Səhifə 3 / 3 · 67%

Qız qorxmuş halda üzümə baxıb tərpənmədi. Mən mülayim səslə ona dedim:

– Qorxma, çıx bayıra.

Qız bayıra çıxandan sonra onlara dedim:

– Hələlik! Allahınıza şükür eləyin ki, sizi salamat buraxıram. Ancaq bilin ki, həmişə nəzarət altındasınız. Əgər bir də belə işlə məşğul olsanız, sizi buraxmayacağam.

Bunu deyib, cəld bayıra çıxaraq qapını daldan bağladım. Sonra qıza dedim:

– Gəl gedək!

– Hara, ağa? – deyə o, həyəcanla soruşdu.

Mən dedim:

– Sən qalsan, bunlar səni öldürərlər. Gedək, neyləmək lazım olduğunu sonra fikirləşərik.

Gəldik mən yaşadığım mehmanxanaya...

Dayım susdu. Bir azdan anam soruşdu:

– Axı bu kürd qızı orada nə gəzirmiş?

Dayım dedi:

– Özünün nağıl elədiyinə görə, İran kürdlərindən kasıb bir kişinin beş qızından biri imiş... On dörd yaşı olanda kəndləri gəzib vergi yığan bir nəfər onu görüb, elçi düşüb. Evlənəndən sonra fars onu özü ilə Tehrana gətirib, beş-altı ay saxlayandan sonra boşayıb, qovub. Qız Tehranın küçələrində avara-sərgərdan qaldığı zaman həmin arvada rast gəlib...

Dayım yenə də susdu... Anam soruşdu:

– Sonra nə oldu?

– Sonra mən qızdan soruşdum ki, öz yerlərinə getmək istəyirmi?

O:

– Ah, ağa, – dedi, – əgər siz məni özünüzə bir kəniz eləsəydiniz, heç yerə getmək istəməzdim...

Mən də dedim ki, tezliklə İranı tərk eləyib gedəsiyəm. Onu özümlə apara bilmərəm. O, çox məyus oldu, hələ ağladı da. Mən onu başa saldım ki, Tehranda qalsa, məhv olar. Qayıdıb öz yerlərinə getsə yaxşıdır. O da naəlac qalıb razı oldu. Mən ona üç-dörd dəst paltar, ayaqqabı aldım. Özünə də xeyli pul verib, yola saldım evlərinə.

Bir qədər sükutdan sonra atam dedi:

– Gərək o arvadla kişiləri verəydin polisə.

Dayım dedi:

– Siz elə bilirsiniz ki, onları cəzalandıracaqdılar? Şahın məmurları rüşvət alıb buraxmayacaqdılar?

Sonra atam zarafatyana dayımdan soruşdu:

– İndi danış görək, necə oldu ki, əlinə bir o qədər pul keçə-keçə bura qəpiksiz gəlib çıxdın?

Deyəsən, atamın sözü bir az toxundu dayıma. O dedi:

– Nə olacaqdı, tacirlik eləməyəcəkdim ki?.. Tehran elə bir kef yeridir ki, bir milyonun da olsa, bir ilin içində çıxıb gedər işinə.

Sonra dayım nəşə ilə söhbətinə davam eləyib dedi:

– Qərəz, nə başınızı ağrıdım, bir də baxdım ki, cəmi beş-altı tümən pulum qalıb, bununla da heç yerə gedib çıxa bilmərəm. Oturub fikirləşirdim ki, neyləyim? Birdən yadıma düşdü ki, atam Şuşada gimnaziyada oxuyanda bizim Kürdobadan onunla bir yerdə Tağı adlı bir oğlan da oxuyurmuş. Bir gün Tağı atamı öyrədir ki, «nə var Şuşada, gəl qaçaq gedək Bakıya. Orda özümüz üçün bir iş tapıb kef çəkərik». Özü də Tağı atamdan iki-üç yaş böyük imiş. Onlar Bakıya qaçandan sonra orası yadımda deyil, nə cür olursa, atam Bakıda Tağını itirir, bir neçə gün orda gəzəndən sonra qayıdır yenə Şuşaya. Hamı Tağını itib-batmış hesab eləyir. Ancaq neçə il sonra Tehrandan kağız gəlir. Məlum olur ki, orda ticarətlə məşğuldur. Bunu xatırlayan kimi getdim Tehrandakı «Qarabağlılar» məhəlləsinə. Bu məhəllədə yaşayanlar vaxtilə Qarabağdan köçüb gələnlər idi. Xeyli soraqlaşandan sonra mənə dedilər ki, parça-çit bazarında Tağı adlı dövlətli bir sövdəgərin mağazası var, bəlkə, o ola. Gedib mağazanı tapdım, gördüm cavan satıcılar alver eləyir, amma uzun, qırmızısaqqallı, nurani bir kişi də balaca kətilin üstündə əyləşib, qabağında balaca stəkanda çay, təsbeh çevirir. Satıcılardan birindən yavaşca soruşdum: «Ağayi Tağı budur?» Dedi: «Bəli.» Yaxınlaşıb ədəblə, özü də azərbaycanca dedim:

