Səhifə 5 / 9 · 44%

O gecə Humayla uzun zaman ordan-burdan danışdıq. Humay bayaq kənddəki sükutunun əksinə olaraq, indi söhbətinə ara vermirdi. O, hər şeydən: kəndimizdən, Qədirin məzəli hərəkətlərindən, Musa dayıdan danışırdı, lakin bir dəfə də olsun, Bəyimdən söz salmırdı.

– Bizim qızlar necə, xoşunuza gəlirmi? – deyə zarafatyana soruşdum.

O, qaşlarını çatıb, açıq pəncərədən görünən qaranlıq bağçaya baxaraq, xeyli susdu. Sonra mənə sarı dönərək, eyni ciddiyyətlə soruşdu:

– Bəyim harada oxuyub?

– Bizim onilliyi bu il qurtarıb. İmtahan vaxtı xəstə olduğu üçün ali məktəbə gedə bilmədi.

– Yoxsa atası qoymayıb?

– Xeyr, Musa dayının sizin təklifinizə razı olmadığına baxmayın. Elmlə, mədəniyyətlə arası sazdır... Bizim kənddə ən yaxşı radioqəbuledici, ən yaxşı avadanlıq onun evindədir. Azərbaycan dilində çıxan qəzet və jurnalların çoxuna abunə yazılıb.

Hər zaman olduğu kimi, mən indi də Musa dayıdan, onun ailəsindən böyük həvəslə danışırdım. Humay isə daha heç bir şey soruşmurdu. Yalnız haçandan-haçana:

– Qəribədir, – deyə öz-özünə danışırmış kimi astadan dilləndi:

– Musa dayı qəzet və jurnallara abunə yazılır, amma öz xeyrindən ötrü dəyirmanın elektriklə işləməsinə razı olmur.

O susdu, üzü yenə də fikirli və tutqun ifadə aldı.

Anam içəri girib, bizə axşam yeməyi təklif etdi.

Humay:

– Mən gecələr yemirəm, – dedi.

– Mənim də iştaham yoxdur, ana!..

Sonra gündüzkü əhvalat yadıma düşdü. Dedim:

– Ana, bu gün Musa dayıda dəsgah var idi... Humay deyirdi, vaxta ki, kənddə «SES» var, dəyirmanı nə üçün su ilə işlədirsiniz?

Anam Humaya diqqətlə baxaraq soruşdu:

– Yəni elektriklə işlətmək mümkündür?

– Əlbəttə, – deyə qonağın əvəzinə mən cavab verdim.

– Unu-zadı nə cür çıxar?

– Lap kefiniz istəyən kimi, – deyə Humay gülümsədi.

Sonra mənə müraciətlə əlavə etdi: – Görürsünüzmü, Bədirxan xalanı da, hər şeydən əvvəl, unun nə cür çıxacağı maraqlandırır.

– Daha, bəs dəyirman nə üçündür? – deyə anam gəlib boş stullardan birində oturdu. – Əgər bir elə iş eləsəniz, pis olmaz... O dəyirman bir qol suyu avara eləyib.

– Bilirsinizmi, – deyə mən Humaya izah etdim: – Anam kəndin cuvarıdır. O yay olmaz ki, su üstündə Musa dayı ilə üzləşməsin.

– Siz cuvarsınız? – deyə o, təəccüblə anama baxdı.

Anam bir az tündləşərək, kəskin Qarabağ şivəsi ilə:

– Necə bəyəm? Mən cuvar ola bilmərəm? – dedi və iti baxışlı gözlərini, meydan oxuyurmuş kimi, Humaya zillədi.

– Axı, cuvarlıq çox dava-dalaşlı işdir.

– Davaya qaldı, anama qaldı...

– Sən də qoy görək, – arvad mənə acıqlandı.

Sonra Humaya sarı dönərək:

– Bura bax, qardaşoğlu (o cavan oğlanlara həmişə, kişi kimi, qardaşoğlu deyir), – dedi, – sən lap yaxşı şey fikirləşmisən. Səhər bir yerdə gedib Qədirə deyərik.

– Qədir bilir, özü də razıdır, – dedim.

– Onda qurtardı, getdi... Camaat da razı olar. Musa elə bilir, atası Qubad ki o dəyirmanı tikib, tay heç kəs yaxına gedə bilməz. Qızını gördünüzmü?

Humay bərk qızardı və cavab vermədi.

– Görüb, ana, indicə bizimlə kinodaydı.

– Bir mahala dəyən candır. Göyçək, ağıllı, kamallı, hər sözü-söhbəti yerində...

– Az təriflə, ay arvad, sonra Humayla aramızda dava düşər.

– Eh... bilirəm ki, sizdə elə kəramət yoxdur.

Anam qalxıb, o biri otağa keçdi.

