İmaş və Güllü
Səhifə 1 / 3
Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:
– Niyə köynəyini özün yamayırsan?
– Bəs kim yamasın, qaqaş? – dedi. – Anam yox, bacım yox.
Onun sözləri məni kədərləndirdi, düşünmədən soruşdum:
– Heç anan-bacın olmayıb?
O gözü tikişində:
– Niyə olmayıb? – dedi, – daş deşiyindən çıxmamışam ki?.. Anam da vardı, atam da... bacım, qardaşım da... Hələ desən, babam, nənəm də vardı. Özləri də məni çox istəyirdilər, necə ki, səni baban, nənələrin çox istəyirlər.
Mən onun yanında yerə çökərək soruşdum:
– Bəs necə oldular?
O, dərindən nəfəs alıb yamağını tikə-tikə dedi:
– Bir qonşu xan bizim kəndi qarət eləyib dağıdanda, qırılan qırıldı, qırılmayan da hərə başını götürüb bir tərəfə qaçdı. Kimi acından, kimi azardan öldü. Mən də qoca bir dayımla qaçqınlara qoşulub bu taya keçdim. Dayıma da Arazda güllə dəydi.
Mən sükut içində İmaşa tamaşa edirdim. Mən bu qədər dərdə onun necə dözdüyünə təəccüb edirdim. Nəhayət, mən ondan soruşdum:
– O qonşu xan sizin kəndi niyə dağıdırdı?
– Çünki bizim xanla düşmən idi. Qəfil bir-birinin kəndlərinə hücum eləyib çapıb-talayırdılar.
– Bəs şah niyə qoyurdu?
– Şahın canındandır ki, bizim xanlar bir-birlərini didib-parçalasınlar.
– Niyə axı?
– Eh, qaqaş... sən hələ uşaqsan, belə şeyləri başa düşməzsən.
– Yox, sən danış, başa düşərəm!
– Bilirsənmi, qaqaş, şah farsdır, amma biz də, xanlarımız da azərbaycanlıyıq...
– Nə olsun?
– Şah fars olduğu üçün istəyir bizim Azərbaycan xanları bir-birilərilə boğuşub, başları qarışsın ki, Azərbaycan xalqı şahdan hürriyyət istəməsin.
Mən nəyi isə dumanlı halda dərk etməyə başlayırdım, öz xalqımın taleyi haqqındakı həqiqəti birinci dəfə babamgilin nökəri İmaşdan eşidirdim. Mən xeyli sükutdan sonra soruşdum:
– Niyə sizin qəhrəmanlarınız gedib şahı öldürmürlər?!
İmaş qüssə ilə gülümsədi:
– Çünki, – dedi, – qoşun, silah şahın əlindədir.
Elə bu zaman Güllü bizim yanımıza gəlib məzəmmətlə İmaşa dedi:
– Ədə, ədə, xarabalıqda-zadda deyilsən ki?.. Köynəyini niyə özün yamayırsan? Biz burada adam döyülük?
İmaş qızardı:
– Sənə əziyyət vermək istəmədim...
Güllü onun yanında yerə çökərək:
– Nə olub, – dedi, – xanım-zad olmamışıq ki?.. Ver bura.
Güllü köynəyi İmaşın əlindən alaraq onun yamadığı yeri nəzərdən keçirib bərkdən güldü.
– Yaman da tikmisən.
Sonra ayağa qalxaraq nə üçünsə pıçıltı ilə dedi:
– Tikib, yuyub gecə gətirərəm...
– Yaxşı, – deyə İmaş da lap yavaşdan cavab verdi.
Güllü gedəndən sonra mən, elə bil, nəyinsə ağırlığı altında İmaşdan soruşdum:
– Niyə özünə təzə köynək almırsan?
İmaş gülümsədi:
– Çünki pulum yoxdu, qaqaş!
