Səhifə 3 / 5 · 40%

– Sakit ol, qızım.

Necə qızım?!

– Əli Şimşək kimi bir igidin bacısına qızım demək mənim üçün xoşdur. – Hökmdar siyasət işlədib ürəyindən keçənləri dilinə gətirdi.

– Bağışlayın, padşah...

Cahannur özünü saxlaya bilməyib hönkür-hönkür ağladı...

Cahan Pəhləvan keçib əyləşdi, fikrə getdi... Vaxtilə anası Möminə xatunun danışdığı bir əhvalat yadına düşdü: “Bərk xəstələnmişdim. Təbiblər nə qədər çalışsalar da istiliyim yenmirdi. Neçə gün idi ki, bədənim od tutub yanırdı. Bir gün təbibi-xünkar¹ dedi ki, Möminə xatun anaya ceyran südü lazımdır. Atabəy-əzəm neçə dəfə ova adamlar göndərdi, əliboş qayıtdılar... Bir gün öz otağımda tək yatmışdım, Atabəy-əzəm də şəhərdə yox idi. Demetre ilə Ani düzlərində vuruşurdu... Bir də gördüm qapı açıldı, içəri cavan, şüvərək bir oğlan girdi. Boynunda da diri bir ceyran, çiynində xurcun. Dedim bə yuxu görürəm. Oğlan bunu duyan kimi dedi: “Qorxmayın, Möminə xatun ana, mən eşitdim ki, təbiblər sizə ceyran dərman buyurublar. Hökmdarın adamları neçə dəfə Əlincəyə gəlib əliboş qayıdıblar... Sizi hamı bir xeyirxah ana kimi tanıyır...Tərifiniz mahal-mahal yayılıb... dedim necə olur-olsun gərək Möminə xatun anaya təzəcə doğan ceyran tutub aparam. – Bunu deyib ceyranı çiynindən yerə qoydu, xurcunu açıb balasını da çıxartdı,

¹ Sarayın baş həkimi anasının yanına ötürüb dedi: – Yaxşı cinsdi, südü boldu, sizə də bəs edər, balasına da...” Soruşdum: “Bəs sən kimsən, oğlan?” Dedi: “Bunun heç bir əhəmiyyəti yoxdu...” Dedim: “Yenə olsun?” Dedi: “Bir çoban oğluyam”. Dedim: “Bəs səni saraya kim buraxıb, bura necə gələ bilmisən?” Dedi: “Divar aşmaq, çay keçmək, yoxuş qalxmaq, eniş enmək mənim üçün su içmək kimi asan işdi... Yastığın yüngül olsun, Möminə xatun ana..” Gördüm getmək istəyir oğlan. Dedim: “Al, sənin bu qayğın gərək lazımınca qiymətləndirilə”. Ona bir neçə qızıl vermək istədim... Dedi: “Atam Eldar Bəhmən bizə elə öyrətməyib... Biz etdiyimiz yaxşılıq üçün əvəz almırıq”. Əvvəlki sözünü bir də təkrar etdi: “Yastığın yüngül olsun, Möminə xatun ana...”. Oğlan xurcunu atıb bir göz qırpımında qeyb oldu. Mən tez kənizi çağırdım, hirsləndim: “Yad adamı gecə vaxtı mənim otağıma niyə buraxmısan?..” Qız ayaq üstə dayana bilmirdi, uçunub gedirdi, dili söz tutmurdu. Handan-hana dedi: “Mən qorxurdum xatun... Özümdə deyildim...” Soruşdum: “Niyə qorxurdun?” Dedi: “Heç bilirsiniz o oğlan kim idi?” Dedim: “Kim idi?” Dedi: “Çoban Bəhmənin oğlu Əli Şimşək...”

Cahannur ağlayıb ürəyini boşaldandan sonra kiridi, özündən düzəltdiyi yalanın nə ilə qurtaracağını gözlədi. Cahan Pəhləvan bunu görcək az qala üzrxahlıq istədi:

– Yəqin səni tanımayıblar, – dönüb əyri-əyri Xəlilə baxdı. – Yoxsa bura gətirməzdilər, – əmr etdi: Şəhər rəisinə de ki, Cahannur qızı haradan, necə gətiriblərsə, oraya da eləcə aparıb valideynlərinə təhvil versinlər...

