İmaş və Güllü
Səhifə 2 / 3 · 33%
– İç, təzə sudu.
Sonra oğlanın boşqabına işarə ilə soruşdu:
– İstəyirsən yenə gətirim, qazanda var.
İmaş mənə qəribə gələn bir cür asta, mülayim səslə dedi:
– Bəsdi, sən get, çörəyini ye.
Gözləri eyzən oğlanda olan Güllü, onda birinci dəfə gördüyüm ciddi, hətta bir az da qəmgin ifadə ilə dərindən nəfəs alaraq dinməz-söyləməz qayıdıb getdi.
İmaş da xörəyini yeyib qurtarandan sonra parçdakı suyu götürüb içdi.
Mən dedim:
– Güllü yaxşı qızdı, heyləmi?
O, təəccüblə mənə baxıb soruşdu:
– Necə bəyəm?
– Səni çox istəyir.
– Nə bildin, qaqaş, xanımlar deyirdi?
– Yox. Özüm deyirəm... Güllü yaxşı gəlindi, amma üzündən, əlindən eyzən sabun iyi gəlir.
İmaş güldü:
– Neyləsin, qaqaş, – dedi, – qulluqçu adamdı, sənin anan kimi bahalı ətirləri haradan alsın?
Mən tutuldum, yenə də səbəbini bilmədiyim halda xəcalət çəkdim, sonra çəkinə-çəkinə dedim:
– Hamı dövlətli olsaydı, yaxşı olardı, heyləmi?
İmaş dərindən nəfəs alıb dedi:
– Nə qədər ki, padşahlar var, hamı dövlətli ola bilməz, qaqaş!
– Nə üçün? Padşahlar neyləyir ki?
– Padşahlar dövlətliləri, bəyləri, xanları əzizləyirlər, amma yazıq rəiyyətin qanını sorurlar.
– Nə üçün? – dedim. – Rəiyyət padşaha neyləyir ki?
– Rəiyyət heç nə eləmir, qaqaş, hər nə eləyir, padşahlar eləyir!
İmaş bir qədər susub sonra öz-özü ilə danışırmış kimi, kinli-kinli əlavə etdi:
– Rus fəhlələri, kəndliləri öz padşahlarını yıxdılar, bir gün gələr, bizimkilər də İran padşahını çəkib taxtdan salarlar, onda biz də öz qisasımızı alarıq.
– Kimlərdən?
– Bizi əsir-yesir eləyənlərdən. Eh, qaqaş! Sən belə şeyləri sonra başa düşəcəksən, – deyib qalxdı. – Gedək, sərin düşdü. Mən gərək ağacları suvarım.
İmaş bağın ortasından keçən böyük arxdan bel ilə xırda arxlar ayıraraq ağacları suvarır, mən də tamaşa eləyirdim. Mən hələ də padşahlar haqqında, onların rəiyyətin qanını necə sormaqları barədə düşünürdüm. Mən Fatma nənəmdən eşitmişdim ki, adamlar xəstələnəndə bəzən onlara zəli qoyurlar ki, artıq qanı sorub çəksinlər. Sonra Kürdobadan babamgilə gətirilən bir xəstəni həkim müalicə elədiyi zaman zəlini görüb iyrəndim, çox murdar həşərata oxşayırdı...
Mən təzə göyərib qalxmış göy otların arası ilə ağacların dibinə axan dumduru suyun incə parıltılarıyla bu düşüncələrim arasında qəribə bir ziddiyyət hiss edirdim və bilmirəm, anamın söylədiyi hansı nağıldansa yadımda qalmış Zöhhak padşah dəhşətli bir qiyafədə xəyalımda canlanırdı. Deyir, Zöhhak ilana sitayiş edirmiş və ilanların mərhəmətini qazanmaq üçün onlara körpə uşaq beyni yedirdirmiş. Mən anamın söylədiyi nağıllarda yaxşı padşahlar haqqında da eşitmişdim, ona görə də İmaşa dedim:
– Yəqin sizin padşah pis padşahdı?..
O, sakit şırıltı ilə axan suyu bir ağacın dibindən o birinin dibinə bağlaya-bağlaya dedi:
– İlanın ağına da lənət, qarasına da, qaqaş, hamısı bir köpəkoğludu, hamısı!