Mən dinmədim. Suçlu adamlar kimi, qalxıb səssizcə uzaqlaşdım. Mən nədə isə özümü təqsirkar kimi hiss edirdim. Birdən, elə bil ki, zehnim ayazıdı. Həyatımda birinci dəfə olaraq İmaşın bu qədər yoxsul, bizim isə varlı olmağımıza qarşı qəlbimdə xoşagəlməz, ağır hisslər oyandı, elə bil ki, varlı olduğumuz üçün mən İmaşdan xəcalət çəkirdim. Birdən addımlarımı yeyinlədərək gəlib, hələ də taxtın üstündə oturub, papirosu tüstülənən müştüyünü əlində tutaraq öz-özünə danışan nənəmin böyründən keçib evə girdim. Mən bilirdim ki, Fatma nənəm həmişə pullarını döşəyin altına qoyur. Mən əsil oğru kimi ehtiyatla o yan-bu yana baxa-baxa döşəyi qaldırıb iri bir kağız pul götürərək qaçdım bağa. İmaş üzüqoylu uzanıb əllərini alnının altında çarpazlamışdı. Mən əyilib onun üzünə baxdım ki, görüm yatıb, yoxsa oyaqdı? O, gözlərini açaraq soruşdu:
– Nə var, qaqaş?
Mən iri kağız pulu onun gözünün qabağına tutdum. O, pula bir an nəzər salaraq dikəlib oturdu:
– Bu pul səndə nə gəzir, qaqaş?
Mən dedim:
– Sənin üçün gətirmişəm, al, get özün üçün təzə paltar al.
O, pulu alıb o tərəf-bu tərəfinə baxaraq soruşdu:
– Bunu sənə kim verib, qaqaş?
– Heç kəs... özüm götürmüşəm.
– Haradan?
– Fatma nənəmin pullarının içindən, istəyirsən yenə gətirim.
İmaş pulu fikirli-fikirli bir də nəzərdən keçirərək mənə qaytarıb dedi:
– Apar, haradan götürmüsənsə, qoy yerinə, mənə oğurluq pul lazım deyil!
Mən özümü pis hiss edərək dedim:
– Oğurluq niyə olur, nənəmin puludur də...
O gülümsədi. (O güləndə dümağ dişlərinin görünüşü xoşuma gəlirdi).
– Nənən bilir ki, sən bunu götürmüsən?
– Yox.
– Demək, oğurlamısan! Tez apar, necə götürmüsənsə, heylə də qoy yerinə.
Sonra dərindən nəfəs alaraq əlavə etdi:
– Sən yaxşı oğlansan, qaqaş, ancaq onu bil ki, kasıb da olsaq, bizim nəslimizdə oğru-əyri olmayıb. Mənim atam da, babam da kişi adamlardı!
O ayağa qalxıb, iki qolumdan tutaraq, çevik hərəkətlə məni qaldırıb ayaq üstə qoydu:
– Tərpən, qaqaş! Bax, yerinə qoymasan, Fatma xanıma deyəcəyəm.
Mən özümü alçaldılmış hiss edərək gəlib pulu yerinə qoymaq istəyəndə, nənəm içəri girib gördü.
– Nə qayırırsan, ədə? – deyə təəccüblə soruşdu. – O pulu niyə götürmüsən?
– Baxırdım.
– Yalan danışma! De görüm, səni kim öyrətmişdi?
– Heç kim.
– Qələt eləmə. İmaş öyrətmişdi?
– Yox! – deyə mən həyəcanla səsləndim.
Nənəm bu dəfə məni dilə tutdu:
– Bəs kim dedi, get pul gətir? Güllü?
– Yox! – deyə mən qışqırdım.
– İmaş?
– Yox! Yox!
– Yalan danışma! Sünnünün küçüyü. O həmşəri köpəkoğlu öyrədib səni! (Bizim tərəflərdə Arazın o tayında yaşayan azərbaycanlılara «həmşəri» deyirdilər.)
Mən pəncərədən gördüm ki, İmaş dəhlizdə sütuna söykənib bizə qulaq asır. Mən bərkdən ağlayaraq nənəmə qışqırdım:
– Dedim ki, heç kəs öyrətməyib!
Nənəm dedi:
– Yaxşı, ağlama, get otur, çörək ye.
Mən gözümün yaşını əlimin dalı ilə silərək:
– İstəmirəm! – dedim.
– Yaxşı, dəli olma, səhərdən heç nə yeməmisən.
– İstəmirəm.
Nənəm hirsləndi:
– Ay irtməkli oğlu! Tay dünya dağılmadı ki, bir söz soruşduq.
