifətindəki anlaşılmaz əndişənin müəmmalı cizgilərdə özünü dərhal büruzə verirdi... Boy-buxunda, sir-sifətində atasına bənzəməyən pərbudaqlı, pəhləvan siqlətli olan Cahan Pəhləvan son günlərdə elə bil balacalaşmış və arıqlamışdı... Geyimində də əvvəlki səliqə-səhman gözə dəymirdi.

Son üç gündə isə işi-peşəsi saatlarla taxtın kənarına söykənmək, tacını başından götürüb dizləri üstünə qoymaq, sonra durub pişgahda o tərəf-bu tərəfə var-gəl etmək, pəncərə qabağında dayanıb uzaqlarda görünən Ağrı dağına baxmaq idi.

Dərgahda isə adamlar bir-birinə dəymişdi: hamıya agah idi ki, hökmdar özünün növbəti qəzəbnak günlərini keçirir...

Bir fəlakət üz verməsə yaxşıdı... Otaqlardan tez-tez dualar eşidilirdi: “İlahi, bəladan hifz elə bizi!”, “Sübhanallah, rəhmin gəlsin bizə!”, “Xudaya xudavənda, sən bizi əlil və zəlil eləmə!”, “Ya robbi-aləmeyi, sənə amin, yüz kərə, min kərə amin”, “Ey peyğəmbər salavatullah, müqəddəs dininə, kamil kəlamlarına baş verək, təki nəzərlərini bizdən əsirgəmə!”, “Ya minəl-əta, bizə də bir əmin-amanlıq əta elə!..”

Belə vaxtlarda saray ərkanından və xidmətçilərdən heç kim pişgahın qapısını açmağa, hökmdarın yanına girməyə cürət etməzdi. Nədənsə təkcə Xəlil müxtəlif vasitələrə əl atar, dəridən çıxıb bəhanələr axtarar, əlahəzrətanın dərdlərin dağıtmağa, ürəyinə dolan kin-küdurəti azaltmaq üçün kəlmə kəsməyə nail olardı.

Pişxidmət Xəlil “yaxşı gündü” deyə xəmis¹ günü cürətə gəldi, qapını açıb şəstlə pişgaha girdi, yaxına gəlib baş endirdi, təzim etdi, “əyyamüküm səidə”² deyib, hökmdarın hüzuruna səhər salamı yetirdi, ona xoş əhval-ruhiyyə dilədi, gündüzlər yaxşı iştaha, axşamlar könül açan istirahət, gecələr rahat yuxu arzuladı...

¹ Cümə axşamı
² Gününüz xeyirli olsun (ərəb.)

Cahan Pəhləvan başını qaldırıb diqqətlə ona baxdı, ancaq ona heç nə demədi. Xəlil “ölmək ölməkdi, xırıldamaq nə deməkdi” deyə üyüdüb tökməyə başladı: – Ey əlahəzrəta, bu səbükbarılıq¹ sizə yaraşmır – dedi. – Neçə gündü dərgah əhli sızlayıb ağlayır, qəm-kədər içərisindədi. Sizin əhval-ruhiyyənizin yerində olmaması hamının yeyib-içdiyini zəqquma döndərib... Nə gecəmiz var, nə gündüzümüz. Günəş bizim üçün doğmur, Ay bizim üçün işıq saçmır, çaynar bizim üçün axmır, güllər bizim üçün açmır, quşlar bizim üçün oxumur bu günlərdə... Ey fəsillərin pənahı, fəqirlərin himayəçisi, zəmanənin yeganəsi, millətin qayğıkeşi, acların doyundurucusu, bizə rəhminiz gəlsin... Fərman, hökm, əmr sizdən, icra bizdən... Qabağınızda ölməyə, ayaqlarınıza düşməyə, başınıza dolanmağa hazırıq gecəli-gündüzlü... Fərman imzalayın, icra edək, hökm verin yerinə yetirək, əmr edin qulluğunuzda duraq...

Cahan Pəhləvan əli ilə pişxidmətə rədd olub getmək işarəsi verdi:

– Mən əlahəzrətə qəzəbnak çağlarında tənha qoyub heç yerə gedə bilmərəm... Qədəmlərim sınar, varlığın yoxluğa çevrilər. Bir olan qadir Allah bilir ki, ali mənsəbin hər bir hökmünə can-başla beyət etmək onun müti qulu olan mənim üçün böyük şərəfdir. Bihəmdullah, adillik də sizdədi, bazilik də.

– Rədd ol get, İsfahan lotusu!.. – Bu dəfə dili ilə dedi hökmdar.

Ancaq Xəlil qırsaqqız olub saray sahibinin yaxasından asıldı.

– Bəlkə nədimə deyəm hazırlıq görə, ova çıxasınız, qəlbiniz açıla...

Hökmdar başını silkələdi.

– Bəlkə, könlünüz əşar eşitmək istəyir. İcazə verin Məhəmməd ibn Tahiri çağırım. Çapar göndərim lap Müciriddin Beyləqani gəlsin... şəninizə qoşduğu qəsidəni öz dilindən eşidin... Bunları istəmirsinizsə, qəvval² cariyəni gətirim eşqdən, məhəbbətdən söz açsın...

Hökmdar elə bil təngə gəldi...

– Ay İsfahan lotusu, sənin çənəni məyər dəmirçi döyüb?.. Niyə çərənləyib qurtarmırsan?.. İstəyin odur ki, Əli Şimşəyin bacısı kimi birini yenə...

– Əlahəzrata onun adını çəkməyin... Ona görə mənim boynum da vurulsa saraya halaldı. – Xəlilin dizləri əsdi.

– Nə dedin?!

¹ Tərkidünyalıq
² Şeir söyləyən

– O həyasız bizi aldadıb, aradan çıxıb... Əli Şimşəyin heç yerli-dibli bacısı olmayıb... Əli Şimşəkgil üç qardaşdılar. Vəssalam!

– Bəs Əcəmi?

– O da yalan imiş, əlahəzrətə! Ancaq Əcəmi həqiqətən Əli Şimşəkgilə simsardı... Amma kim kimin nəyidi, bunu dürüst bilmirəm.

– Demək belə! – Cahan Pəhləvan taxtdan durub otaqda var-gəl etdi: – Heç bilirsən buna görə sən hansı cəzaya layiqsən?

– Zindana atılmağa, hökmdar. – Xəlil əlini sinəsinə qoyub təzim etdi.

– Azdı!

– Dil kəsilməyə, əlahəzrətə. – Pişxidmət ikiqat əyildi.

– Azdı!

– Asılmağa! – diz çökdü.

– Azdı... dedim azdı!

– Adillik də sizdədi, bazilik də, əşrəfi-əla da. – Xəlil hökmdarın ayaqlarını qucaqladı...

– Yaxşı... onda vəzirə de ki, bütün qoşun başçılarını pəncşənbə günü xüftən namazından sonra yanıma dəvət etsin.

Xəlil gözləmədiyi cavabdan diksinən kimi oldu, cəld ayağa qalxsa da, dizləri sözünə baxmadı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 dəq
Naməlum süvarilər

Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...

6 dəq
Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 dəq
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 dəq

Başqa şairlərin şeirləri