Kuzəçi, dəmirçi, zərgər
Səhifə 1 / 3
Əcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...
Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.
Bazarda yenə qələbəlik idi. Adamların arasından keçib tanış bir kəndlidən təzə pendir, şor-kərə, per-pencər aldı. Qayıdanbaş yolunu “Qızlar bulağının” üstündən saldı. Ona elə gəlirdi ki, bulaqda heç kim olmaz, o da yaxşıca yuyunar, yaz gecəsinin kəsalətini bədənindən tezcə qovub çıxarar...
Ancaq yoxuşu aşağı enəndə qulaqlarına gülüş səsi gəldi. Elə bil qayada kəkliklər qaqqıldayırdı. Dayanıb qulaq asdı. Kişi xeylağı olmayanda qızların bir-birinə qoşulub sərbəst zarafat etmələri, ürəkdən gülmələri cavan yaşlarından Əcəminin xoşuna gəlirdi...
Bulağın üstündəki dikdirdə böyük sal daşlardan birinə söykənib əvvəlcə, göy qurşağına baxdı, sonra ətrafa xeyli qulaq asdı. Atasının dostu qoca kuzəçinin bir dəfə dediyi sözlər qulaqlarında səsləndi: “Bizi bu fani dünyaya bağlayan iki şeydi, qardaşoğlu: biri torpağın əziz nemətlərindən dadmaq həvəsidi, biri də məhəbbətdi...”
Qayanın döşünə sığınan ceyran sürüsü təhlükə duyub özünü yığışdıran kimi, qızlardan da kimsə Əcəmini gördüyü üçün xəbərdarlıq etdi. Gülüş səsi xırp kəsildi, bəzisi güyümü çiyninə qaldırdı, bəzisi bardağı, çürdəyi əlinə götürdü, durna kimi qatarlanıb ensiz yola düzüldülər, gəlib Əcəminin yanından keçib getdilər. Salam verəni də oldu, utanıb başını aşağı salanı da. Ancaq başına yanları yaşıl haşiyəli ağ kəlağayı örtən bir qız ayağını sürüdü.
– Sabahın xeyir, usta, – dedi və onun qənşərində dayandı: Bəlkə suya meylin var? – əlindəki balaca bardağı ona tərəf uzatdı..
Qabaqdakı qızlar da ayaq saxladılar, dönüb arxaya baxan da, çiyni üstə qanrılan da oldu.
– Sənin kimi gözəl qızın təklif etdiyi suyu heç içməmək olar? – Əcəmi səndəl ağacını qurşağına taxıb, bardağı qızdan aldı, qızın yanağına qədər qaldırdığı kəlağayının üstündən yanan qara gözlərinə baxa-baxa başına çəkdi, bir neçə qurtum içəndən sonra sahibinə qaytardı: – Çox sağ ol... Ulu yaradan səni xoşbəxt eləsin!
– Sən də sağ ol, usta. – Qız bardağı sinəsinə sıxdı. Amma izin versən, ha budu, bir ricam var, onu deyərəm.
– Buyur. – Əcəmi diqqətlə qıza baxa-baxa qaldı.
– Möminə xatun ananın qəbrini yaxşı götür. Ha budu, Şeyx Yusifin qəbrini necə düzəltmisən, onunkunu da eləcə düzəlt... Möminə xatun yaxşı övrət idi. Mənə böyük yaxşılığı keçib. Yalvardım-yaxardım məni o dağılmış Bağdada göndərilən qızların içərisindən, ha budu, özü alıb da, buraxdı da... yoxsa indi başıma nə müsibətlər gəlmişdi! – Qız qəhərlənib köks ötürdü.
Əcəmi ha çalışdısa fikrini bir yerə toplaya bilmədi. Qabaqdakı qızlardan kimsə əl elədi. Qız bunu görüb Əcəmidən uzaqlaşdı və gedə-gedə:
– Əlin-qolun var olsun, usta! – dedi. Əməlin də bu bardaqdakı su kimi saf, təmiz. Bu da bizim sənə, ha budu xeyir-duamız bu sübh çağı.
– Sağ olun, qızlar, çox sağ olun!