– Baş üstə... göz üstə.

– Mən buna inanmıram padşah. – Cahannur pişxidməti göstərdi, məni indi azad edin, qoyun elə bax indicə çıxıb gedim...

– Bu gecə vaxtı sən hara çıxıb gedə bilərsən?

Cahannur əllərilə yanaqlarına axan göz yaşını sildi və ikinci bir yalan uydurdu:

– Qohumumuz var. – dedi. – Evləri də Şahab meydanına yaxındı... Adına da Əbubəkr oğlu Əcəmi deyirlər...

– Necə?! Əcəmi qohumundu?

– Bəli padşah!.. anamın doğmaca dayısı oğludu...

– Belə de! O bilir ki, səni bura gətiriblər?

– Xeyr... Heç qardaşım da bilmir.

– Bəs niyə?

– Bu dağılmışda namusumu qoruya biləcəyimə ümidim yox idi, ona görə də vergini verə bilməyən bir kəndlinin qızı olduğumu dedim. Kimliyimi gizli saxladım. İstəmirdim ki, nə Əlini, nə də Əcəmini namussuz qızın qardaşı kimi, qohumu kimi tanısınlar. Atam çoban Bəhmən deyərdi: “Dünyada qızıldan da, daş-qaşdan da qiymətli olan bir şey var: onun biri kişi qeyrətidi, biri də qadın namusu...”

Cahan Pəhləvan fikirləşdi: “Son mənə böyük bir dərs verdin, ey kəndli qızı!.. Biz necə olursa-olsun, xəlifəyə qız hədiyyələri göndərməkdən imtina etməliyik...”

– Get, qızım! – Pişxidmətə sərəncam verdi: – Cahannur qızı memar Əcəmigilə ötür. Əbubəkr oğlugilə.

– Lazım deyil, özüm gedərəm... Elə tapşırsın, dərban darvazanı açsın...

– Axı gecədi.

– Mənə gecə gündüz birdir...

Xəlil yerindəcə quruyub qalmışdı, nitqi də kəsilmişdi. Heç nə deyə bilmədi, ancaq başını sinəsinə əyib təzim etdi.

Cahan Pəhləvan keçib yenə kürsüyə əyləşdi, fikrə getdi..

Dəbir bir-iki ağız öskürüb içəri keçdi. Hökmdar gözlərini açanda onu hüzurunda görüb soruşdu:

– Nə var, dəbir?

– Gürcü çarı Georginin elçisi təşrif gətirib.

– Mən bunu gözləyirdim, dəbir..

Üçüncü qəbul

Cahan Pəhləvan gürcü çarı Georginin elçisini zöhr namazından sonra pişgahda qəbul etdi. Qəbula elə həmin gün Həmədandan Naxçıvana gələn Sədəddin Əsəd də dəvət olunmuşdu. Dəbir küncə qoyulmuş dəyirmi mizin arxasında əyləşib leylək qələmi də əlində hazır saxlamışdı ki, hökmdar ona işarə edəndə söhbətini rəsmi sənəd kimi ağ Səmərqənd kağızına qeyd etsin və şəcərədə saxlamaq üçün sarayın arxivinə versin.

Belə bir qayda hələ Şəmsəddin Eldəgəzin sağlığında müəyyən edilmişdi və indi də mövcud idi. Mütərcim çağırılmamışdı, çünki dəbir gürcü dilini də mükəmməl bilirdi. Buna görə də ona ikinci bir qulluq da tapşırılmışdı. Tapşırılmışdı ki, elçinin dediklərini hökmdara dərhal tərcümə etsin və söhbət qurtarana kimi vəzifəsini dəqiq, səliqəli yerinə yetirsin.

...Elçi ucaboy, enlikürək, ortayaşlı bir adam idi. Onu da özündən həmişə razı və təkəbbürünü dərhal büruzə verən gürcülərdən hesab etmək olardı. Üz-gözündən ağıllı, təmkinli görünsə də, xəbis və hiyləgər adama oxşayırdı. Bunları Cahan Pəhləvan ona əyləşməyə yer təklif edəndə bir anın içərisində özü üçün kəsdirmişdi və öz mülahizələrinin doğruluğuna qətiyyətlə inanmışdı...