– Salam-əleyküm, Tağı əmi.

Kişi təəccüblə soruşdu:

– Kimsən, bala, hardan gəlmisən?

Dedim:

– Qarabağdan.

Bir qədər diqqətlə üzümə baxıb birdən soruşdu:

– Olmuya Bayramın oğlusan?

Dedim:

– Özüdür.

– Gözlərindən tanıdım, – deyib, kişi qalxıb boynumu qucaqladı.

Bütün qohum-əqrəbadan hal-əhval tutdu, hiss elədim ki, kişiyə qürbət yaman təsir eləyib.

Sonra məni apardı evinə, gördüm məndən də böyük oğlanları var. Dövlət də ki, aşıb-daşır... Qərəz, düz on beş gün məni qonaq saxlayandan sonra soruşdu:

– İndi neyləmək fikrindəsən?

Dedim:

– Heç bilmirəm.

Dedi:

– Məsləhət görürəm ki, qayıdıb gedəsən Qarabağa. Vətəndən həmişəlik ayrı düşmək yaman dərddir, mənim kimi ilişib qalarsan, ata-ananın da, yəqin ki, gözü yoldadır.

Mən özüm də qayıtmaq istəyirdim, ancaq bayaq dediyim kimi, pullar çıxıb getmişdi, ona görə də kişiyə yalan satmalı oldum, dedim:

– Tağı əmi, var-yoxumu mehmanxanada oğurlayıblar.

Qərəz, kişi bəsdir deyincə mənə yol pulu verdi, özümü də təntənə ilə yola saldı ki, guya vətənə gedirəm.

Nuru dayım burada bərkdən güldü. Anam soruşdu:

– Bəs gəlmədin?

– Yox, – dayım nəşə ilə cavab verdi. – Əyləşdim faytona, «Qarabağlılar» məhəlləsindən aralanandan sonra faytonçuya əmr elədim:

– Sür Laləzar mehmanxanasına.

Atam dedi:

– Başladın təzədən vur-çatlasına?

Dayım bərkdən güldü:

– Bir də onda ayıldım ki, pulum lap az qalıb. Fikirləşdim ki, daha bu dəfə Tağı əminin yanına getmək olmaz. Vətənə sarı yola düşdüm. Pulum tezliklə lap qurtardı. Saqqalım da xeyli uzanmışdı, baxıb gördüm hamı məni rus bilir. Kimdənsə eşitmişdim ki, İran kimi müsəlman ölkələrində ayrı dindən dönüb müsəlman olana maddi yardım eləyirlər. Mən harada gəldi, dedim ki, rusam, dinimi dəyişib olmuşam müsəlman... «Dinə gəlmisən, ay kafər, behiştə gedəcəksən» deyə məni tərifləyib pul verirdilər, mən də əllərimi göyə qaldırıb onlara dua eləyirdim. Soruşurdular ki, rus olanda adın nə idi? Deyirdim: «Aleksandr». Deyirdilər: «Bəs, indi döndərib nə qoymusan?» Deyirdim: «İsgəndər». Öz adımı qəsdən demirdim. Elə ki, bərkdən ərəbcə dua oxuyurdum, başıma toplaşan adamlar elə təəccüblə qulaq asırdılar ki, elə bil, dünyada görünməmiş bir şey eşidirdilər.

