Səhifə 2 / 12 · 8%

Mayın axırları olmasına baxmayaraq, meşə ağaclarından bəziləri çiçəyini tökməmişdi. Meşədə hələ bahar nəfəsi duyulurdu. Yaxın dağların zirvəsində qar görünürdü. Qayalardan göz yaşı kimi şəffaf sular sızırdı. Mən tez-tez yanımda oturmuş Adilə baxır, ona nə isə xoş bir söz demək istəyirdim. Meşə arası ilə dağlara qalxan yolda hər şey fərəhli idi. Hər şey mənə səadət, sevinc təlqin edirdi. Bax, ağ buludların altında gümüş kimi parlayan o dağları aşıb, tanımadığım adamların mənzilinə gedəcək yolun komandanı mənim ərimdir! Mühəndis Adil... Adil Cəfərzadə! Həyatda hər şey necə gözəl, necə könülaçandır! Nə üçün mən əvvəllər bunu o qədər də aydın hiss etmirdim?.. Bir neçə gün bundan qabağa qədər bu bahar, bu duyğular haradaydı? Məgər Adil əvvəllər də belə ağıllı, belə işgüzar, belə yaraşıqlı deyildi? Məgər mən onu bir neçə gün bundan qabağa qədər indiki kimi istəmirdim? Birdən mən ona:

– Adil, – dedim, – bilirsənmi, yadımdan çıxıb sənin gümüş portsiqarını götürməmişəm.

O, mənə baxaraq gülümsədi:

– Eybi yoxdur, – dedi, – bu dağların arasında gümüş portsiqarsız da ötüşərik.

Sonra o, yenə də gözlərini qabağa zilləyərək öz fikirlərinə daldı.

Mən dil qəfəsə qoymayaraq hey danışırdım:

– Adil, bəs səndən qabaqkı rəis necə olub?

– Onu ayrı, böyük işə keçiriblər.

Mən tutuldum. Mənə elə gəldi ki, xəyalımda ərimin surəti birdən-birə kiçildi. Birdən-birə adi və soyuq oldu: «Nə üçün həmin böyük işə səni deyil, onu qoyublar?» Bu nə axmaq, nə boş fikirdir?.. Yoxsa mən yüngülbeyin bir xudpəsəndəm? Kim birdən-birə nazir olub?!

Biz dolama yolla qalxıb, alt tərəfi göz qaraldan uçurum, üst tərəfi isə qalın meşəli dağ olan açıqlığa çıxdıq. İçərisindən dumduru su axıb şırıltı ilə uçuruma tökülən və sal daşdan çapılıb qayrılmış kimi görünən dar, lakin dərin selab bu açıqlığı tən ortadan kəsirdi. İki cavan oğlan kənarda dayanmışdı. Üçüncü oğlan isə parçalanıb yolun ortasına tökülmüş iri-iri daşları buldozerin ağzı ilə itələyib lap uçurumun kənarına gətirir, buradan üzüaşağı itələyirdi. Daşlar yuvarlandıqca uçurumun şiş qayalarına dəyib atlanır və dəhşətli gurultu qoparırdı. Buldozerçi üzü o tərəfə olduğundan, mən ancaq onun şax və enli kürəyini görürdüm. Buldozer uçurumun kənarına o qədər yaxın gedirdi ki, təkərin yarısı az qala kənara çıxır və mən yol texniki olmağıma baxmayaraq, qorxudan qışqırmaq istəyirdim. Birdən buldozerçi qanrılıb məni gördü. Yəqin bərk qorxduğumu duyduğu üçündür ki, qəribə bir qayğısızlıqla gülümsədi. Sonra iri bir qaya parçasını maşının qabağına ataraq sürətlə gətirib uçuruma itələdi və bir an mənə elə gəldi ki, bu dəqiqə maşın da qayanın ardınca dərəyə yuvarlanacaq. Lakin mən gözümü yumub-açınca gənc oğlanın eyni sakit və qayğısız təbəssümlə buldozeri geri verdiyini görüb, onun bir-birinə qarışmış sarı saçlarına, dağ havasında yanıb qaralmış gözəl üzünə qəzəblə baxaraq: – «Bu ki xuliqanlıqdır!» deməkdən özümü güclə saxladım.

