Kürdobadakı Səkinə ilə Mahal Murovunun əhvalatı
Möhnət qocanın nağılları
Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda «Kürdoba» deyilən bir tərəkəmə obası var idi. Adamları təmiz azərbaycanlı olan bu tərəkəmə obasına niyə «Kürdoba» deyirdilər, məlum deyildi.
Kürdobalılar «Qarabağ cinsi» adlanan quyruqlu qoyunlar, hər biri iyirmi pud yük götürən nərlər saxlayardılar, ceyran ayaqlı Qarabağ atları minərdilər.
Qışda qışlaqda olardılar, yazda hər tərəfi qıpqırmızı lalə olan, min cür çiçək dolu otu dizə çıxan, göz işlədikcə uzanıb gedən Haramılara köçərdilər. Qoyunlar südlü-sünbüllü otlardan yeyib doğardılar, arvadlar pendir tutardılar, nehrə çalxardılar, bulama, suluq bişirərdilər. Yay yaxınlaşanda, Haramıların otları saralanda fərməşlər qovlanıb dəvələrə yüklənərdi, atlar yəhərlənərdi və el yaylağa köçərdi. On gün-on gecə köç yol gedərdi. «Gəyən» deyilən düzdə igidlər cıdıra çıxardılar. Bütün atları ötüb-keçən at mahalda ad çıxardardı, sorağı ellərə yayılardı.
– Ə, – deyərdilər – Hacıquluoğlu Şahbazın səmənd atı yüz seçmə atı yarı yolda qoyub.
Səmənd ata elçilər gələrdi, amma Hacıquluoğlu:
– Cəmənd atı min erkəyə də vermərəm, – deyib onları boş yola salardı.
Köç yollarında bəzən hamilə gəlinlərdən doğan da olardı.
Sonra Dəliçay yaylağına çatıb, «Eşşək bulağı» deyilən yurdda keçə alaçıqlar – komalar qurardılar. Yurd hündürdəydi, Eşşək bulağı aşağı dərədə. Eşşək bulağı dünyalar yola salmış sarı qayalardan qaynayıb çıxırdı. Yaşıl baldırğanların, ətirli yarpızların arasıyla göz yaşı kimi dumduru su axırdı. Suyun içində muncuq kimi rəngbərəng daşlar görünürdü, amma onu da heç kəs bilməzdi ki, bu zərif bulağa niyə «Eşşək bulağı» deyirlər? Kim bilir ki, Eşşək bulağı yurdundan xeyli yuxarıdakı yaylağa nə üçün «Qızıl boğaz», ondan daha yuxarıda, dağın döşündəki əriməz qara niyə «Əyri qar» deyirlər? Ya da «Eşşək bulağı» yurdundan aşağıda göylə yer birləşənəcən uzanıb gedən laləli düzənliyə niyə «Altıntaxta» deyirlər?..
Hər obada böyük ağ keçədən qurulmuş bir ağ alaçıq, onun yan-yörəsində də qara keçəli komalar olardı. Ağ alaçıqda obanın sayılan varlı adamı, qara keçəli alaçıqlarda kasıblar yaşayardı, varlı gərək kasıbdan seçiləydi, obaya gələn yad atlı gərək biləydi ki, «bax, bu ağ alaçıq Hacı filankəsindir». Hacı filankəs də bütün obanın başçısı, ağsaqqalı olardı. Obanın bir adamına ayrı bir obadan sataşan olsaydı, demək, o, oba başçısına sataşmış olurdu. Beləydi tərəkəmələrin qanunu...
Eşşək bulağı yurdundakı qara keçəli komalardan azca yuxarıda iri bir ağ alaçıq görünürdü. O ağ alaçıq kürdobalıların sayılan adamı Kərbəlayı İbixanın idi. Kərbəlayı İbixan on min qoyunu, səkkiz yüz atı olan Hacı Alış qədər dövlətli olmasa da, ondan ağıllı, çörəkli, qonaq-qaralı bir adam idi. Qapıya gələn aşığı boş yola salmazdı, köməksizə kömək olardı, kasıba əl tutardı. Mahal murovu, Kərbəlayı İbixanın ad-sanını eşidib, onu Arazboyu tərəkəmələrinə vəkil təyin elədi.
