Səhifə 3 / 3 · 67%

– Nə deyim, ay Nurməhəmməd... Sarayın sirrini bir hökmdar bilər, bir də... – Əcəmi göyə baxdı.

– Mən ona inanmıram. – Məcusi göyə işarə elədi. – Bilirəm ki, sənin də mənim etiqadımdan xoşum gəlir. Deyir “Avesta”da yazıblar: “Düzlükdə pəhrizkarlıq birləşəndə əsil insanlıq cilvələnər. Gəlin hamımız üz tutub bu səmtə gedək. Ey insanlar, çalışın bu dünya düzlüklə abad olsun”. Bunu alimlər, sənətkarlar oradakılara başa salmalıdırlar.

– Məcusi baş barmağını çiyinin üstündən bir neçə dəfə arxaya tuşlayıb Atabəylər meydanına işarə elədi.

¹ Xorasan

– Haqlısan, Nurməhəmməd! O ki qaldı qılınca, o da gərəkdi, o da lazımdı. Dövlətin qoşunu da olmalıdı, qurxanası¹ da, əsləhəsi² də olmalıdı, ləşkərgahı³ da olmalıdı. Dünya qarmaqarışıq, gərək həmişə sərvaxt olasan. Amma ağıllı, siyasətcil hökmdar o şəxsdir ki, həm özü qan tökmür, həm də başqasını qan tökməyə qoymur.

– Heyif ki, sən deyən hökmdarlar azdı bu dünyada... Baxaq görək Pəhləvan necə idarə edəcək, əvvəlcə dövləti, sonra da rəiyyəti. Axı deyirlər, Georginin elçisinə deyib ki, sizin üstünüzə bizim qılınc qaldırmaq niyyətimiz yoxdur. Sən də eşitmisən bunu? – Məsusi qayğılı gözlərini qıyıb diqqətlə Əcəmiyə baxdı.

Əcəmi elə bil birinci dəfəydi ki, çoxdan tanıdığı bu davakar dəmirçinin ürəyinin dərin bir yerində əmin-amanlıqla olan meyli indicə kəşf etmişdi. Qılınc düzəldəndə elə bil özünə həmfikir, həmməslək tapmışdı.

– Eşitmişəm.

– Bu qılıncları muzdla çəkirəm, – dedi Məcusi, – sabah sifariş göndərilsin ki, qılıncları pozub bel düzəltsin dəmirçi, düzəltməsəm kişi deyiləm!.. Mənnən köpəkoğlusu yoxdu! Məramım aydın oldu?

– Tamamilə. – Əcəmi əli ilə onun çiynini vurub güldü.

Məcusi elə bil özündə bir arxayınçılıq hiss etdi.

– Onda yolundan qalma. Salamlaşdıq, xoşhallaşdıq, hal-əhvallaşdıq, bəsimizdi. Elə arzulayırdım, səni görüb bunları deyəm... Eşitmişəm ki, sənin də oralara yolun düşəcək... Bu dəfə Atabəylər meydanına işarə elədi: – İmkan olsa Pəhləvanı əmin-amanlığla çağırın... Hərdənbir də bu günkü kimi yad elə bizim tərəfləri, rəbat adamlarını.

– Baş üstə. Səni həmişə beləcə görüm, Nurməhəmməd! – Əcəmi zindana, körüyə işarə edib dükandan çıxdı.

Gün-günorta yerinə qalxıb Şərura tərəf əyilirdi. Əcəmi rəbatdan şəhristana adlayanda səndəl ağacını qurşağından çıxardı, qaşlarını üstünə qaldırıb Məğrib tərəfə baxdı. Bu dəfə də nəzərləri Ağrı dağının üstündə ərşi-fələyin bir parçasına dikilib qaldı. Bura açıq füruzəyi rəngdə idi. Bir-birindən azacıq aralı görünən iki bulud parçası isə necə də ağ idi, necə də bəyaz idi. Əcəmi Ağrının bu həndəvərinin heç vaxt belə lacivərd, belə işıqlı görməmişdi... Xeyli durub baxdı. Birdən bulud parçaları bir-birinə qovuşdu, elə bil füruzəyi rəngli səmanın üstünə axıb töküldü...

