Səhifə 4 / 12 · 25%

Doğrudan da, mən yaman girişmişdim. Hətta gecə yerimin içində xeyli oyaq qalaraq, dünən buraxdığım səhvləri bütün aydınlığı ilə xəyalımdan keçirir və yanıb-tökülürdüm. Axı mən texnikumda ən yaxşı tennisçilərdən biri sayılırdım. İndi neçə dəfədir ki, bu buldozerçi dalbadal məni məğlub edir. Mən Soltanla Kərəmxana asanlıqla qalib gəldiyim halda, ona uduzurdum. Halbuki onlar təkbətəkdə buldozerçini dəfələrlə məğlub etmişdilər.

Bu gün həmişəkindən yüngül geyinmişdim. Ayaqlarımda məs, əynimdə qolları çiynimə qədər açıq nazik və qısa don var idi. Mən oyuna o qədər ehtirasla girişmişdim ki, bəzən özümü unudaraq:

– Yox, düz deyil, düz deyil, – deyə uşaq kimi qışqırır, cığallıq edirdim.

Soltan mənim tərəfimi saxlayırdı, Kərəmxan isə buldozerçinin. Bir dəfə buldozerçi ilə mübahisə elədiyimiz vaxt Kərəmxan onun sözünü təsdiq etdikdə, mən hirslənib özümdən çıxaraq az qala raketka ilə onu vurmaq istədim. Kərəmxan kənara sıçrayıb bərkdən güldü:

– Aya, sən ölmüyəsən, bu Səriyyə xanımdan qorxmaq lazımdır.

Buldozerçi isə nə dinir, nə də gülümsəyirdi. Üzündə elə bir ifadə vardı ki, elə bil, oyunu aparacağına qətiyyən şübhəsi yox idi. Bu da məni hər şeydən çox yandırırdı. Bu dəqiqələrdə mən onu məğlub etsəydim, ürəyimdən tikan çıxardı. Mənim özümə və ona acığım tuturdu. Onun üzündəki o qəribə ifadə və əlinin arxayın, sərbəst hərəkəti diqqətimin bir hissəsini oyundan yayındırırdı. Bəzi anlarda tennisdən ziyadə öz hisslərimin anlaşılmaz gərginliyinə uyurdum. Oyunda onu aldatmaq əvəzinə özüm aldanırdım. Belə hallarda o, xəfifcə gülümsəyir və sərrast zərbə endirirdi.

Bütün cidd-cəhdimə baxmayaraq, mən yenə də dünənki kimi məğlub oldum. Heç olmazsa, bir oyun da apara bilmədim. Saçlarımı düzəldərək, əlim çatmadığı üçün:

– Jaketi alıb mənə verin, – deyə acıqla buldozerçiyə müraciət etdim.

O, eyni sakit, sərbəst hərəkətlə jaketi budaqdan götürüb, geyməyim üçün iki əli ilə tutdu, mən də bu xidməti kibrli bir təşəxxüslə qəbul edib, ona təşəkkür etmədim.

– Bəs turu davam etdirməyək? – deyə Soltan məndən soruşdu.

– Bu günlük bəsdir, – dedim.

Daha oynamağa marağım qalmamışdı.

Kərəmxan içəridən bir boşqab təzə gilas gətirdi:

– İndi ki, oynamırsınız, gəlin novbar eləyin.

Mən yerdə otların üstündə oturub, onlarla birlikdə gilas yeyir və ağzımı büzüb çəyirdəyini uzağa üfürürdüm. Buldozerçi isə yenə də çubuğa naxış vururdu. Birdən o mənə baxaraq gülümsədi.

– Hə, nə var, – dedim, – yoxsa öyünürsünüz?

– Yox, – dedi, – sizin gilasın çəyirdəyini elə tullamağınız uşaqlıq günlərimi yadıma saldı. Bəhsə girib ağzımızı su ilə doldurardıq ki, görək kim uzağa atacaq...

– Demək istəyirsiniz mən də indi uşaqlıq dövrü keçirirəm?

– Yox, elə deməz, – Kərəmxan dostunun əvəzinə cavab verdi.

Buldozerçi gözləri əlindəki işində olduğu halda:

– Bəyəm uşaqlıq pisdir? – dedi, – indi uşaqlığımı mənə qaytarsaydılar...