Pişgahda yaranan ani sükutu ümumi qaydaya görə hökmdar pozdu:

– Biz gürcü çarının elçisinə qulaq asmağa hazırıq...

Elçi Cahan Pəhləvanın sifətindəki sərtliyi də, səsindəki ötkəmliyi də dərhal hiss etdi və buna baxmayaraq, kürsüdə yerini bir az da rahatlayıb dedi:

– Bizim böyük hökmdarımız Georgi cənabları məni vəkil etmiş ki, Eldəgəzlər xanədanın təxt-tacına sahib olmağınız münasibətilə sizi onun adından təbrik edim...

Cahan Pəhləvanın sifətində dərhal bir kinayə peyda oldu və elçini axıra kimi dinləməyə hövsələsi çatmadı:

– Bu Georgi nə vaxtdan “böyük Georgi” olub? – Cahan Pəhləvan əvvəlcə Sədəddin Əsədə baxdı, vəzir çiyinlərini çəkəndən sonra elçiyə dedi: – Əvvəlan, mən taxt-taca sahib olmamışam, – nədənsə bu dəfə dəbirə baxdı. – Varislik borcumu yerinə yetirmişəm, daha dürüst desək, hörməti elçi də çarı da bilməlidirlər ki, mən sadəcə olaraq atabəy-əzəmin, yəni Azərbaycan Atabəylər dövlətinin ilk hökmdar Şəmsəddin Eldəgəzin vəsiyyətinə əməl etmişəm. Və mən bu dövlətin əyalətlərindən birində sizi qəbul etmək nəsib olub.

Elçinin sifətində saxta bir təbəssüm göründü:

– Fərqi nədir... Qoy siz deyən olsun...

– İkincisi, cənab Georgi öz elçisini Həmədana göndərib məni orada da təbrik edə bilərdi...

– Bizim böyük hökmdarımız Georgi cənablarına heç kim məsləhət vermir... özü necə bilir, elə də, hərəkət edir...

– Yəqin, Georgi cənabları o ümiddəymiş ki, naxçıvanlılar bəlkə atabəy-əzəmin vəfatından sonra Eldəgəzlər sülaləsinə daha etibar etməyəcəklər, eləmi?

– Bizim böyük hökmdarımız Georgi cənabları bu barədə mənə heç nə deməmişdir.

– Görünür, siz qonşularınızı hələ yaxşı tanımırsınız... Naxçıvanlılar etibarlı məxluqdur. Onlarda yaxşı ilə yamanı, mərd ilə namərdi, dost ilə düşməni dərhal müəyyən etmək üçün xüsusi qabiliyyət, mən deyərdim ki, xüsusi istedad var... Cənab elçi sözünün ardına buyura bilər.

Elçi söhbətin əvvəlinə qayıtdı:

– Bizim böyük hökmdarımız Georgi cənabları Sizə həm də can sağlığı arzulayır...

Cahan Pəhləvan ürəyində yavaş-yavaş baş qaldıran kin-küdurəti zorla boğmağa çalışdı, nədənsə sol çiyni üstündən çevrilib bir an vəzirə sərt-sərt baxdı və özünü sakit göstərməyə çalışaraq razılıq etdi:

– Çar Georgiyə çatdıra bilərsiniz ki, mən Cahan Pəhləvan onun bu təbrikini və xoş arzusunu yüksək qiymətləndirirəm. – Saray sahibi bu dəfə “Cahan Pəhləvan” sözlərini xüsusi vurğu ilə dedi və bir an fikrə gedəndən sonra soruşdu: – Mənim üçün maraqlıdır ki, görüm Çar Georgi sizi təkcə məni təbrik üçün göndərib, yaxud başqa məramı da var?

– Hər halda, başqa məramı olmamış deyil. – Vəzir, Cahan Pəhləvanın sözünə qüvvət verdi. – Düz deyirəmmi, cənab elçi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 dəq
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 dəq
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 dəq
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 dəq

Başqa şairlərin şeirləri