Kuzəçi, dəmirçi, zərgər
Səhifə 2 / 3 · 33%
– Hələ qəti qərara gəlməmişəm...
– Niyə ki? – Kuzəçi təəccüblə soruşdu: – Axı, Cəmil dedi ki, hazırlıq görürsən?
– Cahan Pəhləvan elə sərdabə istəyir ki, buna çətin ki, bir insan ömrü bəs edə, Dərgah kişi! Əcəmi hökmdara dediklərini təkrar etdi:
– Qardaşoğlu, sən kamil, müqtədir sənətkarsan, istedadına qayim ol, əllərinə, gözlərinə güvən. Mən, mərhum Şeyx Yusifin sərdabəsini tikəndə sənə inanmışam, özü də ürəkdən, sidq ilə inanmışam. Oğullar atalarından gərək irəli gedələr. Sənin rəhmətlik atan ən mahir bənna, ən kamil dulusçu idi. Amma sən ondan irəli çıxmalısan. İrəli çıxmısan da. Buna görə də istedadına qayim olduğun kimi, ehtiyatı da heç vaxt əlindən vermə, ayıq-sayıq ol, sərvaxt yaşa. Lətifəsi bizdən uzaq olsun, deyir, üləmalardan birinə dedilər, “Saraydakı divanələri say”, dedi: “Mənim o qədər vaxtım hardadı”. Dedilər: “Yaxşı, onda ağıllıları say” dedi “Baş üstə, bir-iki. Vəssalam...”
– Səni həmişə iş üstündə görüm. Dərgah kişi, – Əcəmi oturduğu yerdən qalxdı, səvərəni kuzə dəstinin üstündən götürdü və birdən nə fikirləşdisə əlavə edib dedi: – Mənim Şahtaxtında¹ qoca bir bibim var. Dünən mənə sovqat göndərib. Birdən ürəyim istədi səni. Fikirləşdim ki, gedim həm salam verim, həm kefin xəbər alım. – Səvərəni bazardan aldığı ayın-oyunla bir yerdə təzədən qaytarıb kuzə dəstinin üstünə qoydu. – Həm də mərhum dostunun bacısı gətirən sovqatdan ona da pay aparım...
– Dedin sovqatı kim göndərib? – Kuzəçi yenə burunotu çəkdi, bu dəfə elə bərkdən asqırdı ki, kuzəsi əlindən düşdü, əyilib götürdü.
Dostun Əbubəkr kişinin kiçik bacısı.
Qoca yenə rəhmət oxudu:
– Allah Əbubəkr kişiyə qəni-qəni rəhmət eləsin. Halalxor kişi idi. Əbubəkr kimi kişiləri Allah-Təala çox xəsisliklə xəlq eləyib yer üzünə göndərir. O ki, qaldı bibinə, xatırlaya bilmirəm, Allah qocalığın üzünü qara eləsin!..
Əcəmi qımışdı, qoca kuzəçini aldatmağa ürəyi gəlmədi, istədi düzünü deyə, ancaq demədi, bilirdi ki, qoca inadkardı, heç vəchlə səvərəni qəbul eləməz... Axı Əcəminin heç yerli-dibli bibisi olmuşdu ki, qalaydı kiçiyi-böyüyü...
– Salamat qal, Dərgah kişi... Xudahafiz.
