Səhifə 1 / 5

Birinci qəbul

Şəhər rəisi Eldəgəzlər dövlətinin ikinci hökmdarı şərəfinə böyük bir ziyafət düzəltmişdi. Cahan Pəhləvan cənublulara məxsus qanıqaynar naxçıvanlılardan arxayın olandan, atabəy-əzəm üçün elan etdiyi matəm günləri başa çatandan və Həmədandan Naxçıvana qədər uzanan yolların yorğunluğu yavaş-yavaş canından çıxandan sonra bu fikrə gəlmişdi. Bir də rəyasəti ələ keçirəndən, cavan bir dövlətin bütün qayğılarını, məmləkətin dərd-sərini çəkməyi boynuna götürəndən, iki ay içərisində iki əziz adamına – Anası Möminə xatuna və atası Atabəy Şəmsəddinə saxladığı matəm günlərindən ürəyinə dolan kədəri özündən uzaqlaşdırmaq üçün ova çıxmağa, dağ havası almağa, əylənməyə, kef etməyə nəsə bir ehtiyac duyurdu...

Bu, adi adamın ehtiyacı deyildi, hökmdar ehtiyacı idi, saray sahibinin idi. Rəyasət sahiblərinin isə əzəl gündən sevgisi də böyük olur, nifrəti də, qayğısı da böyük olur, ehtiyacı da...

Cahan Pəhləvan Naxçıvanda olacağı vaxtda öz istirahətli günlərinə əsasən ziyafətdən başlamışdı.

Salona bütün saray ərkanı də dəvət olunmuşdu. Mərhum atabəy-əzəmə yaxın olan bəzi məliklər də, ədiblər də, alimlər də yaddan çıxarılmamışdı.

Məclis uzun çəkmədi, hökmdarın hələlik yaslı olması, atabəy-əzəmin hələ qırxının çıxmaması nəzərə alınaraq məclisə nə xanəndə çağrılmışdı, nə də rəqqasələr dəvət olunmuşdu. Buna görə də təriflərə, mədhiyyələrə geniş yer verilmişdi. Hərənin də ağzından bir avaz gəlirdi. Rəis deyirdi: “Eldəgəzlər xanədanının yeni hökmdarı Cahan Pəhləvan bütün əmirlərin günəşidir. Onun qılıncı qarşısında polad da ipəkdən yumşaqdı. Heç bir qəza bunun qılıncından boyun qaçıra bilməz...”

Tahir deyirdi: “Yenə dövlət və xoşbəxtlik karvanı bizə yön gətirdi, əzab və ağrı yerinə bizə şadlıq və sağlamlıq bəxş etdi...”

Ədib deyirdi: “Sən istədiyin qədər ney və rud ilə, arzu etdiyin qədər cəlal və kamranlıqla yaşa, ey bizim həşəmətli hökmdar...”

Şair isə hökmdardan əvvəl yaşamış bir şahın şəninə deyilən əsara öz əlavələrinə də edib, onu Cahan Pəhləvanın ünvanına yamayırdı: “Ay üzlü saqilərdən günəştək badələr al, Zöhrə üzlü mütriblə sübhə kimi oyaq qal”...

Cahan Pəhləvan gizli-gizli arabir Şərur məlikinə göz qoyurdu. Məlik Oğuz ağzına su alıb bir kənarda əyləşmişdi, nə yeyib-içir, nə bir kəlmə kəsirdi. Saray sahibi fikirləşirdi: “Deyəsən, bizimki tutmayacaq, Salur törəməsi...Ürəyimə damıb ki, sənə bel bağlamaq olmaz...”

Elə bu vaxt küncdə özünü dartıb şəstlə əyləşən və tez-tez tavana baxan ortaboylu, bədəncə arıq bir adam ayağa qalxdı. Onun dazlaşmış başı, alnındakı çin-çin qırışlar saray sahibinin xoşuna gəlmədi, buna baxmayaraq, onu yerində oturtmaq istəyən rəisə işarə elədi ki, qoy danışsın. Bu, şair Kəmaləddin Naxçıvani idi. Şair əyləşdiyi kürsüdən uzaqlaşıb ördək yerişilə otağın ortasına gəldi, uzun boğazını uzadıb dedi:

– Gərək Süheyl ulduzu kimi şölə saçasan ki, başqa ulduzlar da ətrafında fırlana... Gərək dağ kimi qəlbi olasan ki, təpələr də sənə sığına... Gərək dəryalar kimi geniş, dərin olasan ki, nəhrlər də baş götürüb sən səmtə axa... Siz suheylsiz, siz dağsız, siz dəryasız, bizim həşəmətli hökmdarımız. Mən sizə böyük bir mədhiyyə yazacağam. İndi isə həmin mədhiyyənin bir beytini burda deyim: “Qoy daima var olsun bu möhtəşəm xanədan, yüksəlsin ərş-fələyə bizim şahi-cahan...”