¹ Silah anbarı
² Silah
³ Qoşun saxlanan yer

Köhnə tanışları – kuzəçi də, dəmirçi də bu günkü görüşü, onların səmimi söhbətləri ürəyində hisslər oyatdı. Tanışlardan biri ilə də görüşmək həvəsi oyandı qəlbində. Addımlarını yeyinlədib dikdirə qalxdı, buradan baxanda bütün tikililər onun ayağının altında qalırdı. Doğma şəhəri bir süfrə kimi onun qarşısında açılırdı...

Əcəmi şəhristana xeyli göz gəzdirdi. kərpicdən tikilən qırmızı kirəmidli evlər, onların üzüm tənəklərinə bürünən eyvanları xoşuna gəlirdi. Şirəli kərpiclə bəzənən ikimərtəbəli bir imarətə, onun uca divarlarına xeyli tamaşa etdi. Bu bina şəhərin adlı-sanlı tacirlərindən birinin malikanəsi idi. Onu Əbubəkr kişi bina etmişdi. Əcəmi bu bina tikiləndə atasının ən yaxın köməkçisi olmuşdu... Dikdirdən aşağı endi, məşriq darvazasından içəri girdi. Bu darvazanın yanında bir neçə zərgər köşkü yan-yana düzülmüşdü. Hamının başı aşağı dikilib işə qarışdığı üçün heç kimə salam verib məşğuliyyətindən ayırmadı. Başdakı köşkün astanasında ayaq saxladı. İçəri kölgə düşdüyünü görən zərgər Mustafa başını qaldırıb baxdı və onu görən kimi də ayağa durub içəri dəvət etdi. Salamlaşdılar, hal-əhval tutub əyləşdilər. Zərgər yenə tünd mavi rəngli Gəncə mahudundan büzməli arxalıq geymişdi, başında qaragül dərisindən əmiri papağı var idi. Zərgərin səliqə-sahmanı əzəldən Əcəminin xoşuna gəlirdi...

Başqalarından fərqli olaraq zərgər Mustafa əlini yan tərəfə uzadıb balaca bir kuzə çıxardı, iki sirli piyaləyə şərab süzdü sonra süfrəni ortaya qoydu. Süfrədə lavaş, pendir, kükü, bayram kökəsi var idi.

Lap vaxtında gəlibsən, ay Əcəmi.

– Meylim yoxdu, Mustafa!

– Di onda bayram kökəsindən ye. Bizim uşaqların anası yaz qurtarana kimi bayram kökəsi yapar. Novruz bayramını da bəhanə edər ki, tut çıxana kimi gərək ev-eşikdən bayram kökəsi qurtarmaya. Bu da sənin xoşuna gələn əhmər¹ şərab... Dünən bir dostum gətirib. Səndən başqa heç kimə qıymaram ki, bir piyalə içə. Çünki deyərlər, zər qədrini zərgər bilər. Bu dünyada hər canlının öz neməti, öz ruzisi var, amma elə nemətlər də var ki, onu gərək yaxşılara bəxşiş edəsən, yamanlara yox, ariflərə bəxşiş edəsən, nadanlara yox!.. Əbəs yerə deməyiblər: “qızılı əsrafdan sor, cövhəri quyuçudan”. Bir təminə bax, sən Allah! Hələ iyini demirəm. – Zərgər Mustafa piyaləni əvvəlcə öz

¹ Qırmızı burnuna yaxınlaşdırıb iylədi, bir-iki ağız öskürəndən sonra Əcəmiyə tərəf uzadıb əlavə etdi: – Belə şəraba həm də deyərlər: laləfan¹ ləlgün² Əcəmi güldü:

– Bu dillə sən, – dedi, misi asanlıqla qızıla çevirə bilərsən.

– Səhərdən axşamacan qızılnan oynayan bir adamın qızıl kimi də söz-söhbəti olmalıdı. – Zərgər də xısın-xısın güldü.

– Deyərlər qızıl görəndə qeysər³ də yolundan çıxır... o ki qala mənə. Rəis, məlik, tacir övrətlərin sırğa çəkməkdən, gordənbənd, sinəbənd, bazubənd düzəltməkdən, daraq qabı, Quran qabı, möhür qabı, sürmədan, nə bilim daha nə qaldı... qayırmaqdan tamam yorulub əldən düşmüşəm. Hələ qıça-qola taxılan xalxalı demirəm, küşvərəni demirəm... Bir həftə olar ki, sənin üçün işləyirəm.