Kürdobanın komaları, alaçıqları yaz vaxtı Haramılarda qurulanda murov Haramılara gəlib Kərbəlayı İbixanın alaçığına düşdü və onun qızı Səkinəni görüb ağlı zayıl oldu, ona görə «zayıl oldu» deyirəm ki, murovun 60 yaşı, dörd arvadı vardı, gözünün də biri mayıf idi, amma Səkinə on yeddi yaşında, ağ üzündə qoşa xalı, bir dünya gözəli idi. Varlı yerdən neçə-neçə igid ona elçi düşmüşdü, amma Səkinə öz qohumları Gülməmmədə sevgi yetirmişdi və Kərbəlayı İbixan da bunu bilib, qızını ona nişanlamışdı. Gülməmmədin atası Uzun Həsən, kasıb da olsa, sayılan igidlərdən idi, neçə-neçə xəncər-bəlgə davasında şücaət göstərmişdi, bir sözünü iki eləyən olmamışdı.
Murov başlamışdı Kürdobaya, vəkil Kərbəlayı İbixanın evinə yol açmağa. Axırda bir gecə Səkinə nişanlısı ilə xəlvət görüşəndə əhvalatı açıb ona dedi. Dedi ki, murov məni görəndə qoca yabı kimi dişini ağardır, özü də o günü bizə gələndə dədəm obada yox idi, mən aparıb alaçıqda qabağına süfrə salanda biləyimdən yapışdı, güclə əlindən çıxıb qaçdım.
Gülməmməd dedi:
– Görünür, buynuzunun dibi gicişir.
Sonra Gülməmməd Səkinənin anasına dedi:
– Bibi, Kərbəlayı dayıma denən, əgər o kor murov bir də bu evə gəlsə, öldürəcəm onu.
Səkinənin anası Gülməmmədin dəli-dolu oğlan olduğunu bilirdi, bilirdi ki, öldürər! Ona görə də, əhvalatı açıb ərinə dedi. Kərbəlayı İbixan hələm-hələm yerindən oynayan adam deyildi. Bir az fikirləşib arvadına dedi:
– Sən Gülməmmədə yetir ki, onun işi yoxdur, murovla mən özüm təhər çəkərəm.
Atalar deyib: abırlı abrını gözləməsə, axırı it axırına dönər. Günlərin birində murov Kürdobaya gəlib yenə Kərbəlayı İbixanın evinə düşdü. Kərbəlayı da iki cavan çağırıb dedi:
– Murovun atının quyruğu çox uzundu, gedin onu bir az gödəldin.
Cavanlar da başa düşdülər ki, Kərbəlayı nəyə işarə edir. Murov bu dəfə gözəl Səkinəni görə bilmədi, ürəyində qərar verdi ki, gedib qız üçün elçi göndərsin. Amma gedəndə gördü ki, atının quyruğunu kəsib lümə toyuğa döndəriblər. Murov qəzəblə soruşdu:
– Kərbəlayı, bu nə işdi?
Kərbəlayı İbixan dağdan ağır adam idi, murova sakit tərzdə baxıb dedi:
– Ağa, altmışında yorğalamaq istəyən yabını bizlərdə belə eləyərlər ki, bir az yüngülləşsin, bəlkə yolunu azmaya!
Murov dedi:
– Yaxşı, Kərbəlayı İbixan!
Kərbəlayı İbixan da cavab verdi ki:
– Ağa, Allaha şükür elə ki, Kürdobadan salamat gedirsən.
Murov xoruzlansa da, qorxağın biri idi. Bilirdi ki, Kərbəlayı İbixana bir şey eləsə, kürdobalılar torpağını at torbasında aparar. Ona görə də hesabı içəri verib, bir də Kürdobaya ayaq basmadı. Amma igiddən qada, canlıdan cəfa əskik deyil, deyərlər. Bir gecə İrandan keçən quldurlar «Mandılı» deyilən qışlaqda qoyun sürüsü saxlayan binələrə basqın eləyib, Gülməmmədgilin sürüsünü atdöşü eləyəndə, atası kimi ucaboylu, enlikürək, zorlu bir oğlan olan Gülməmməd çomağı qapıb başladı atlıları budamağa ki:
– Köpək uşağı, çıxın qoyundan!
Quldurbaşı atının başını çəkib:
– Əyə, – dedi, – itil o yana, qoyundan ötrü özünü güdaza vermə.