– Nə edərdiniz? – deyə maraqla soruşdum.

Lakin o, qaşlarını çatıb cavab vermədi. Birdən-birə bütün acığım soyudu. Meh əsib onun yumşaq, sarı saçlarını hərdən tərpədir və bu zaman o mənə haradansa, uzaq, çox uzaq yerdən gəlmiş naməlum bir adam kimi görünürdü. «Nə üçün mən Kərəmxan və ya Soltanla olduğu kimi ona da «sən» deyə xitab eləmirəm. Nə üçün Adil də, mən də onu yoldaşlarından ayırırıq?.. Açıq olmasa da, ürəyimizdə ayırırıq...»

Elə bu zaman üçtonluq böyük yük maşını körpünün altına qoyulacaq boruları gətirdi. Dördümüz də qalxıb maşının qabağına yeridik. Oğlanlar köməkləşib, boruları maşından endirdilər.

Soltan şoferə düşüb dincəlməyi təklif etdi. Lakin o:

– Yox, gecdir, gərək tez qayıdam. Səhər tezdən sizin üçün sement gətirəcəyəm, – deyib maşını döndərdi.

Sərin axşam kölgəsində, çiçəkli otların içində yanaşı qoyulmuş üç paslı boru mənə üç təzə qonaq kimi qəribə bir təsir bağışlayırdı. Elə bil ki, onlar bu saat dil açıb bizə bir xəbər verəcəkdilər. Elə bil ki, onlarla bizim aramızda bir ünsiyyət, bir yaxınlıq vardı. Bu qara çuqun borular tər otlar içində sanki sevinirdi. Sanki onlar gülümsəyir və pıçıldaşırdı. «Görəsən, uşaqlığı geri qayıtsaydı, bu buldozerçi nə edərdi? Ax, lap yadımdan çıxıb ki, Adilin duran vaxtıdır. Gecikmişəm...»

– Sağ olun, uşaqlar, mən qaçdım!

... Adil bayırda oturub, ucu həmişə səliqə ilə yonulmuş karandaşla dəftərçəsinə nə isə yazıb-pozurdu.

– Adil, çoxdan durmusan?

– Bir az olar...

– Bu saat çay dəmləyim. Bilirsənmi, borular gəldi...

– Gördüm.

– Adil, maraqlıdır, elə deyilmi?

– Nə maraqlıdır?

– Bu meşələrin, otların, çiçəklərin arasında çuqun borular görmək adama birtəhər gəlir...

– Necə yəni birtəhər gəlir?

– Heç özüm də bilmirəm. Ancaq buldozerçi yenə də məni apardı.

– Doğrudanmı?

– Lap yanıb-töküldüm, bu gün onu elə məğlub etmək istəyirdim ki... Sənin üçün mürəbbə də gətirimmi?

– Gətir...

Mən balaca rozetkanı şəhərdən gətirdiyim gilənar mürəbbəsi ilə doldurub, stolun üstünə qoydum. Sonra çaylarımızı tökərək (mən rəngli çayın əsəbləri sakit etdiyini bildiyim üçün Adilin çayını tünd elədim):

– Adil, – dedim, – bu gün elə işləmişik ki, belə getsə, körpünü lap tez salacağıq.

Bir qədər susaraq əlavə etdim:

– Demək, bunu qurtarandan sonra yuxarıda, Qızılqayanın altındakı körpünü başlayırıq?

O, çayından bir qurtum alaraq, başı ilə təsdiq etdi.

– Bu yol, bu körpülər bizdən yadigar qalacaq. Kim bilir, bu yol ilə dağların o tərəfindəki o varlı fermalara nə qədər adam, maşın gəlib-gedəcək! Elə deyilmi, Adil?

– Elədir...

– Biz hələ cavanıq, hələ əsl işə yenicə başlayırıq. Eh, hələ nə qədər bu cür yollar, körpülər salacağıq... Bilirsənmi, bu Soltangil çox yaxşı oğlanlardır. O buldozerçi ki var, qiyabiçidir, Politexnik İnstitutunun mexanika fakültəsində oxuyur. Mühəndis olacaq...

– Nə bildin, özü dedi?