Adil digər iki oğlanla söhbətini kəsib, mənə sarı döndü və bir qədər aralıda ağacların arasında ağaran çadırı göstərdi:

– Bəlkə biz də orada düşək?

Mən isə uçurumun kənarındakı tək palıd ağacını göstərib:

– Bura yaxşıdır, – dedim.

Şeylərimizi maşından boşaltdıq. Palıd ağacının altında çadırımızı qurub, çarpayıları, qatlama stol və stulları açaraq mənzilimizi səliqəyə saldıq. Evin içində döşəmə əvəzinə yaşıl dağ otları və onların arasına səpələnmiş al lalələri görmək adama qəribə gəlirdi.

Hələlik bura yol rəisinin qərargahı üçün ən əlverişli yer idi. Yol irəlilədikcə məskənimizi də dəyişə bilərdik. Adildən əvvəlki rəis isə rayon mərkəzində qalırmış.

Hər ikimiz paltarımızı dəyişəndən sonra məhrəba, sabun götürüb çaylağa endik. Qollarımızı, boyun-boğazımızı sərin, şəffaf dağ suyu ilə yuyub quruladıq. Heç birimiz yorulmamışdıq. İkimiz də gənc, gözəl və təravətli idik. İkimiz də özümüzü bu yerlərin köhnə sakinləri kimi hiss edirdik. Elə bil ki, burada, bu almaz kimi saf dağ havasında doğulmuşduq. Elə bil ki, bu uçurumlu sərt qayalarla, onların üzərində qıvrılan qarağat kolları ilə əkiz yaranmışdıq. Elə bil ki, biz bu coşğun təbiətin bir parçası, bir hissəsi idik.

– Adil, çay istəyirsənmi? – deyə soruşdum.

Öz səsimin ahəngindən, mehribanlığından dərin bir məmnuniyyət, zövq duydum. Mənə elə gəlirdi ki, heç bir zaman onu özümə bu qədər yaxın, bu qədər doğma hiss eləməmişəm. Və elə bu andaca buldozerçinin bayaqkı xuliqansayağı hərəkətini, mənə baxıb istehza ilə, qayğısızlıqla gülümsəyən gözlərini xatırlayıb əsəbiləşdim. Sonra eyni mehribanlıqla sualımı təkrar etdim:

– Adil, çay qoyummu?

O, nəzərlərini bir az aralıdakı tikinti materialından çəkərək:

– Pis olmazdı, – dedi.

Mən neft pilətəsini çölə çıxarıb yandırdım. Balaca nikel çaydanı doldurub üstünə qoydum. Stolun üzərinə ağ süfrə saldım. Şəkərçörəyi, konfet qoydum. Sonra körpüsalanları da çay içməyə dəvət elədik.

Əvvəl ortaboylu, qara-şirin bir oğlan olan Soltanla enlikürək, iri, qaraqaş, qarabığ Kərəmxan gəldilər. Sonra ağır addımlarla buldozerçi Qəribcan gəldi. Məni əsəbiləşdirən o laübalı təbəssüm yenə də üzündəydi. Mən ciddi görkəmlə onun qabağına çay qoydum, sonra:

– Sizin adlarınız bir-birinə nə yaxşı yaraşır, – deyə Soltana müraciətlə gülümsədim.

– Bunun əsl adı Qəribdir, – deyə Soltan buldozerçiyə işarə elədi, – burada Qəribcan eləmişik.

Lakin buldozerçiyə tərəf baxmadım. Adil nəzakətlə gülümsəyərək:

– Qərib yoldaş bu rayondandır? – deyə soruşdu və onun üç nəfərdən yalnız buldozerçinin haralı olması ilə maraqlanması mənə qəribə göründü. Həm də düşündüm ki: «Nə üçün Qəribcan yox, Qərib?!»

– Bəli, – deyə Soltan cavab verdi, – üçümüz də bu rayondanıq, ancaq kəndlərimiz ayrıdır. Qəribcan ordudan təzə buraxılıb.

