Səhifə 1 / 12

Biz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:

– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?

Adil də gülümsəyərək:

– Qəm çəkmə, düzələr, – demişdi.

Sən demə, çox ehtiyatlı oğlan imiş. Subay vaxtı əmanət kassasına azdan-çoxdan qoyubmuş... Atasıgil də kömək elədi. Qərəz, iki qarniturla bərabər, müasir dəbdə olan lazımi şeylər alıb otaqları ürəyimiz istəyən kimi düzəltdik.

Həyatımdan razı olmamağa haqqım yox idi. Adil kimi adama ərə getmişdim. Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-tarıx, səliqəli geyinərdi, köynəyinin boynu həmişə qar kimi ağ olardı. Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı onun çox ağıllı, hər şeyin yerini bilən bir adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi. Onun hər işində, hətta gülüşündə və zarafatında belə ciddi, sərvaxt bir ağlın hökm sürdüyü duyulurdu. Heç bir yerə, heç bir kinoya, teatra mənsiz getməzdi. Yad adamların yanında, məclisdə özümü necə aparmağım barəsində mənə tez-tez məsləhətlər verərdi. Mən öyüd-nəsihət sevməsəm də, inciməzdim. Əksinə, aramızda on bir yaş fərq olduğundan (o vaxt mənim on doqquz, onun isə otuz yaşı var idi), bunu qanuni bir şey hesab edirdim. Məsələn, o deyirdi ki, kimin üzünə gülümsəmək lazım olduğunu, kimə heç fikir verməməyi gənc qadın bilməlidir. Mən də onun bir tanışına rast gələndə dərhal bütün diqqətimi toplayaraq çalışırdım ki, müəyyən edim, görüm, mən bu adama qarşı nə cür mövqe tutmalıyam.

Etiraf edim ki, bəzən bu hal məndə bir əyləncəyə, bir zarafata dönürdü. Filan tanışın yanında özümü qəsdən tox tutmağım sonra Adillə mən tək qalanda qeyri-ixtiyari bir qəhqəhəyə çevrilərdi. Bu zaman o, təəccüblə üzümə baxar və qaşlarını çataraq heç bir söz deməzdi. Mən də onun xətrinə toxunduğum üçün könlünü almağa çalışardım. O, evdə olmadığı zamanlar güzgünün qarşısında dayanıb, məsələn, onun xoşu gəlməyən filan oğlanı gördükdə nə cür ciddi görkəm almaq lazım olduğunu məşq edərdim. Mən təqsirkar deyildim. Evimizdə bişməmişdi, qonşudan gəlməmişdi. Mən adicə bir zavod çilingərinin qızı idim. Anam da azsavadlı, lakin sağlam, deyib-gülən, məzəli bir qadın idi. Ərimin istək və tələblərindən asılı olaraq, başqa kişilərə münasibətimdə öz hərəkətlərimi daim nəzarət altında saxlamaq mənim üçün o qədər də asan deyildi. Lakin bu məni qorxutmurdu. Ərimin məni istədiyini, mənə etibar elədiyini bilirdim.

Mən həyatımdan razı idim. Mən görmədiyim günə düşmüşdüm. Atamgildə yeddi baş ailə iki balaca otaqda yaşayırdıq. İndi isə... bayaq söylədiyim kimi, geniş, işıqlı otaqlar, televizor, soyuducu, paltaryuyan maşın, tozsoran... Ərimin atası adlı-sanlı həkim, yaxın bir qohumu nazir, başqa bir qohumu isə böyük bir trestin rəisi idi. Hər gecə kino, teatr, qonaqlıq... İndi bu sətirləri yazarkən, bir an dayanıb «filosofanə» xəyallara dalıram. «İnsan həyatı nə qəribədir, deyə düşünürəm, – bəzən tuş tutub getdiyin yol haradan başlayır və səni haralara aparıb çıxarır... Əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır... Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub onun qəlbinə sancılır. Sən isə buna qarşı biganə olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır... Kim deyə bilər ki, mən Adil üçün və ya o mənim üçün yaxşı olmaq istəmirdik... Kim deyə bilər ki, ya mən ondan, ya da o məndən öz ömrümüzü əsirgərdik...»