Doğrusu, İmaşın bütün şahlar haqqında bu cür deməsi mənə xoş gəlmədi. Mən əlimdəki çubuqla, dizə qədər qalxmış yaşıl keşnişi vura-vura gəldim Fatma nənəmin yanına. Nənəm yenə də uzun müştüyü əlində tüstüləyə-tüstüləyə gözlərini bir nöqtəyə zilləyərək qaynı Eyvazın qarasına deyinirdi:
– Kişinin boş damarından yapışıb qazandığını çəkir kamına, nə Allahdan qorxur, nə də bəndədən utanır.
Mən bir qədər ona qulaq asandan sonra dedim:
– Padşahlar da rəiyyətin qanını sorur! Amma sən deyirdin padşah Allahın dostudur, Allahın dostu da qan sorar?
Nənəm təəccüblə üzümə baxıb soruşdu:
– Nə bildin, padşah rəiyyətin qanını sorur?
– Odur ey, İmaş deyir... Deyir ki, padşahların hamısı köpəkoğludur.
Nənəm kənar bir adama müraciət edirmiş kimi, acıqlı-acıqlı dedi:
– Görürsən bu həmşəri vələdüznanı?! Yaxşı deyiblər ki, yetimin fağırı olmaz.
Nənəm ağacları suvara-suvara bəri gəlmiş İmaşa qışqırdı:
– Ədə ey! Qələtini elə, sarsaq-sarsaq danışıb uşağın başını doldurma! Sənin padşahla nə işin var?!
İmaş nənəmə heç bir söz deməyərək mənə baxıb xəfifcə gülümsədi, ancaq onun bu güclə sezilən gülüşü məni pərt elədi. Mən öz qəbahətimi hiss eləyərək ağlamsınmış səslə nənəmə qışqırdım:
– İmaş düz deyir də! Bəs niyə rus fəhlələri Nikolay padşahı taxtdan yıxdılar?
– Kəs səsini! – deyə nənəm qışqırdı. – Padşahı yıxdılar ki, indi olub papaqaldıqaç də... Padşahın üzünə ağ olan Allahın üzünə ağ olur!
Bu zaman babamgilin Qumaş adlı, palıdı rəngli ov tulası gəlib qabağımda dayanaraq mehriban-mehriban üzümə baxıb, ətəyimi, əllərimi qoxladı, pərtliyim dərhal sovuşdu. Güllü yuyub sərdiyi paltarları ipdən yığıb gedəndə qulağıma tərəf əyilib pıçıldadı:
– Adam xəbərçi olmaz.
Mən yenə öz hərəkətimdən xəcalət çəkərək bilmədim Güllüyə nə cavab verim. O gündən sonra İmaş mənimlə daha əvvəlki kimi həmsöhbət olmadı. «Hə», «yox» deyə, ancaq suallarıma qısaca cavab verirdi. Hətta mənə əvvəlki kimi «qaqaş» da demirdi, lazım olanda, soyuq ifadə ilə adımı çağırırdı. Bu da məni pərt edirdi. Fikirləşdim, neyləyim ki, İmaş yenə də əvvəlki kimi mənimlə həvəslə söhbət eləsin.
... Biz ikilikdə olanda da Fatma nənəm eyzən Bayram babamın qardaşı Eyvaz və onun ailəsi haqqında, bəzən də atam haqqında öz-özünə danışırdı. Həmişə mənə elə gəlirdi ki, nənəm kimisə görür, kiməsə müraciət edir. Bu gecə yenə də nənəm öz-özü ilə danışanda mən soruşdum:
– Nənə, sən cinlərlə danışırsan?
Nənəm diksinərək:
– Bismillah!.. Bismillah! – dedi.
Sonra: – Ay irtməkli oğlu, – dedi, – gecə vaxtı o Allah lənət eləmişlərin adını niyə tutursan?!
Mən təkrar soruşdum:
– Nənə, sən onları görürsən?
Nənəm yenə də «Bismillah» deyib yanındakı sap əyirən iylə qoluma vurdu. Sonra İmaşa dedi:
– Dur, bu irtməkli oğlunu apar evlərinə.
Mən qışqırdım:
– Getmirəm!
Fatma nənəm mənimlə nə qədər dalaşsa da, lap hirslənib vursa da, yenə də onlarda olmaq öz evimizdə olmaqdan mənə xoş gəlirdi. Çünki mən hiss edirdim ki, nənəm nə qədər acıqlansa da, yenə məni çox istəyir. Ancaq mənə elə gəlirdi ki, Bayram babam məni hamıdan çox istəyir. Mən onlarda özümü son dərəcə sərbəst, azad hiss edirdim, onlarda heç kəs məni atam kimi hər şeyin üstündə danlamırdı, heç kəs atam kimi məni «küt» adlandırmırdı. Əksinə, Bayram babam həmişə mənim «ağıllı oğlan» olduğumu söyləyirdi.