Kuzəçi ona razılıq etmək əvəzinə əvvəlki söhbətinə qayıtdı:
– Atabəy Şəmsəddin oğlundan rica elə ki, sərdabə üçün göy, firuzəyi kaşını Təbrizdən gətirtdirsin... Şirəli kərpic hazırlamağı ordubadlı Kərbəlayı Sədrəddin uşağına tapşırsın. Bu mahalda onların bişirdiyi şirəli kərpici heç kim bişirə bilməz. Əlləri yüngül, ayaqları uğurlu nəsildi. Deyərlər: köksüz ağac, əsilsiz nəsil olmadığı kimi, bünövrəsiz də bina olmaz. – Kuzəçi dua elədi: – Tikəcəyin sərdabənin də özülü möhkmə olsun. Hə, bir də onu deyəcəkdim. Bənnası da, ürəyincə olsa, Lal İbrahimi götür. Sadiq adamdı, kamil ustadı. İşini bilən adamdı... Bir də bilirsən sənə nə demək istəyirəm!.. Özünü həm əş-şeyx ər-rəisdən, həm şəhər rəisindən, həm də bənna Məsud Əbutahir oğlundan qoru. Hər üçü namərd adamdı. Bu dünyanı viran qoysa, namərdlər qoyacaq. O ki, qaldı Əbutahir nəslinə, onlar əbubəkrlilərnən uzun illərdi ki, ədavət aparırlar, fürsət düşən kimi ayaqlarının altını qazırlar. Lətifəsi bizdən uzaq olsun, deyir: pişiyə dedilər al bu onlıq qızılı, bu xəbəri çatdır itə. Pişik dedi əl muzdunu yaxşı verirsiniz, amma xəbər göndərdiyinizə etibar etmirəm... Məsud Əbutahir oğlu həm qızıl alandı, həm də xəbəri çatdırandı. O ki, qaldı şəhər rəisinə, zatıqırıq adamdı. Bu dünyanı viran qoysa zatıqırıqlar qoyacaq. Atabəy Şəmsəddin onu tanıya bilmədi, amma mən ümiddəyəm ki, oğlu onu tanıyacaq. Biləcək ki, hansı quşun yumurtasıdı, hansı dinin, məzhəbin yiyəsidi... Allaha şükür ki, bu işləri özün məndən yaxşı bilirsən. Daha nə deyim! Onu deyə bilərəm ki, işin avand olsun, başqalarına da xeyirin dəysin. Əbusəid Əbülxeyirin gözəl bir kəlamı var, deyir:
¹ Əlincə qalasına “Şahtaxtı” da deyirmişlər
Külüng olma – zərbələrin daşı dələ,
Rəndə kimi möhtac qalma hər bir ələ.
Bu həyatda sən mişara bənzə ancaq,
Özün də ye, özgəni də saxla hələ...
Kuzəçi ilə memar usta ayaq üstə, dükanın astanasında ani fikrə gedib baxışdılar. Əcəmi səndəl ağacını əlinə alıb dükandan çıxdı. Qoca öz-özünə dedi: “Ey xaliq, xalqın belə oğullarını hər cür bəladan, hər cür fənaldan sən hifz elə...”
...Əcəmi bir yerdə qərar tuta bilmirdi, fikirli idi, həm də özünü yorğun hiss edirdi. Ancaq səvərəni ayın-oyunla birlikdə “ bibisinin” sovqat payı kimi kuzəçiyə bağışlayandan sonra elə bil yüngülləşdi. Yolu sola burulub rəbata keçmək istəyirdi ki, arxadan qoşun başçısının səsinə oxşar qalın bir səs onu dönüb baxmağa məcbur etdi:
– Əcəmi, düz niyə keçirsən?
Onu çağıran dəmirçi Nurməhəmməd idi. Tunc kimi boğunuq qırmızı rəngi, uca boyu, enli kürəyi, qartal baxışı, yekə əlləri, xüsusi qəddi-qaməti olan bu dəmirçini şəhərdə hamı Məcusi¹ deyə çağırırdı. Nurməhəmmədin özünün də bundan xoşu gəlirdi. Çünki bilirdi ki, bu sözdə zərdüştçiliyə bir işarə var idi... Yaşadığı və işlədiyi rəbatda dediyinin üstündə duran iki kişi olsaydı, onun birincisi Məcusi idi. Namaz qılmazdı, oruc tutmazdı, məscidə getməzdi, amma məhərrəmlikdə xəncər çəkib başını elə dərin yarardı, özünü öz qanına elə qəltan edərdi ki, huşunu itirib ayaq üstə dura bilməzdi, onu cecimin arasına qoyub daxmasına gətirərdilər. Yarasının üstünə qoyduqları yanmış parça külünü, yaxud at təsini bir neçə dəfə təzələyəndən sonra qanı zorla kəsə bilərdilər. Elə il olardı ki, arvad-uşağı onu ölmüş bilib xısın-xısın ağlardılar, ancaq axşama yaxın özünə gələrdi, durub iki-üç kirvənkə ətin bozbaşını yeyər, üstündən bir badya qatıq içib yatardı. Səhərisi yenə Məcusi öz işində idi, çəkici zindana enərdi, qalxardı...