Biz, yəni mən və tələbə yoldaşlarım texnikumda oxuyanda, sanki daim bir yerdə uçub civildəşən, bir ağacda gecələyən bir dəstə quş idik. İndi isə mən o dəstədən ayrılıb tamam yeni bir aləmə düşmüşdüm. Etiraf edim ki, bəzən axşamçağları (məhz axşamçağları!) onlar üçün, vaxtilə mənimlə birlikdə civildəşən o quşlar üçün darıxardım, qəribsəyərdim. Belə anlarda, gündə on dəfə tozunu sildiyim güzgü kimi parlaq mebellərim mənə soyuq və yabançı görünərdi və mən «ah» çəkib pəncərədən məchul uzaqlara baxardım. Bəzən gecələr Adilə texnikumdakı oğlan uşaqları ilə etdiyimiz zarafatlardan danışıb, onun da bu məzəli əhvalatlara gülməsini istərdim. Lakin o, ancaq mənim könlümü sındırmamaq üçün xəfifcə gülümsər və tamam ayrı şeylərdən, ayrı aləmdən danışardı. Mən də öz yüngüllüyümü düşünüb özlüyümdə xəcalət çəkərdim. Adil böyük şeylərdən, insanın ali vəzifələrindən danışardı. Deyərdi ki, insan dünyaya daim inkişaf etmək, daha üstün «yaxşı»ya çatmaq üçün gəlmişdir.

Mən də özümü bir şey bilən kimi göstərərək:

– Adil, – deyərdim, – bilmirəm, hansı rus yazıçısı isə deyib ki, quş uçmaq üçün yarandığı kimi, insan da xoşbəxtlik üçün yaranmışdır...

O, ciddi bir görkəm alıb:

– Bilirsənmi, Səriyyə, – deyə cavab verərdi, – xoşbəxtliyin özünün nə demək olduğunu düzgün təyin etmək lazımdır. Əsl məsələ bundadır.

Onun bu sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini dərk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə mühakimədən artıq duyğular cəlb edirdi. Mən təzə peyda olmuş yaz böcəyi kimi özümdən asılı olmayan bir həvəslə, daim günəşə-işığa, səhər-səhər otlar üzərində parıldaşan şeh damlalarına doğru qanad çalırdım və nə üçünsə mən bu ruhi vəziyyətimi öz dostumdan, həyat yoldaşımdan gizlədirdim. Mən mümkün qədər özümü sakit və ağıllı göstərməyə çalışırdım. Çünki o belə xoşlayırdı. O, hər şeyi diqqətlə, dürüst ölçüb-biçərək irəliləyir və mənim də belə etməyimi istəyirdi. Madam ki, biz həyat yoldaşı idik, demək, belə lazım idi!

Bir gün nahardan sonra o:

– Səriyyə, – dedi, – deyəsən, biz bir neçə müddətə rayona getməli olacağıq.

– Nədən ötrü? – deyə maraqla soruşdum.

– Təzə şose yolu çəkilməyə başlayıb, məni ora rəis təyin edirlər.

– Necədir? Ürəyincədirmi?

– Bilirsənmi, – deyə hərarətlə izah etməyə başladı, – bizim üçün çox yaxşı perspektivi olan bir işdir. Əgər yolu müvəffəqiyyətlə çəkib qurtarsaq...

O nə üçünsə susub sözünün ardını demədi və bir qədər var-gəldən sonra əlavə etdi:

– Sən də ali məktəbə girmək üçün, heç olmazsa, iki il işləməlisən. Özün də texnik adam, – deyə gülümsədi. – Söz verirlər ki, yolu çəkib qurtarandan sonra məni yenə də aparata qaytarsınlar. Əlbəttə...

O, yenə də bir an duruxdu:

– Əlbəttə, – dedi, – indikindən daha mühüm bir vəzifəyə...

Adilin müvəffəqiyyət qazanacağına şübhə ola bilməzdi. Baş yollar idarəsində işlədiyi bu neçə müddət ərzində o il olmamışdı ki, təşəkkür – mükafat almasın.

