Səhifə 3 / 3 · 67%

Biz artıq körpünün dəmir-beton tağını düzəltməkdəydik. Bizim «körpəmiz» keçmiş nağıllardakı qəhrəmanların uşaqlığı kimi görünməmiş bir sürətlə böyüməkdəydi.

Dağ günəşi qollarımızı, üzümüzü yandırıb qaraltmışdı. Buldozerçi isə sarıbəniz olduğundan, boyun-boğazı mis kimi qızarmışdı.

Oğlanların əynində mayka, mənim əynimdə isə yüngül, qolsuz don olurdu. İndi daha tənəffüsdə çadırlarımıza getmir, dördümüz də körpüdən bir azca yuxarıda, böyük palıdın kölgəsində oturub qəlyanaltı eləyirdik. Yemək hazırlamaq üçün baş aşpaz mən, müavinim isə Kərəmxan idi. Bəzən oğlanların vurduqları quşları qızardırdıq. Bəzən mən onlar üçün ət qutabı bişirirdim ki, bunu hamısından artıq xoşlayırdılar. Axı qutab ən çox Bakıda dəbdir. Bu yerlərdə, demək olar ki, heç bişirmirlər. Mən qutabları bişirib sumaq vura-vura üst-üstə yığdıqca, Kərəmxanın necə ləzzətlə baxdığını görüb qəhqəhə ilə gülür, sonra bir-ikisini büküb ona verirdim:

– Al bir dadına bax, gör yaxşı bişibmi?

O, qutabları ötürdükcə başını tərpədərək:

– Sağ ol, vallah, Səriyyə bacı, – deyirdi, – ömrümdə belə dadlı şey yeməmişəm.

Mən də öz sənətimdən dərin bir zövq duyaraq:

– Hələ bu gün sən deyən yaxşı deyil, – deyirdim, – gör gələn dəfə necə bişirəcəyəm!

Biz qəlyanaltı etdikdən sonra mən çadıra qaçıb öz bişmişimizə baş çəkir, yuyunub saçlarımı düzəldir və təkrar işin üstünə qayıdırdım. Tənəffüsdən sonra dördümüz də özümüzü daha şən və daha gümrah hiss edirdik. Etiraf edim ki, mən bu tənəffüs saatlarını həmişə böyük həvəslə gözləyirdim. Həmin saatlarda duyduğum istirahəti, xoşhallığı heç nə ilə dəyişməzdim. Tənəffüsdə biz istədiyimiz qədər zarafatlaşırdıq. Tənəffüsdə mən öz baxışlarımla buldozerçiyə daha səmimi sözlər deyirdim, o isə bunları eşitmək istəmirdi. O öz biganəliyi ilə məni ürkütmək istəyirdi, lakin buna müvəffəq ola bilmirdi. Əgər o zaman biri məndən soruşsaydı ki, bu nə oyundur sizin aranızda başlayıb, nə ilə nəticələnəcək, cavab verə bilməzdim. Bu oyunun böyük bir təbəddülatın başlanğıcı olduğunu ağlıma gətirməzdim.

Sən demə, buldozerçi gələcəyi məndən aydın görürmüş...

... Bir gün tənəffüsdə Soltan:

– Uşaqlar, – dedi, – briqadanın işindən narazılıq etmək olmaz. Körpəyə pis baxmırıq, ancaq briqada mənəvi aləmlə məşğul olmur...

Kərəmxan onun sözünü kəsdi:

– Bəs körpü salmaq özü, bəyəm mənəvi aləm deyil?

– Zarafatı burax, əməlli söz deyirəm.

– Elə isə danış, – deyib Kərəmxan mənə göz vurdu.

Buldozerçi onun bu hərəkətini görüb qızardı və bu mənə hədsiz dərəcədə xoş gəldi.

– Bizdə, ancaq bircə buldozerçi qiyabi institutda oxuyur. (Mən Qəribcana həmişə buldozerçi deyə xitab elədiyim üçün onlar da çox vaxt zarafatyana məni təqlid edirdilər). Bəs biz? Təklif var ki, bu il biz də instituta ərizə verək.

Kərəmxan:

– Siz ölmüyəsiz, – dedi, – institut adı çəkiləndə, o imtahan gəlir dağ kimi durur gözümün qabağında...

Soltan onun sözünü ağzında qoydu:

– İş stajı düşür. Qaldı imtahan, ona da hazırlaşarıq. Bəs, bu buldozerçi nə cür daxil olub? Səriyyə, sən necə, qiyabi oxumaq istəyirsənmi?

– Necə ola bilər ki, briqada istəsin, mən yox? Buldozerçi riyaziyyatdan bizə kömək eləsə, hazırlaşa bilərik.

– Riyaziyyat... Riyaziyyat, – Kərəmxan yana-yana təkrar elədi, – bir də ədəbiyyatdan yazılı imtahan...

– Ədəbiyyatdan qorxma. O barədə mən hazırlaşmağımıza kömək eləyə bilərəm, – dedim.

Soltan:

– Yaxşı da... tay nə istəyirsiniz? Riyaziyyatdan buldozerçi, ədəbiyyatdan da Səriyyə. Qaldı tarix...

– Onda da müəllimimiz sən. Axı bizim bu Soltan yaman tarixçidir. Napoleonun davalarını soruş, sənə əzbər desin. Deməli, siz üçünüz müəllim, mən də şagird, bax, yaxşı öyrədin ha... Siz ölmüyəsiniz, imtahanda kəsilsəm, biabır olarsınız.