Şair keçib yerində əyləşəndə rəis fikirləşdi: “Bu köpək oğlu adam kimi danışırmış ki!.. Az qala ürək-göbəyimi yemişdim!..”

Cahan Pəhləvan isə məclisin əvvəlindən dinib-danışmadı, qulaq asdı. Ancaq şəhər rəisi məclisin başa çatdığını hökmdara istirahət verməyin lazım olduğunu bildirmək istəyəndə hökmdar sağ əlini yuxarı qaldırdı. Bu o demək idi ki, dayan, kiri.

– Bəlkə, şəhərimizin baş memarı Əcəmi Əbubəkr oğlunun da sözü var. – Sualı verən Cahan Pəhləvan idi.

Salonda pıçhapıç başladı. Çünki hökmdar Əcəminin sarayda yeni rütbəsini elan etmişdi. Bu qəfil elanı eşidəndə şəhər rəisi qulaqlarına inanmadı. Axı ikicə gün bundan əvvəl hökmdara eşitdirmişdi ki, memar Məsub ibn Əbutahiri şəhərin memarı təyin etmək niyyətindədi. Ancaq gec imiş. Əş-şeyx ər-rəis, özü demişkən gönü vermişdi suya.

Əcəmi fikirləşdi: “Siyasətdə, deyəsən, atandan heç də geri qalan deyilsən, ay Atabəy..” və ayağa qalxıb, əlini sinəsinə qoyub azacıq baş endirdi.

– İndicə bəyan etdiyiniz böyük etimada... böyük etibara görə məni Eldəgəzlər xanədanına... özünüzə ömrlük borclu saldınız, hökmdar... Mən bu yadda qalan gününüzdə sizə nə arzulaya bilərəm? – danışığına bir an ara verib əlavə etdi: – saray ərkanı bilir ki, mən bənnayam...

– Sən memarsan, Əbubəkr oğlu!

– Qoyun siz deyən olsun hökmdar. – Əcəmi yenə ehtiramla baş endirdi:

– Mənim gözlərim əzəli gündən, ağlım kəsəndən hər yeri abad görməyə alışıb. İstərəm Eldəgəzlər xanədanına baxan bütün kəndlər, şəhərlər abad olsun. Nə bir ev dağılsın, nə bir koma uçulsun, nə də bir malikanə yandırılsın. – Əlindəki səndəl ağacını qurşağına taxıb əllərini sinəsində çarpazladı: – Əkinlərimizi düşmən qoşunlarının atları ayaqlamasın, bağ-bağçamızın meyvələrini yağılar dərməsin. Azərbaycan Atabəylərinin yurduna əli silahlı əcnəbilər pis niyyətlə ayaq basmasınlar. Sizə də atabəy-əzəmin böyük işini, xeyirxah əməllərini sağsalamat davam etdirəsiz, padşahı olduğunuz dövlətin nüfuzunu daha da artırasız, bayrağını daha uca tutasız!..

Cahan Pəhləvan fikirləşdi ki, onun üçün bundan gözəl, bundan ağıllı xeyir-dua ola bilməz...

İkinci qəbul

Cahan Pəhləvanın həddi-buluğa çatan gündən qadın barəsində fikirləri çox dumanlı idi: Bəzi kişilər fərsizlik üzündən qul olsalar da, övrətlər ana bətnindən qul doğulurlar... Onlar qul kimi böyüyür, qul kimi də ərsəyə çatırlar. Bazardan alınan hər şey sənin malın, əmlakın olduğu kimi, ərsəyə çatan bir qızı da, istər ata evindən alıb özünçün övrət elə, istər qul bazarından alıb hərəmlərinin içərisinə ötür, fərqi yoxdu, o da quldu. Daha doğrusu sənə məxsusdu, bazardan alınan əşya kimi, əmlak kimi. Bircə fərqi var ki, canlıdı, istədiyin vaxt sənə həyan olur, səni əyləndirir. Çünki sənə məxsusdu, sən onun sahibisən... Sahibisən, demək onunla istədiyin kimi rəftar da edə bilərsən. Çünki küllü-ixtiyarsan... Sevə də bilərsən, nifrət də edə bilərsən. Bu gün əzizləyib özünə dildar saya da bilərsən, sabah yağı hesab edib ölümünə fərman də verə bilərsən. Allah-Təala övrəti özü belə qarğıyıb, cənnəti Adəmə tapşıran gündən onun taleyini alnına beləcə yazıb...”