... Biz gecədən xeyli keçənə qədər dəhlizdə nənəmin taxtının üstündə oturduq. Güllü də taxtın qabağına salınmış palazın üstündə əyləşərək, Kürdobadakı əhvalatlardan nənəmə söhbət eləyirdi: kimin qızını kimin oğluna nişanlayıblar, kim neçə ildir ki, əriylə danışmır, on min qoyunu olan Hacı Qaranın qızı üçün kimlər elçi gəlib...
İmaş isə səhər çox tez durduğu üçün gedib erkən yatmışdı. Şəhərimizin şimal tərəfindən axan Quruçay bərk daşmışdı, onun qıjıltısı bağın ilıq qaranlığında mənə əsrarəngiz təsir bağışlayırdı. Elə bil ki, hər şeydə, hər əşyada mənim anlamadığım uzaq, lakin gözəl bir sirr var idi və bu sirdəki məchul fərəh – cazibədarlıq məni həyəcanlandırırdı, mən bu fərəhi öz evimizdə hiss eləyə bilmirdim.
Həmişə babam evdə olmayanda mən onun çarpayısında yatırdım. Bu dəfə də elə oldu. Güllü kəllayı otaqda, nənəmlə mən də babamgilin yataq otağında yatmalı olduq. Nənəm qapını bağlayandan sonra əyilib çarpayıların altına baxdı, mən də təəccüblə soruşdum:
– Nənə, taxtların altına niyə baxırsan?
Cavab verdi ki:
– Kişinin nə çox düşməni!.. Gəlib taxtın altında gizlənib gecə başımızı kəsərlər.
Əlbəttə ki, bu mənim özümü də qorxutdu və mən soyunub babamın çarpayısına çıxaraq soruşdum:
– Yəni nə cür düşmən, nənə?
Nənəm də soyunub işığı söndürərək çarpayısına girib dedi:
– Mən nə bilim nə cür?.. O qədər bic, haramzada var ki, dünyada.
Sonra nənəm pıçıltı ilə dua oxudu, sonra Şuşa qalasında realnı məktəbdə oxuyan oğlu Nuruya dua elədi.
– Allah, – deyirdi, – sən mənim oğlumu yerin-göyün bəlasından, mərdimazardan, yolkəsəndən uzaq elə.
Mən bilirdim ki, bu dualarında nənəm «oğlum» dedikdə ancaq dayım Nurunu nəzərdə tuturdu. Nənəmin qabaqkı ərindən də bir oğlu var idi və onun harda olduğu mənə məlum deyildi. Nənəm öz dualarında nə onun adını çəkərdi, nə də anamın, ancaq dualarında bəzən «Allah, sən mənim balalarımı...» deyirdi. Yəqin ki, buna anam da, nənəmin o biri oğlu da, hətta biz nəvələri də daxil olurduq. Mən yanı üstə çevrilərək pəncərə pərdəsinin yanından bağa tamaşa edirdim. Hər şey sükut içində idi, hərdən Qumaş görünüb, sonra yenə ağacların arasında yox olurdu. Quruçayın şırıltısı, elə bil, indi bu aydınlıq içində daha uzaqdan gəlirdi. Nənəm astadan xoruldamağa başladı, həmişə anamla, ya da nənəmlə bir otaqda yatanda onların məndən qabaq yuxuya getmələri nə üçünsə ürəyimdə həzin, kövrək bir yalqızlıq hissi doğururdu, mənə elə gəlirdi ki, hamıdan, bütün dünyadan ayrı düşmüşəm.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-imas-ve-gullu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vanya yüzbaşının evinin yaşıl tənəklər arasında görünən eyvanı. Vanya libasını dəyişib, özünü azərbaycanlı kəndli şəklinə salıb. Güzgü qabağında dayanaraq, üzünə qoyduğu uzun saqqalı düzəldir. Arvadı Haykanuş daxil olur.*Vanya** (*gözünü güzgüdən çəkməyərək*)
On yeddinci şəkilƏbülfət xanın qərargahı. Əbülfət xan çadırdadır. Yavər daxil olur.*Yavər**
On səkkizinci şəkilİbrahim xanın iqamətgahı. Yavər daxil olur.*Yavər**
On doqquzuncu şəkilKürəkçay sahilində general Sisyanovun qərargahı. Böyük çadır. General Sisyanov, mayor Lisaneviç və Vanya.*Sisyanov**
Başqa şairlərin şeirləri
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,