Gülməmməd:
– Ə, anasının oğlu, mənə Uzun Həsənin oğlu Gülməmməd deyərlər, çıxın qoyundan! – deyib çomağını endirəndə, quldurbaşı da qılıncını endirdi, Gülməmməd gördü ki, çomaq tutan əli birdən-birə qov kimi yüngül oldu, təəccüblə baxıb gördü ki, nə əli var, nə də çomaq. Zalım oğlu qılıncı necə endiribsə, çomaq tutan əlini biləyindən qələmə kimi kəsib tullayıb.
Ballı qarı kərə yağı dağ eləyib Gülməmmədin yarasını bişirdi, məlhəm qayırıb sarıdı, Gülməmmədin biləyini sağaltdı. Mərdlər onu tayqol görüb heyifsiləndilər, namərd yağılar sevinib dedilər:
– Qoşa xallı Səkinə daha tayqol Gülməmmədə getməz.
Amma ona da Kərbəlayı İbixan qızı deyərdilər. Mərd kişinin belindən gəlmişdi, halal anadan süd əmmişdi. Xəlvətə salıb Gülməmmədə dedi:
– Heç ürəyini qısma! Sən iki gözümdən də əzizsən, pərvanə olub başına hərlənəcəm, qul olub qulluğunda duracam!
Eşşək bulağının üstündə böyük mağar quruldu, neçə cöngə, neçə erkək kəsildi. Göyçə mahalından aşıq Vəli dəstəsilə gəldi. Zəngəzurdan zurnaçı Nikolay dəstəsilə gəldi. Səkinə ilə Gülməmmədə üç gün, üç gecə bir toy elədilər ki, gəl görəsən.
... Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xorasana gedib Məşədi Gülməmməd oldu. Amma Kərbəlayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd də rəhmətə getdi. Kürdobanın başbiləni, qonaq qabağına çıxanı, qan bağlayanı, elçi gedəni Səkinə arvad oldu. Dünyagörmüş kişilər deyərdilər, «Səkinə ağılda, kamalda atası Kərbəlayı İbixana çəkib».
Səkinə gördü ki, xanların, bəylərin uşaqları böyük-böyük məktəblərdə oxuyub rusun, firəngin dilini bilirlər, poqon taxıb böyük «nəçərnik» olurlar. Öz-özünə dedi: «Kərbəlayı İbixan bəy olmasa da, bəylərdən əskik kişi deyildi ki, niyə onun nəvəsi də oxuyub nəçərnik olmasın?»
Səkinə bunu fikirləşib, oğlu Bayramı bir dəvə yükü sovqatla apardı Şuşa qalasına. Qarabağ xanzadələrindən olan Nəcəf ağa Kərbəlayı İbixanı yaxşı tanıyırdı, Araz qırağındakı rəiyyətlərinə baş çəkməyə çıxanda həmişə Kərbəlayı İbixanın alaçığına düşərdi. Onun üçün ceyranlar, turaclar vurulardı, erkəklər kəsilərdi.
Səkinə dedi:
– Kərbəlayı İbixanın nəvəsini sənə tapşırıram, ağa! Özün bilirsən ki, biz haqq-say itirən döyülük, iltimasımız budur ki, onu böyük rus məktəbinə qoyasan, oxusun, zamana adamı olsun.
Nəcəf ağa əzazil adam olsa da, bilirdi ki, Səkinəyə hörmət eləmək havayı getməz, bütün Arazboyunda deyəcəklər ki, «Nəcəf ağa Kərbəlayı İbixanın duz-çörəyini tapdamadı». Ona görə də Bayramı qoydu gimnaziyaya.
Bayram gimnaziyanı qurtarandan sonra da Nəcəf ağa onu nəçərnikin idarəsində qulluğa düzəltdi. Arazqırağı tərəkəmələrin arasında Səkinənin hörməti-izzəti birə on oldu, zarafat deyildi, onun oğlu, Kərbəlayı İbixanın nəvəsi «qızıllı poqon» taxıb, padşahın idarəsində qulluq eləyirdi, rusun dilini bilirdi, özünə də «Bayram bəy» deyirdilər.
İndi sizə başqa bir əhvalat danışım... Görün ki, insanlar haralarda dünyaya gəlib, haralarda qovuşurlar. Görün taleyin nə qəribə işləri olur.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-kurdobadaki-sekine-ile-mahal-murovunun-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Birisi nəAşiqlərdə gərək üç şey cəm olsun,Birsi sazdı, birsi sözdü, birsi nə?
Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!