Və bunu özümə böyük fəxr hesab edirəm. Nəyə görə? Ona görə ki, Şeyx Yusif türbəsini tikəndən sonra mən özümü yox, səni şəhərin baş zərgəri hesab eləyirəm. Ona görə ki, sənin vurduğun o naxışlar həqiqətən zərgər işidi, özü də həqiqi zərgər işi!

– Çox da tərif eləmə, ay Mustafa!

– Qızıla gümüş deyənlər nadandı, Əcəmi... mənim haqq sözümdü. Sağlıq olsun, yenə türbə sənin bu qızıl əllərindən daha kamil çıxacaq. Hə, heç soruşmadın axı, niyə sənin üçün işləyirəm?

Əcəmi təəccüblə soruşdu:

– Bilmirəm. Axı mənim üçün niyə? Bilirsən ki, mən ömrüm boyu qızıla nifrət eləmişəm.

Zərgər rişxəndlə əllərini oyatdı:

– Mən beləcə, qızıl üçün ölürəm. – Bir müddət öskürdü.

– Neçə illərdi başqalarını bəzəyirəm, özüm isə, gördüyün kimi, içəridən çürüyüb tökülürəm... Bu zəhirmar sarı şeytanın tozu sinəmi eləyib pardax-pardax... Səhərə kimi öskürmək qoymur yatam.

– Zərgər nəfəsini dərib yana-yana əlavə etdi: – Gərək əvvəldən, lap Adəmlə Həvvanın zamanından belə bir qayda qoyaydılar ki, qızıl olsun yalnız zənən xeylağının bəzək-düzəyi, vəssalam. Bəlkə elə buna görə deyiblər: “Qızıl arvadındı, qılınc ərin...” Hə, sözünü qızılla kəsim, deyəsən, sözümü unutdum. Məni axşamlar gəlib aparırlar sikkəxanaya. Orada xüsusi sikkələr kəsirəm... Üz tərəfinə “Naxç” yazıram, arxasına isə “M.X.” Guya sən bilmirsən bu sikkələr nədən ötrüdü?

¹ Lalə kimi
² Ləl kimi
³ Padşah

– Zərgər yanındakı balaca şirli küpəni götürüb başıaşağı əydi, oradan beş-on qızıl sikkəni ovcuna boşaltdı, birini Əcəmiyə verdi. Əcəmi xeyli baxandan sonra ona qaytardı:

– Mən... mən sarayın sahibinə hələ son sözümü deməmişəm...

– Axır başı deyəcəksən... Saray hökmüdü... Mən isə bu ədibəyə ki, bu sikkələri saray sahibi anasının hiclegahı¹ üzərində tikiləcək sərdabənin himinə basdıracaq. Dəbir dedi ki, bu üzdəki yazı paytaxtımızın adıdı, bu üzdəki yazı isə Möminə xatun anaya işarədi. Sərraf sikkələrdən birini əlində xeyli müddət oynatdı: – Görürsən xalis Anadolu qızılıdı, özü də hər biri səlcuqi sikkəsi boyda. Beytülmalçıynan dəbir gətirib təhvil veriblər. Mən də imza atıb qəbul etmişəm. Dəbir onu da dedi ki, saray sahibi niyyət edib: himə min ədəd sikkə atsın ki, sərdabə də yer üzündə ən azı min il tab gətirib bərqərar olsun. Deyərlər, zər ilə olan zor ilə olmaz...

Əcəmi fikirləşdi: “Min il, yaxşı niyyətdir, amma bu niyyətin arxasında sərdabəni tikəcək memara ciddi xəbərdarlıq da var.”

...Əcəmi bugünkü gəzintisindən çox razı idi. Əvvəlkilərdən fərqli olaraq köhnə tanışlarının söz-söhbəti onun ürəyini sevinclə doldurmuşdu. Bugünkü gəzintidən sonra bir də inandı ki, onun təzə işi ilə, əməli ilə təkcə əyani-əşrəf, əhli-ürfan deyil, əhli-insaf da maraqlanır...

Əcəmi üçün isə bu gün bunların hamısından əfzəl “Qızlar bulağı”nın başında hələ yaxından tanımadığı cavan bir gözəlin – Şəhdügülün ona sübh tezdən su təklif etməsi, xeyir-dua verməsiydi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dərban və mühafiz (yay söhbəti)

– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!

14 dəq
Yurdun qədim məkanlarından biri

Cahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.

20 dəq
Məsciddə

Naxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...

11 dəq
Boz rəng

Gün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...

8 dəq

Başqa şairlərin şeirləri