– Eləmi? – Adil buldozerçiyə baxdı. – Hansı hissədəydiniz?

– Tank qoşunları hissəsində, – deyə buldozerçi cavab verdi. Mənə elə gəldi ki, ömrümdə bu cür səs eşitməmişəm... Qeyri-adi bir hərəkətlə başımı döndərib ona baxdım. Bu dəfə o gülümsəmirdi.

Adil yenə soruşdu:

– Sıravi idiniz?

– Kiçik leytenant idim.

– Çox gözəl... Çayınızı soyutmayın.

Mən onların stəkanlarını yenidən doldurdum. «Qəribcan...» Mən heç belə ad eşitməmişdim. Yalnız çox sonralar... indi bu sətirləri yazarkən, yadıma düşdü ki, mən o vaxtacan heç «Kərəmxan» adına da rast gəlməmişdim.

Adil yolda işlərin necə getdiyini soruşdu.

– Hamısı materialın vaxtında verilməsindən asılıdır, – deyə Soltan cavab verdi, – işçilər əllərindən gələni eləyirlər.

Sonra o, keçmiş yol rəisini təriflədi:

– Od-alov idi. Elə bil, quş kimi ağacda yatırdı. Onda görürdük ki, bu «QAZ-69»da (Soltan biz gələn maşına işarə elədi) böyürdən çıxdı.

– Dəsgahlı adam idi, – deyə Kərəmxan əlavə etdi, – hər ay maaşının yarıdan çoxunu Qəribcana uduzub gedirdi.

– Necə? Bəyəm qumar oynayırdınız? – Adil, elə bil ki, qorxdu.

– Bilirsinizmi, – deyə Soltan izah elədi, – həmişə maşında özü ilə bir tir tüfəngi gəzdirirdi... hər bura gələndə Qəribcanla bəhsə girib, mərclə nişan atırdılar...

– Nə bilim, bir dəfə ipək köynəkdən, – Kərəmxan Soltanın sözünü kəsdi, – bir dəfə on paçka «Kazbek»dən.. Bir dəfə konyakdan... hamısını da Qəribcan aparırdı, naçalnik də dilxor olub gedirdi... Deyirdin, tay bir də əlinə tüfəng almaz. Ancaq bir neçə gündən sonra görürdün, budur, uduzduğu şeyləri də alıb, bir qutu güllə ilə gəldi.

– Demək, belə «od-alov imiş»... – deyib Adil Soltanın bayaqkı sözlərinə işarə ilə gülümsədi.

– İşləməyinə söz yox idi, – Soltan cavab verdi, – dediyini eləməli idi. Bu günün işini sabaha qoymazdı.

– Əhli-hal oğlan idi, – Kərəmxan təəssüflə başını tərpətdi, – deyirdim, «yoldaş naçalnik, bir dəfə də mənimlə, bu Soltanla nişan atsana...». «Yox, – deyirdi, – gərək bu Qəribin dərsini verim, sonra... Məni bərk yandırıb».

– Nə yaman məzəli rəis imiş, – deyə mən gülümsəyərək, birinci dəfə Qəribcanın gözlərinə baxdım.

– Yaman da rəis imiş, – körpüsalanlar gedəndən sonra Adil narazılıqla dedi, – gənclərin tərbiyəsini elə belə rəhbərlər korlayırlar. (Körpüsalanlar, doğrudan da, çox gənc idilər. İyirmi üç-iyirmi dörd yaşları ancaq olardı).

– Nə üçün ki?

– Bilirsənmi, Səriyyə, rəis, idarə başçısı hər bir hərəkəti ilə, hətta danışığı və təbəssümü ilə də öz işçilərinə nümunə olmalıdır. Bir də ki... bir də ki, rəis rəisdir, fəhlə də fəhlə. Aradakı pərdəni götürdün, heç nə. Rəis öz işçisi ilə konyakdan mərc gəlib, güllə atanda, orada nə intizam olacaq, işçinin yanında rəisin nə hörməti olacaq?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 dəq
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 dəq
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 dəq
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 dəq

Başqa şairlərin şeirləri