Bu minvalla dinə gəlmiş təzə müsəlman gəlib çıxdı Təbrizə. Bir qədər də orada pul yığandan sonra kirayə bir at tutub gəldim İran Şahsevənində, orada da ki, atamgilin köhnə qonaqlarını tapdım. Onlar da məni pələ ilə keçirdilər bu taya. Bilirsiniz ki, bu saat Arazın daşmış vaxtıdır, pələdə hər dəqiqə batacağımı gözləyirdim.

Əhd elədim ki, bu taya salamat çıxsam, düz bir ay oruc tutub, namaz qılacağam...

O zaman orucluq təzə başlayırdı. Dayım, doğrudan da, hər gün oruc tutub, namaz qılırdı. Bu mənə də, atamgilə də çox qəribə görünürdü. Mən həmişə dayımı yoldaşları ilə səhərdən axşamacan orada-burada şərab içib kef çəkən görmüşdüm. İndi onun belə mömin olması çox gülməli idi. O, namaz qılanda Fatma nənəm də arxadan təəccüblə tamaşa eləyirdi. Dayımın iftarı üçün cürbəcür şeylər hazırlanırdı. Babamgilin nökəri onun iftarı üçün ağ tut yığırdı. Dayım bütün günü təsbeh çevirib, namaz qılırdı, dua oxuyurdu, sarı, qıvrım saqqalı da getdikcə uzanırdı.

Ancaq bir gün babamgilə gəlib gördüm ki, dayım saqqalını tərtəmiz qırxdırıb, uzunboğaz çəkmələrini, qalife şalvarını geyib, olub əvvəlki kimi gözəl bir oğlan, özü də iki nəfər dostu ilə bağda, ağacların altında qoyulmuş stolun ətrafında oturub, təzə quzu ətinin soyutması ilə şərab içirlər. Möminlik, saqqal, təsbeh də çıxıb gedib işinə...

Sonra mən fikirləşirdim: demək, dayım o kürd qızını xilas eləyib, demək, dayım yaxşı iş görüb. Kürdə pul da verib! O günü də qəribə bir hadisə olmuşdu, dayım bizə gəlib anama dedi:

– Mənə bir az pul ver, indi bazardan gələndə yanında iki körpə uşağı olan dilənçi bir arvada rast gəldim, ürəyim birtəhər oldu, cibimdəki pulun hamısını çıxarıb verdim arvada, uşaqlar üzümə elə baxdılar ki, gözüm yaşardı...

Əgər dayım belə yaxşı adamdısa, bəs nə üçün Fatma nənəmi incidir? Nə üçün o vaxt İmaşı o cür döyürdü? Nə üçün Kürdoba cavanlarını başına yığıb gecə başqa obaya hücum edirdi? Nə üçün Əhmədin üç arvadı öldürməyindən o cür kefikök danışırdı? Hər şey bir tərəfə, axı o arvadlardan biri bizim qoca nənəmiz idi... Nə üçün Əhmədin arvadları məhz onun tapançası ilə öldürməyi dayıma vicdan əzabı vermirdi?

Mən bu suallara cavab tapa bilmirdim, ona görə də mənim təsəvvürlərim alt-üst olurdu, başımda tamam bir xaos yaranırdı, mən fikirlərimin bu qarmaqarışıqlığı içində eyzən bir dəstə quldura çomaqla hücum eləyən Məşədi Gülməmməd babanı, cavan ömrünü uşaqlarına həsr eləyən Səkinə qocanı, Xəlsə qocanı, Xanım nənəni xatırlayırdım, mən, eyni zamanda, öz kefi üçün uşaqlarını başsız qoyaraq çoban Mahmuda qoşulub qaçan, sonra onu o cür öldürən Qızyetəri də xatırlayırdım. Bir tərəfdən, dağ yolunda bizim o cür harayımıza çatan, bizi otaylı quldurlardan xilas eləyən, kasıblara əl tutan, o biri tərəfdən də, özü anama nağıl elədiyi kimi, arvad-uşaqla dolu alaçığı gülləyə basan Qaçaq Xanmuradı xatırlayırdım...

Ancaq mən dumanlı halda əqlimə gələn, mənə xoşagəlməz təsir eləyən bu suallar barəsində heç kəsdən bir şey soruşmurdum, çünki bir dəfə belə bir sual üstündə atam məni danlayıb demişdi:

– Uşaqsan, get uşaq işinə.

Sonra anama xitabən əlavə eləmişdi:

– Bu uşaq çoxbilmişliyindən kökəlib-eləmir də.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri