Səhifə 3 / 12 · 17%

Bunlar hamısı ağıllı sözlər idi və bu ağıllı sözləri mənim rəis olan ərim deyirdi. Lakin qəribədir, bəzən ağıllı hesab elədiyimiz sözlər biz gənclərin yadında yaxşı qalmır. Ürəyimizdə ehtiras alovlandırmır. Əksinə, bizdə anlaşılmaz, soyuq bir hissə çevrilir və biz onları tezliklə, elə həmin dəqiqə unuduruq. İndi də belə idi. Mən ərimin sözlərini təsdiq etdiyim halda, buldozerçinin keçmiş rəisi necə məğlub etdiyini, onun (rəisin) hər dəfə mərci uduzaraq, necə özündən çıxdığını gözümün qabağına gətirib gülümsəyirdim. Mən orada olmaq, o məzəli rəisi görmək istərdim.

– Niyə gülürsən? – Adil ciddi ifadə ilə soruşdu.

– Heç... keçmiş rəisin yüngüllüyünə.

Mən birinci dəfə olaraq, öz duyğularımı ərimdən, mənim ağıllı və işgüzar ərimdən gizləyirdim.

– Doğrudan da gülməlidir, – deyə o qalxıb körpüsalanların yanına getdi.

... Meşəli dağların ardındakı o varlı sovxoza çəkilən yolda qızğun iş gedirdi. Mən körpüsalanlarla birlikdə həm vəzifəmi yerinə yetirir, həm də özümüz üçün yemək-içmək hazırlayırdım. Adil isə «QAZ-69»da hər gün iş sahələrini gəzir, göstəriş verir, lazım olan materialları daşıtdırırdı. O, qonşu rayonla əlaqəyə girib, yolun üstünə iki yeni ekskavator gətirtmişdi. Havalar yaxşı keçdiyindən, biz tələsir, payız yağışları başlayana qədər ağır işləri görüb qurtarmağa can atırdıq. İki dəfə, hərəsində də dörd fəhlə bizə köməyə gəldi. Lakin sonra daha kömək istəmədik. Bizdən bir qədər yuxarıda, Dəvəboyu deyilən dağın ətəyindəki iki selab üzərində də kiçik körpülər salınmasına başlanmışdı. Həftədə üç-dörd dəfə səhər tezdən mən «QAZ-69»a əyləşib, azuqə almaq üçün rayon mərkəzinə gedərdim. Bu zaman Soltan da mənə pul verib:

– Səriyyə xanım, – deyərdi, – bizim üçün də ayından-oyundan alın.

– Məsələn, nə cür ayın-oyun? – deyə mən də zarafatyana soruşardım.

– Nə bilim, ətdən, yumurtadan...

– Aydındır, – deyə maşını işə salıb tərpənirdim...

Əvvəllər özümüzlə yanaşı, onlar üçün də xörək asardım. Sonra bunun Adilə xoş gəlmədiyini hiss edib, vaz keçdim. Lakin, bununla bərabər, onun bu hərəkəti mənə yaxşı təsir bağışlamırdı. Məsələn, mən özümüz üçün kotlet hazırlarkən, qonşumuz körpüsalanların nahara bir şey bişirmədiklərini görüb vicdan əzabı çəkirdim. Sizdən nə gizlədim, hərdən Adil evdə olmayanda, onların çadırına gedir, könülləri nə istədiyini soruşur və cəld bişirib qayıdırdım. Bir gün də onların çadırına gedəndə buldozerçinin qapıda oturub üst köynəyinin yaxasına düymə tikdiyini gördüm. Mən onun bütün diqqətini toplamasına baxmayaraq, iynəni necə bacarıqsız işlətdiyinə gülümsəyərək:

– Verin mən tikim, – dedim.

O bunu gözləyirmiş kimi, darıxmış halda ayağa qalxaraq, köynəyi mənə uzatdı:

– Bu hazır paltarları elə başdansovma tikirlər ki, əyninə geyən kimi düymələri qırılıb tökülür.

Mən qopmuş düyməni tikib qurtarandan sonra o birilərini də bərkitdim.

– Deyəsən, köynəyi özünüz yumusunuz?..

– Bəli, özüm yumuşam. Bu həftə macal tapıb kəndə gedə bilmədik.

Mən ayağa qalxdım:

– Bu saat ütüləyib gətirərəm.

– Lazım deyil. Nə zəhmət çəkirsiniz ki...

– Bir zəhməti yoxdur.

Mən ütünü qızdırıb buldozerçinin köynəyini ütüləyirdim. Hər dəfə əlim köynəyə toxunarkən özümdə qəribə bir duyğu hiss edirdim. Elə diqqətlə, elə həvəslə ütüləyirdim ki, elə bil, hamı onun köynəyinə baxıb mənə afərin deyəcəkdi. Onun həmişə yaxasının yuxarıdakı düymələrini açıq qoyduğunu bilirdim. Ona görə də köynəyin yaxalığını buna uyğun tərzdə ütülədim ki, əyində qəşəng dursun. Mən köynəyin enli kürəyinə baxıb özümdə anlaşılmaz bir fərəh duyurdum. Mən köynəyin üzərində incə bir qırışın da qalmamasına səy edirdim. Birdən «QAZ-69» siqnal verərək sürətlə gəlib qapıda dayandı. Mən tələsmədən köynəyi səliqə ilə qatladım. Və elə bu zaman Adil çadıra girdi.

– Bu kimindir, Səriyyə?

– Buldozerçinin.

– Buldozerçinin köynəyini niyə sən yuyursan?

– Yumamışam, ütüləmişəm. Bir də... bir də, düyməsi qırılmışdı, tikmişəm...

– Axı, nə münasibətlə...

– Heç... elə-belə.

O, daha bir söz demədən sabun və dəsmal götürüb çadırdan çıxdı. Mən onun necə tez-tez addımladığına arxadan baxaraq, buldozerçinin köynəyini aparıb çadırlarında özünə verdim. Sonra eyni sakit addımlarla geri qayıdıb, çadırın qabağına sərin kölgə düşdüyündən, stolu bayıra çıxararaq, üstünə salat, göy-göyərti, çəngəl-bıçaq qoydum. Sonra təzə mal ətindən bişirdiyim xörəyi və qızartmanı boşqablara çəkib gətirdim. Bakıdan aldığım balaca qrafini soyuq su ilə doldurdum. İşdən qayıdarkən dağın döşündən dərdiyim çiçəkləri də stəkanda stolun üstünə qoymuşdum. Adil yuyunub qurulandıqdan sonra ikimiz də üzbəüz əyləşib nahar elədik. Stolun üstündə hər şey təmiz və təravətli idi, dağdan sərin və ətirli meh əsirdi. Bir qədər aralıdan meşə ağacları arasındakı körpüsalanların deyib-gülmələri eşidilirdi. Birdən Kərəmxan:

Uca barıdan aşaram mən,

Yarıma kəniz qoşaram mən,

O qızı mənə versələr,

Hacının qızını boşaram mən...

sözlərilə başlayan qədim və məzəli bir mahnı oxudu. Oğlanlardan hansı isə bərkdən çırtıq vururdu. Kərəmxan çırtığa uyğun tərzdə təkrar edirdi:

O qızı mənə versələr,

Hacının qızını boşaram mən...

Mən qeyri-iradi gülümsəyərək:

– Adil, – dedim, – nə olub, niyə qanın qaradır?

– Heç bir şey olmayıb... Sən də nahaq yerə hər axmaq sözə gülürsən...

Mən birinci dəfə idi ki, Adildən belə sərt sözlər eşidirdim. Birinci dəfə idi ki, o qızarıb-bozararaq, özünü saxlaya bilməyib mənə belə sözlər deyirdi. Nə olar, bəlkə mən, doğrudan da, yüngüllük eləmişdim. Bəlkə, doğrudan da, gülmək lazım deyildi. Bu körpüsalanlar da qəribə adamlardır! Belə sözləri haradan tapıb oxuyurlar? Necə yəni «o qızı mənə versələr, hacının qızını boşaram?» Ürəyimdə Adilə deyirdim: «Məni bağışla, əzizim, sənin məni tənqid eləməyə haqqın var... Axı biz həyat yoldaşıyıq. Lakin, əgər bir də o buldozerçinin, ya da məsələn, Kərəmxanın köynəyinə ütü çəkmək lazım gəlsə, mən bunu edəcəyəm. Sən də mənim bu cür hərəkətlərimə adət etməlisən. Başqa sayaq mümkün deyil...»

– Dur bir az uzan, Adil, yəqin ki, yorğunsan. Mən də stolu yığışdırıb körpüsalanların yanına gedəcəyəm.

– Körpüsalanların yanında nə var? İş vaxtı qurtarıb ki? – deyə o, üzümə baxmadan yavaş səslə soruşdu.

– Elə-belə, adam darıxır...

– Darıxırsan, götür kitabdan-zaddan oxu.

– Kitab oxumaq istəmirəm.

O, bir söz demədən qalxıb çadıra girdi. Mən də qab-qacağı təmizləyib yerbəyer elədim. Çaydanı doldurub pilətənin üstünə qoydum. Adil nahardan sonra iki saat dincəlib çay içəcəkdi. Bu, onun adəti idi.

Mən əl-üzümü yuyub qurulandıqdan sonra balaca stolun üstündəki güzgünün qabağında dayanaraq, saçlarıma ətir səpdim.

Adil arxası üstə çarpayıda uzanıb qəzet oxuyurdu.

Məni əhatə edən və hələ çiçəyini tökməmiş meşələrdən, bir az aralıda şırıldayan büllur kimi şəffaf dağ suyundan tutmuş, üzərində daim ağ bir qartal hərlənən uçuruma, ondan o yana görünən yaşıl dağlara qədər hər şey gözəl idi. Mən də gözəl və təravətli olmaq istəyirdim. Mən təbiətin bu coşğun ahəngindən, bu gözəllik təntənəsindən kənarda qalmaq istəmirdim. Mənim «sirrim» bundan ibarət idi.

Adil qəzeti üzündən kənar edərək acıqla soruşdu:

– Körpüsalanlar konsert verirlər?

– Yox, Adil, konsert vermirlər, tennis oynayırlar. Dünən o buldozerçi iki dəfə məni aparıb, gərək ondan qisasımı alım. Sən də uzan dincəl. Bir azdan çay dəmləyəcəyəm.

O, bir söz deməyərək yenə də qəzetə baxdı.

– Hələlik, Adilcan!

Çadırın qapısında Soltanla Kərəmxan tennis oynayırdılar. Buldozerçi isə yosunlu bir daşın üstündə oturub, bıçaqla əl çubuğu qayırırdı, məni görərkən üçü də gülümsədi. Buldozerçi cəld qalxıb, içəridən kətil gətirdi.

– Səriyyə xanım, gəl dostunun halını xəbər al, – deyə Kərəmxan qızarıb pörtmüş Soltana işarə elədi. (Tanışlığımızın lap ikinci günündən Kərəmxan da, Soltan da mənə «sən» deyə xitab edirdilər. Yalnız buldozerçi «siz» deyirdi). – Hələ iki dəfə birtəhər olub.

– Cücəni payızda sayarlar, – deyə Soltan gözünü oyundan çəkməyərək cavab verdi.

– Baxma, söz son gülənindir...

Bu dəfə, doğrudan da, Soltan qalib gəldi və hesab dörd ilə iki oldu. Kərəmxan alnının tərini silə-silə zarafatında davam edirdi:

– Bu iki xalı elə-belə qəsdən uduzdum, dedim, Səriyyə xanımın yanında pərt olmayasan...

Mən nazik parusin jaketimi çıxarıb kənara, otların üzərinə tullayıb, raketkanı götürdüm və buldozerçiyə:

– Durun, – dedim.

O, ayağa qalxaraq mənim jaketimi yerdən götürüb yandakı palıd ağacının budağına keçirdi. Sonra üzümə baxmadan:

– Başlayın! – dedi.

Kərəmxan oyunu diqqətlə izləyərək:

– Qəribcan, – deyirdi, – özünü gözlə, Səriyyə xanım bu dəfə yaman girişib...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 dəq
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 dəq
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 dəq
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 dəq

Başqa şairlərin şeirləri