Vəzir Sədəddin Əsədin bir dəfə cürət edib onun bu fikirlərinin əleyhinə dediyi bir-iki kəlməsinin əvəzində hökmdar onu düz bir ay adam yerinə qoymadı... nə məclislərdə dəvət olundu, nə də ziyafətlərdə süfrələrə düzülən ləziz nemətlərdən daddı. Hətta vəzir istəmişdi ki, bir gün içəri girib hökmdara ağzından çıxanı desin və oradan nizəli mühafizlərin qabağına düşüb birbaş edam olunacağı yerə getsin, nətimə¹ desin: get, cəllada de ki, gəlsin... Amma xeyli götür-qoydan sonra sözlər boğazında tıxanıb qalmışdı.

...Darüleyş bu payız xüsusi zövqlə bəzədilmişdi. Böyük otaq atabəy-əzəmin vəfatından sonra ağardılmış, divarları arı pətəyinə oxşar cizgilərlə, naxışlarla qızıl, gümüş suyuna tutulmuşdu. Pəncərələr firuzəyi rəngə boyanmışdı, dəstəkləri gümüş halqalardan düzəldilmişdi. Pəncərəarası divarlara nəfis toxunmuş, üstünə müxtəlif heyvan rəsmləri işlənmiş ipək xalçalar vurulmuşdu. Yuxarı başda misli-bərabəri olmayan gözəl Təbriz xalçası divar boyu aşağı sallanmışdı. Xalçanın üstündə mahir bir qadın əli qəribə bir mənzərə işləmişdi: qızmış bir pələng məsum bir ceyranı gül-çiçəklərin içərisində yerə sərib sol pəncəsini onun sinəsi üstünə qoymuşdu. Qəribə burası idi ki, pələngin sifətində Cahan Pəhləvana nəysə bir oxşarlıq var idi. Elə hökmdara da ilk baxışdan xoş gələn bu oldu...

Pəncərələrdən təzə açıq mavi Şəki ipəyindən çin-çin pərdələr asılmışdı. Salonun sağ-sol divarları boyu üstünə müxtəlif rəngli Türküstan qanovuzundan tikilən örtüklər salınan kürsülər, kürsülərin arasına əlvan gülləri olan şəffaf minalı dibçəklər qoyulmuşdu. Aşağı başda çalğıçılar üçün xüsusi dibaçə qoymaq da yaddan çıxmamışdı.

Tavanın ortasından asılan gözəl Ordubad avizəsinin şamdanlarında hərəsi bir rəngdə olan yeddi Naxçıvan şamı yandırılmışdı. Bu, o demək idi ki, hökmdar bu axşam yeddi “səyyarəyə” tamaşa edəcək, hökmdarı bu axşam yeddi gözəl əyləndirəcək... Özü də ən seçmələri: hərəsi bir işvə-nazlı, hərəsi bir avazlı, hərəsi bir ürəkli, hərəsi bir dirəkli, hərəsi bir sözlü, hərəsi bir qaş-gözlü. Buyursun təzə hökmdar seçsin, ürəyinə hansı yatsa, hansı batsa... Bu mülahizələr hərəmxana işlərinə baxan pişxidmət Xacə Xəlilin kəşfi idi. Onun bir kəşfi də bu idi ki, “hökmdar hər fəslin birinci həftəsində özünə məxsus belə bir qaydada istirahətlə məşğul olmalıdı ki, qarşıdakı üç ay üçün qüvvə toplaya bilsin, rəiyyət başçılıq edə bilsin. Yağılara barmaq silkələyə bilsin, saraya bəd nəzərlə baxanlara divan tuta bilsin... Həftə içərisində o, yerdəki mələklərdən yeddisilə əylənməlidir ki, onun əməllərini qeydə alan mələk də razı qalsın, bəd əməlləri onun ayağına yazıb Allah-Təalaya çatdırmasınlar...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 dəq
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 dəq
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 dəq
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 dəq

Başqa şairlərin şeirləri