Əcəmi xeyli müddət qızın arxasınca baxdı, birdən Dəryanuru xatırladı, çünki indicə ona su verən qızın özünün də bir suyu Dəryanura oxşayırdı... Özünü ələ alıb bu dəfə yaxasını şirin-şirin xatirələrin ağuşuna atmadı və beyninə dolan qarmaqarışıq fikirləri özündən uzaqlaşdırmağa çalışdı. Və birdən hər şey onun üçün aydın idi: su verən qız Şahab meydanında Cahan Pəhləvanı qarşılayan şəhər əhlinin içərisində gördüyü Şəhdigül idi...
İstədi çağıra, danışdıra, ancaq qızlar uzaqlaşıb gözdən itmişdilər: Fikirləşdi: “Eybi yoxdur, ərənlər üçəcən deyiblər...”
Əcəmi bulağın gözünə endi. Sal daşlardan elə bil inci süzülüb tökülürdü. Bir müddət dayanıb baxdı... fikirləşdi: “Həqiqi aşiqlərin də eşqi, məhəbbəti bu damcılara bənzəyir: saf, şəffaf, təmiz...” Sonra səvərəni daşın üstünə qoyub göz yaşı kimi suyu ovuclarına doldurdu, üz-gözünü, açıq sinəsini yudu, sonra Atabəylər meydanına gedən yoxuşla dikdirə qalxdı, yolunu Möminə xatunun qəbri yanından saldı. Qəbrin mərmər sanduqəsinə qızıla tutulmuş qara zərxara salınmışdı...
Bura çatanda ayaq saxlayıb qəbrin qoca xuddamına¹ salam verdi, kefini soruşdu. Sonra gözləri qəbrə zilləndi, xeyli fikrə getdi...
Şəhristanın Məğrib qapısına çatanda sağa buruldu, sonra cənubdan robata keçdi, burada yan-yana düzülən karvansarların qabağından adlayıb balaca dulus dükanına girdi. Ağ əbrişim saqqallı qoca kuzəçi öz işində idi. Arıq, damarları çıxmış əllərilə dulus çarxını tənbəl-tənbəl fırladır, palçığı mum kimi istədiyi şəklə salırdı. Bu cahandidə qocanı yaxşı tanıyırdı, atası Əbubəkrlə uzun illər dostluq etmişdi.
Sabahın xeyir...
Qoca fırlatdığı çarxı saxladı, başın yuxarı qaldırıb diqqətlə baxdı və gələni birdən tanıdı.
¹ Gözətçi
– Bıy, qardaşoğlu, sənsən?.. Saqqalın ağarsın, az qaldım tanımayım.
– Kuzəçi sağ əlinə söykənib güclə çarxın arxasından durdu, belini düzəldib kənardakı kötüyün üstündə oturdu, qənşərindəki üstünə ağ qoç dərisi salınmış kötüyü də Əcəmiyə göstərdi, əyləşməsinə işarə etdi.
– Sənin də sabahın xeyir olsun, ay Əcəmi. – Köhnə əbasının cibindən balaca kisə çıxartdı, düyününü açıb bir çimdik burunotu götürdü, burnuna çəkdi, iki-üç ağız asqırdı, sonra əlavə edib dedi: – O gün Cəmil gəlmişdi... səndən ona da giley-güzar elədim ki, bəs mənim bu qardaşoğlum görüküb – eləmir... O da ki, sənin tərəfini heç kimə verməz. Dedi ki, başı bir az qarışıqdı, bu gün-sabah görükər. Sonra da şəhristanda dəbiri görüb soruşdum. O da dedi ki, Əbubəkr oğlunun başı qarışıqdı...
Əcəmi dinmədi, kötüyün üstündə də oturmadı, qocanın yerinə keçdi, çarxı işə salıb onun yarımçıq işini davam etdirməyə başladı. Kuzəçi razı olmadı:
– Əşşi, bu olmadı ki! – Əl-ayağını niyə palçığa bulayırsan? – Qoymasa da, Əcəminin işləməyindən xoşu gəldi. Çarxın üstündə hərlənən palçıq tez-tez formasını dəyişir, şəkildən-şəklə düşürdü... Bir az sonra gözəl, səliqəli bir kuzə alındı. Əcəmi cibindən nəyisə çıxarıb onun üstünə müxtəlif xətlər çəkdi, naxışlar cızdı. Sonra Dərgah kişiyə baxıb gülümsədi:
– Yox, qardaşoğlun hələ yadırğamayıb, Dərgah kişi! Nə vaxt istəsən, gəlib şagirdin ola bilərəm.