(Nənəm həmişə atamın qarasına acıqlananda onu «irtməkli sünnü» adlandırırdı. Mən də bir dəfə Güllüdən soruşdum ki, doğrudan, sünnilərin irtməyi olur? O da qəhqəhə ilə gülərək:
– Əlbəttə, – dedi... keçi kimi irtməkləri olur).
Həmişə nənəm mənə acıqlanıb «irtməkli oğlu» deyəndə yanıb-tökülərək ya çeşməyini, ya müştüyünü, ya da yaylıqdan-zaddan bir şeyini götürüb gizləyərdim və nənəmin hirslənə-hirslənə axtarışından ləzzət alıb qəhqəhə ilə gülərdim. Bu dəfə də göz-göz eləyib müştüyünü gizlədim. Bir azdan nənəm başladı müştüyünü axtarmağa və tapmayıb qışqırdı:
– Ağız, Güllü! Gəl gör bu zəhrimar necə oldu?
Güllü içəri yüyürüb gülüşünü güclə saxlayaraq soruşdu:
– Hansı zəhrimar, xanım? Müştük, ya çeşmək?
– Müştük! – deyə nənəm qəzəblə cavab verdi. – Allah lənət eləmiş cinlərin işidi. Eyzən mənə sataşırlar.
Məni gülmək tutdu. Çöpəgülən Güllü də mənə baxıb qaqqıldadı, nənəm yana-yana dedi:
– Ay qızıxmış qancıq, uşaqdı gülür, sən nəyə gülürsən?
Güllü səsini içinə salıb xısın-xısın gülərək, nəhayət, müştüyü tapıb verdi.
Nənəm papiros qayırıb çəkəndən sonra mənə dedi:
– İndi ki, yemək istəmirsən, çıx get evinizə! Mən irtməkli sünnünün nazıyla oynaya bilmərəm.
Güllü mənim tərəfimi saxladı:
– Xanım, bu yaxşı oğlandı, bunun irtməyi yoxdu, anası şiə olanın irtməyi olmur ha...
Mən dinməz-söyləməz gedib dəhlizdəki taxtın üstünə salınmış süfrənin yanında oturdum, nənəm də Güllünün gətirib qoyduğu qazandan bir boşqab mənə, bir boşqab da özünə yarpaq dolması çəkəndən sonra Güllüyə dedi:
– Götür qazanı apar, İmaşa da ver, özün də ye.
Güllü qazanı götürüb apardı. Nənəm mənim dolmamın üstünə sarımsaqlı qatıq töküb mehriban səslə dedi:
– Bismillah elə, ye!
Mən nə üçünsə həmişə nənəmin dediyi duaları bərkdən deməyə utanaraq, ürəyimdə təkrar edirdim, mən bu duaların mənasını başa düşmürdüm. Nənəm deyirdi ki:
– Bismillah deyəndə cinlər qaçır.
Mən xörəyimi tələm-tələsik yeyib qurtaran kimi, qalxıb yüyürdüm İmaş olan otağa. O, torpaq döşəməyə salınmış keçənin üstündə oturub Güllünün gətirdiyi dolmanı yeyirdi. Güllü ağ qalaylı mis parçla bir su gətirib, İmaşın qabağına qoyaraq dedi:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-imas-ve-gullu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vanya yüzbaşının evinin yaşıl tənəklər arasında görünən eyvanı. Vanya libasını dəyişib, özünü azərbaycanlı kəndli şəklinə salıb. Güzgü qabağında dayanaraq, üzünə qoyduğu uzun saqqalı düzəldir. Arvadı Haykanuş daxil olur.*Vanya** (*gözünü güzgüdən çəkməyərək*)
On yeddinci şəkilƏbülfət xanın qərargahı. Əbülfət xan çadırdadır. Yavər daxil olur.*Yavər**
On səkkizinci şəkilİbrahim xanın iqamətgahı. Yavər daxil olur.*Yavər**
On doqquzuncu şəkilKürəkçay sahilində general Sisyanovun qərargahı. Böyük çadır. General Sisyanov, mayor Lisaneviç və Vanya.*Sisyanov**
Başqa şairlərin şeirləri
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,