– Yox, yoldaşları dedilər. Dünən işdən sonra gördüm, fizika öyrənir. Adil, mən də qiyabi oxuyaram. Bu, daha yaxşıdır, elə deyilmi?

– Madam ki, sən istəyirsən, demək elədir. Ancaq o buldozerçi çox yaraşıqlı oğlandır... Bəzən dayananda elə bilirsən dahi bir rəssam tərəfindən çəkilmiş portretdir.

O bu sözləri mənim üzümə baxmadan, çayına mürəbbə saldığı zaman dedi. Mən heç ürəyim istəmədiyi halda, qalxıb özümə yenə çay tökdüm, sonra mən də ona baxmadan:

– Əvvəllər, – dedim, – mənə elə gəlirdi ki, o buldozerçi özündən bədgümandır.

– Nə barədə?

– Bilmirəm. Elə-belə. Ancaq bayaq hiss elədim ki, mənim düşündüyüm kimi deyilmiş... Adil, sən orduda olmusan?

– Yox, olmamışam. Ancaq institutda hərbi dərs keçmişik. Nə üçün soruşursan ki?

– Heç, elə-belə. Bu kiçik leytenant rütbəsi nəyə lazımdır? Ola bilməzdi ki, elə serğantdan sonra birbaşa leytenant rütbəsi gələydi?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Məncə, ola bilərdi...

– Məncə də ola bilərdi. Axı, kiçik leytenantla leytenantın arasında nə böyük fərq varmış ki... Mən hərbi nazir olsaydım, bu barədə düşünərdim... Adil, müharibə zamanı, məsələn, bir kiçik leytenant general rütbəsinə çata bilərdi?

– Çata bilərdi.

– Yox, Allah eləməsin müharibə olsun... Mən müharibəyə nifrət edirəm. Ona görə yox ki, qorxuram. Ona görə ki, müharibə sözünün özündə nə isə dəhşətli bir soyuqluq var, elə deyilmi, Adil?

– Elədir...

– Sabah körpü divarlarının bünövrəsini qoyacağıq. Mən istəyirəm bu yol tez çəkilib qurtarsın. «QAZ-69»a oturub birbaşa dağların arxasındakı o fermalara sürüm.

– Tək? – deyə o gülümsədi.

– Yox, əlbəttə, səninlə.

Mən indicə nə demək istədiyimi yadıma salmaq üçün bir neçə an susdum. Sonra:

– Hə, – deyə sevinclə davam etdim, – bilirsənmi, Adil, dağların dalındakı o fermalar bəzən mənə qəribə, əfsanəvi bir aləm kimi görünür. Mənə elə gəlir ki, orada həyat başqa cürdür...

– Yəni nə cür?

– Yəni... yəni daha sərbəst, daha xoşbəxt...

– Məgər biz burada sərbəst, xoşbəxt deyilik?

Mən susdum. Gözüm yol çəkdi.

– Əlbəttə, məncə, xoşbəxtik. Ancaq elə bil ki, burada çatmayan nə isə orada vardır. Elə bil ki, orada nə isə daha fərəhli bir şey görəcəyik...

Adil mənə cavab verməyərək uçuruma tərəf baxırdı... Günəş çoxdan batmışdı. Uçurumdan o yana dəniz kimi qaralan tək-tək işıq gəlirdi. Dərənin göz işlədikcə uzaq qurtaracağında güclə seçilən dağın döşündə isə yüzlərlə başqa işıqlar yanmışdı və elə görünürdü ki, elə bil, havada nəhəng bir gəmi dayanıb. Sanki bu gəmi məchul bir aləmdən gəlib, hara isə yenə də baş alıb gedəcəkdi. Hərdən körpüsalanların danışıq və gülüşləri eşidilirdi. Körpüsalanlar... demək, biz, yəni mən və onlar körpüsalanlarıq. Ancaq bu buldozerçi iki gündür, dalbadal məni tennisdə yaman aparır. Demək, əgər müharibə olsaydı, bu kiçik leytenant buldozer əvəzinə tankda oturardı. Kim bilir, bəlkə də qəhrəman olardı. Yox, mən müharibəyə nifrət edirəm. «Müharibə» sözü adamı üşüdür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 dəq
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 dəq
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 dəq
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 dəq

Başqa şairlərin şeirləri