Əcəmi cavan yaşlarından Nurməhəmmədi beləcə tanıyırdı. Hətta bir dəfə qəribə bir əhvalat olmuşdu ki, Əcəmi dəmirçini görəndə həmişə həmin əhvalat yadına düşərdi.
...Nurməhəmməd özündən çox dedi, özünü çox təriflədi. Belə çıxdı ki, heç nədən çəkinmir, qorxmur. Nurməhəmməd ayrılandan sonra Cəmil dedi: “Ə, bu bizi lap xam yerinə qoyub, gəlin bunu yoxlayaq”. Əcəmi, Cəmil, bir də zərgər Mustafa sözü bir yerə qoyudular ki, şənbə günü axşam gedib şahlıq bağının yanındakı qəbirstanlıqda yeyib-içsinlər və ora Nurməhəmmədi də dəvət etsinlər. Belə də etdilər...
Ay işığında Əcəmi, zərgər Mustafa və Nurməhəmməd bir qəbirin üstünə süfrə açdılar və Dərgah kişinin Əcəmiyə hədiyyə kimi bağışladığı üstü mavi minalı kuzədən şərab süzüb içdilər. Şərab qurtarandan sonra zərgər Mustafa bir az kənarda qazılan, ancaq daşa çıxıb cənazə basdırılmayan qəbri göstərib dedi:
“Nurməhəmməd, dur ordan ikinci kuzəni gətir, gələndə ora qoymuşam ki, isinməsin...” Nurməhəmməd durub üstü örtülməyən qəbrə tərəf gəldi. Qəbrin başına çatanda başdan ayağa parçaya bürünmüş Cəmil (Onu əvvəldən, Nurməhəmməddən gizli orada oturtmuşlar) dik ayağa qalxıb və Nurməhəmmədin sinəsindən yapışıb çığırdı: “Rəbbin kim?” Nurməhəmməd özünü itirmədi. Və “Rəbbim şərab, köpəkoğlu!..” deyib “xortlayanın” sinəsindən qəbrə itələdi və özünü onun üstünə atdı... Hər şey məlum olandan sonra uzun müddət bu əhvalatdan deyib-danışdılar, güldülər. Və Nurməhəmməd özünü öyəndə heç biri səsini də çıxarmırdı..
¹ Oda sitayiş edən
Əcəmi dəmirçiyə beləcə bələd idi, özü də ona həmişə öz adı ilə müraciət edərdi:
– Bağışla, bir az fikirli idim, görmədim. Yoxsa Əcəmi ola, Nurməhəmmədi görə, özü də yan keçə, buna kim inanar? – Əcəmi dəmirçini mehribanlıqla qucaqladı, sonra onunla birlikdə dükana girdi. İçəri ayaq basan kimi səndəl ağacını qurşağına taxdı, əl atıb körüyü basmağa başladı...
– Əşşi, bir dayan görək! Yoxam sənin bu xasiyyətinə! Gələn kimi ya böyük körük basırsan, ya da çəkic vurursan. Mənim də başımı elə qatırsan ki, söz-söhbətin yadımdan çıxır. – Məcusi onun qolundan tutub kənara çəkdi, zindanın üstünə köhnə bir xalça parçası sərdi.
– Yanını bir bura qoy görüm. – Məcusi dəmir-dümürün üstünə qoyduğu dəri gödəkçəsini götürüb yalın at köynəyinin üstündən geydi, tüklü sinəsini qaşıdı, əllərini aylarla daraq görməyən qarmaqarışıq saçlarına çəkdi – Dedim əyləş!
Əcəmi keçib oturdu.
– Bu da zindan... aha, oturdum.
– Deyir “Avesta”da yazıblar: “Qoy bu dünya həmişə aram, abad və şad olsun”. Qızıl kimi bu kəlamları yazanda biz bəndeyi Adəmi fikirləşiblər. Amma mən son vaxtlar narahatam, çünki Pəhləvan əmr edib ki, bütün işlərini dayandırıb qılınc çəkim. Görürsən nə qədər qılınc çəkmişəm. – Məcusi dəst-dəst qılıncları göstərdi. – Hamısı da xalis Cam¹ poladından... Sən bilməmiş olmazsan, bu qılıncları çəkdirməkdə Pəhləvanın məramı nə ola bilər?
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-kuzeci-demirci-zerger
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Boz rəngGün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
VədəsindəQədir mövlam, aman vermə dumana,Buyurur dağları köç vədəsində.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.