– Mən belə bir təsadüfü çoxdan gözləyirdim...

– İndiki vəzifən bəyəm pisdir? – deyə təəccüblə soruşdum.

– Pis deyil... Ancaq bir var, sən işləyəsən, ad özgənin ola, bir də var ki, öz əlin, öz başın! Bu elə vəzifədir ki, nə qədər gücün var, göstərə bilərsən. Hamı da görər ki, sən nə eləyirsən... Nəyə qadirsən...

Sonra mehriban səslə soruşdu:

– Bəlkə sən rayona getmək istəmirsən?

– İstəyirəm.

– Onda hazırlaş, qapıları bağlayıb gedərik, özümüz də tez-tez gəlib ev-eşiyə baş çəkərik.

... Kim istəyər ki, gənc əri ad-san qazanmasın, yaxşı işdə olmasın? Məgər Adil dediyi kimi, həyat daim yüksəlişdən, inkişafdan ibarət deyil? Bizim hər birimiz daha yüksəklərə can atmırıqmı? Mən onun qarşısında açılan yolda büdrəməyəcəyinə əmin idim. Mən onun gücünə inanırdım. Buna görə də, hardansa qəlbimə çökən və səbəbi mənə məlum olmayan ağırlığı üzərimdən ataraq, həvəslə tədarük görməyə başladım. Adilə də, özümə də su keçirməyən plaş, rezin uzunboğaz çəkmə, gələcək mənzilimiz üçün balaca radioqəbuledici, çoxlu foto lenti, cib fənəri, iki yüngül qatlama çarpayı, yemək və çay termosları aldım. Hər ikimiz üçün möhkəm nazik parçadan yay idman kostyumu tikdirdim. Boş vaxtlarımızda oxumaq üçün Adilin kitablarından seçib bir çamadan götürdüm. Nəhayət, may ayının axırlarında Baş Yollar İdarəsindən verilən «QAZ-69»la Bakıdan çıxıb «K» rayonuna getdik. Adilin də, mənim də maşın sürmək hüququmuz olduğundan şofer götürmədik. Adil işləri yoluna qoyana qədər mehmanxanada qaldıq. Bu müddətdə rayon işçiləri gecə-gündüz Adilin başına yığılır, hazırlıq məsələlərini müzakirə edirdilər. Sonra rayon mərkəzini tərk etdik. Yol rayondan başlayaraq, meşə ilə örtülü dağların o tərəfindəki yaylaqda təşkil edilmiş böyük maldarlıq sovxozuna çəkilməli idi. Adilin də deməsinə görə, o sovxozun bütün respublika üçün böyük əhəmiyyəti var idi. Yol çox uzun olmasa da, çətin yerlərdən keçməli idi. Tez-tez sıldırım qayaları partlatmaq, üzüaşağı axan dağ çayları üzərindən balaca körpülər salmaq lazım gələcəkdi. Maşınımız qədimlərdə yaylağa gedib-gələn el-oba tərəfindən salınmış köç yolu ilə irəliləyərək, meşəyə girib yavaş-yavaş yuxarı, dağlara qalxmağa başladı. Qoca palıd, yemişan, vələs ağacları üstümüzə kölgə salırdı. Bəzən yol qıvrılaraq hər yerdə palıd rəngli qayaların dibi ilə qalxırdı. Tez-tez daş yonan, iri gövdəli qocaman ağacları kökündən çıxaran fəhlələrə rast gəlirdik. Ara-sıra qabağımızdan yük maşınları gəlib keçirdi. Adil əlləri rulda, bunların hamısını diqqətlə nəzərdən keçirirdi. O, gələcək iş haqqındakı fikirləri ilə məşğul idi. Adil cəbhəyə təzə gəlmiş zirək, gözüaçıq bir komandan kimi bütün şəraiti öyrənirdi. O mənim ərim idi. Mən onunla fəxr edirdim. O, ağıllı və yaraşıqlı idi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 dəq
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 dəq
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 dəq
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 dəq

Başqa şairlərin şeirləri