Kuzəçi də xəfif-xəfif güldü:
– Qoy görək sən Allah – dedi. – Lətifəsi bizdən uzaq olsun, deyir, bir dilənçi bir qapıdan çörək istədi, içəridən səs gəldi ki, ev yiyəsi evdə yoxdu. Dilənçi dedi: “Mənə çörək lazımdı, ev yiyəsi yox...” Mənə sənin sağlığın lazımdı, ay Əcəmi! Adın-sanın lazımdı, ay qardaşoğlu! Dur, dur su töküm əllərini yu.
Əcəmi tabe oldu. Sonra keçib qocanın göstərdiyi kötüyün üstündə oturdu, gətirdiyi səvərəni də götürüb yan tərəfdə bir-birinin üstünə qalanan kuzə dəstinin üstünə qoydu.
– Heç sən də görükmürsən, ay Dərgah kişi. – Əcəmi də onu çox səmimi məzəmmət etdi: – Demirsən gedim görüm mənim dostum Əbubəkr kişinin oğlu necə yaşayır, işi gücü nə haldadı?
– Allah Əbubəkr kişiyə qəni-qəni rəhmət eləsin! – Qoca yenə burunotu çəkdi, ancaq bu dəfə asqırmadı. – Halalxor kişi idi! Eh neçə illər bir yerdə işlədik, bir-birimizdən bir tük qədər də incikliyimiz olmadı – Başını xeyli bulayıb təəssüfləndi. – Sənin rəhmətlik atan kimi kişiləri Allah-Təala çox xəsisliklə xolq edib yer üzünə göndərir. – Kuzəçi bu dəfə yana-yana deyindi: – O ki, qaldı mənim görünməyimə, ay qardaşoğlu, daha qocalmışam...
Bir dəfə eşikdə palçıq ayaqlayırdım. Gördüm ki, bir cavan mənə baxıb gülür. Dedim, oğul, niyə çox yaşamaq istəmirsən? Dedi, niyə yaşamaq istəmirəm, qoca? Dedim, bəs onda qocaya niyə gülürsən? Axı sən də qocalacaqsan. Oğlan pərt oldu, yaxınıma gəldi, məni qucaqlayıb öpdü. Dedi, bağışla, baba. Dedim, öz təqsirini başa düşdüyün üçün sən ləyaqətli cavansan... Bağışladım... O ki, qaldı, babana, işdən ayrılsa, yaşaya bilməz... Qardaşoğlu, bu çarxın başında bir gün əyləşməsəm, elə bilirəm ki, itiyim itib. Mənim də xamırım torpağnan, palçığnan yoğrulub... Lətifəsi bizdən kənar olsun, deyir, bir quzu anasından soruşdu: mənə bir fənd öyrət ki, sürüdən dala qalıb canavara rast gəlsəm, canımı onun əlindən qurtara bilim. Qoyun balasına dedi: ən böyük fənd odur ki, örüşə çıxanda sürüdən dala qalma, qışlaqda olanda pəyədən bayıra çıxma. Onda nə canavara rast gələrsən, nə də canını qurtarmaq üçün sənə fənd gərək olar. İndi də mən, ay qardaşoğlu, heç yerə çıxmıram. Bir daxmadı, bir də buradı gedib gəldiyim yer. Qulun qulağında heydəri, boynunda kündə, ayağında zəncir olmasa onun harası quldu? Sənin kimi, mənim kimi adamdı, vəssalam! Dərvişin yamaqlı xirqəsi, köhnə kəşkülü; nimdaş təbərzizi olmasa onun harası dərvişdi?.. Mənim də bu qara, palıdı rəngli çölməklərim, səniclərim, bəqqələrim, sənəklərim, bardaqlarım, guvəclərim, kuzələrim, ləhlərim, süzəklərim, badyalarım, bu zərif, minalı piyalələrim olmasa haram oldu kuzəçi... Mən bunlarsız heç nəyəm. – Dərgah kişi yerdəki, rəflərdəki qabları göstərdi. – Şeyx Nizami deyir: “Nə xəzinə yığanam, nə də tirmə geyənəm. Öz halal zəhmətimin çörəyini yeyənəm”. Hə, indi de görüm, sənin işlərin necədi? Söhbət gəzir ki, bu gün-sabah başlayırsan mərhum Şəmsəddin atabəyin övrətinə sərdabə tikməyə. Səhihdi bu xəbər?
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-kuzeci-demirci-zerger
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Boz rəngGün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
VədəsindəQədir mövlam, aman vermə dumana,Buyurur dağları köç vədəsində.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.