Soltan:

– İndidən kəsilmək barədə danışma, – dedi, – imtahan verəcəyik, vəssalam!

Mən:

– Buldozerçi dinmir, – dedim, – bəlkə heç o bizə kömək eləmək fikrində deyil?

Kərəmxan:

– Briqada tələb eləyəndən sonra necə öyrətməz? Ə, buldozerçi, bir dinsənə! Başa düşmürəm, Səriyyə bacı bura gələndə niyə ağzına su alıb durursan?

Buldozerçi sanki diksinərək, tələsik əvvəl mənə, sonra da Soltana baxdı və birdən qıpqırmızı qızararaq, Kərəmxana acıqlandı.

– Yekə oğlansan, hər zarafatın yeri var.

Mən qəhqəhə ilə gülərək:

– Tənqiddən incimək lazım deyil, yoldaş buldozerçi.

Soltan:

– Təklif var, – Səriyyə sinif rəhbəri olsun, etiraz yoxdur ki?

– Yox! – deyə Kərəmxan bərkdən səsləndi.

Soltan:

– Hər gün işdən sonra altı ilə yeddi arasında bir saat məşğələ keçirilsin. Etiraz yoxdur ki?

– Yoxdur! – Kərəmxanla mən orta məktəb şagirdləri kimi birdən cavab verdik.

– Məşğələ cədvəlini tutmaq Soltana tapşırılsın, etiraz yoxdur ki?

Kərəmxanla mən bu dəfə daha bərkdən:

– Yoxdur! – dedik.

– Bir sual olar? – Kərəmxan şəhadət barmağını yuxarı qaldırdı.

– Olar!

– Bəs dərs kitablarını tapmaq kimə tapşırılır?

– Sinifkoma! – deyə mən əlimi döşümə qoydum.

Soltan əsl başçı kimi mənə müraciət edib:

– Kitab-dəftərimiz üçün nə qədər pul lazım olsa, ümumi fondumuzdan götürərsən, – dedi.

– Bir şey deyil, mən öz maaşımdan alaram.

– Yox, – Soltan eyni ciddiyyətlə etiraz elədi, – ümumi fonddan!

– Oldu! – deyə mən gülümsəyərək, əsgər kimi əlimi yuxarı qaldırdım, – sabah istirahət günüdür. Gedib nə lazımsa, alıb gətirərəm.

– Əsas onuncu sinfin kitablarıdır.

– Yeddinci-səkkizinci siniflərin riyaziyyat kitabları da lazımdır, – deyə Kərəmxan qayğı ilə cavab verdi, – gərək başdan təkrar eləyək.

Soltan:

– Yaxşı, heç demirsiniz, kim hansı instituta girmək xəyalındadır?

Araya uzun bir sükut çökdü. Nəhayət mən:

– Gərək ki, – dedim, – buldozerçi institutun mexanika şöbəsində oxuyur.

– Elədir. İnstitutun tikinti fakültəsində yol-körpü şöbəsi də var.

– Mən oranın həvəsindəyəm. Ancaq...

Kərəmxan məzəli bir əda ilə boynunun ardını qaşıdı.

Soltan qətiyyətlə:

– Mən yol-körpü şöbəsinə girəcəyəm, – dedi.

Mən qaşlarımı yuxarı dartaraq:

– Qaldı yoldaş Səriyyə... – deyə sözü xeyli uzatdım, – vaxta ki, briqada üzvlərinin hamısı gələcəkdə də körpülər salmaq fikrindədir...

– Yox, – Soltan sözümü kəsdi, – hər kəsin öz həvəsi ilədir...

– Şübhəsiz. Mənim də həvəsim yol-körpü şöbəsidir.

Soltan:

– Bununla da məsələ qurtarır.

– İndi isə, xahiş edirəm, balaca bir konsertə qulaq asasınız.

Sonra o, oynaq bir hava üstündə, eynən estrada artisti kimi komik hərəkətlərlə oxumağa başladı:

Biz dağları yarırıq,
Dəmir körpü salırıq,
İnstituta baş vurub,
Dörd nədir, beş alarıq.
Ancaq bizim Qəribcan
Yaman dinməz olubdur.
Bilmirik nə dərdi var,
Nəyə peşman olubdur?
Bəzən xəyala dalır,
Bəzən ulduza baxır.
Yoxsa ki, bu binəva
Dönüb şair olubdur?!

Soltan gülümsəyərək əvvəlcə yerə, sonra da uçurumdan o yanda görünən dağlara baxdı. Buldozerçi məzəmmət dolu gözlərini Kərəmxana zilləmişdi. Kərəmxan isə ona fikir vermədən təkrar edirdi:

Yoxsa ki, bu binəva
Dönüb şair olubdur?!

Mən bir an tutuldum, sonra dərhal özümü ələ alıb, bərkdən güldüm:

– Şair sən özün olmusan ki.

Dərhal raketka götürüb:

– Yoldaş buldozerçi, gəl görək, – deyə torun arxasına keçdim.

Oğlan da mənə baxmadan, dinməz-söyləməz, oyuna başladı. Şarı sərrast vurmasına, özünü sakit aparmasına baxmayaraq, mən onun kefi olmadığını hiss edirdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və ağaclar

Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:

8 dəq
Qızılbaşoğlu

Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.

3 dəq
İmaş və Güllü

Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?

17 dəq
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyi

Səhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).

8 dəq

Başqa şairlərin şeirləri