Biz işığı söndürüb, çarpayıya uzandıq. Lakin yata bilmirdik. Humay tez-tez bu böyrü üstündən o birinə çevrilirdi.

Sevgi ilə bahar əkiz yaranmışdır. Sevgi heç bir zaman bahardakı qədər cazibədar, möhtəşəm və narahat olmur. Budur, bütün kəndin yuxuya getdiyi, yalnız dəyirmanın qıjıltısı ilə qurbağaların səsinin eşidildiyi bu bahar gecəsində bəzən olur ki, haradansa ürəyimə tikanlar sancılır... Bəzən bütün ağrılar unudulur, hər sevgi anı bir əbədiyyət qədər uzun, bir əfsanə kimi gözəl olur...

«Lakin bütün bunlar, bu iztirablı dəqiqələr, bu şirin anlar nə üçündür?» deyə mən filosofluq edirəm. Bu zaman pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Sanki bahar mənim bu bədbin düşüncələrimə qarşı üsyan edir. Sanki bahar mənə həyatın, böyük və əbədi həyatın nəfəsini duydurmaq istəyir.

... Səhər çay içib, evdən çıxdıq. Humay artel idarəsinə, mən isə bağlara yollandım. Mən kəndin ayağında Bəyimə rast gəldim. Onun təzəcə yuyulmuş gözəl ağ üzü səhər-səhər açılmış nərgiz kimi zərif və təravətli idi. Saçlarının qabaq tərəfdəki qıvrımları hələ yaş idi. Qara gözlərində sevinc şəfəqləri oynayırdı.

– Sabahın xeyir, Eyvaz! Bu gecə niyə yatmırdın?

– Mən? Mən yatmışdım!..

– Bəs gecə artırmanızda gəzən kim idi? (Yadımdan çıxıb deyəm ki, Bəyimgilin eyvanından bizim ev aydınca görünür).

– Bilmirəm. Yəqin bizim qonaq imiş.

– Hə... – deyə, o, sözü uzatdı.

Üzü dərhal ciddi ifadə aldı. Mən soruşdum:

– Bəs sən nə üçün o çağacan yatmamışdın?

– Bilmirəm. Elə yaxşı gecəydi ki, heç yuxum gəlmirdi.

– Amma mən daş kimi yatmışdım.

– Yatmayıb nə qayıracaqdın? Cavan oğlansan. Yazın yuxusu da ki, şirin olur...

Onun gülə-gülə dediyi sözlərin hər biri köz kimi ürəyimin başına yapışırdı. Mən istəyərdim ki, «daş kimi» yatdığım üçün Bəyim məni məzəmmət etsin, aramızda giley-güzar olsun. Lakin görünür... yox, deməyə dilim gəlmir... Bir də, axı nə üçün mən ondan belə şeylər umuram? Buna mənim nə haqqım var?

... Axşam Humaydan soruşdum:

– Keçən gecə, deyəsən, bədxab olmuşdunuz?

– Bəli, gördüm yata bilmirəm, durub çıxdım eyvana. Nə bildiniz?

– Mənə Bəyim dedi... O sizi görürmüş...

– Haradan? – Humay dərin heyrət içində mənə baxdı.

– Oradan, bax, qabağında böyük iydə ağacı olan o ikimərtəbə evin eyvanını görürsünüzmü? Oradan!..

Sevənlərin öz adi gözlərindən başqa bir də ürəklərinin gözü olur və bu göz onların sevgisi ilə əlaqədar olan hər şeyi fövqəladə bir doğruluqla görüb duyur. Ona görə də, Humay nahaq yerə iydə ağacı ardından görünən o eyvana baxmamağa cəhd edirdi.

– Bu gün nə ilə məşğul oldunuz? – deyə mən aramızdakı gərgin sükutu pozmaq üçün soruşdum.

O, ağır bir yükdən qurtarmış kimi, dərindən nəfəs alıb, həvəslə söhbətə girişdi:

– Dəyirmanı elektrikləşdirmək üçün balaca bir layihə düzəldib verdim Qədir kişiyə, sonra da MTS-in həyətində olan maşınları nəzərdən keçirdim.

– Dəyirman məsələsində Musa dayı lap dəli olacaq.

O, qaşlarını çatıb, Musa dayının eyvanına tərəf ötəri bir nəzər salaraq:

– Nə etməli? – dedi, – camaatın xeyri dəyirmanın elektriklə işləməsindədir!..

... Səhəri gün, təxminən saat birdə mən qəlyanaltı eləmək üçün velosipedlə evə qayıdarkən, klubun yanından keçən yolda Humayla Bəyimin dayanıb söhbət etdiklərini gördüm... Velosiped altımda büdrədi və mən qeyri-ixtiyari olaraq yerə düşdüm.

Humay nə isə deyir, Bəyim də gözlərini aşağı dikərək, kəlağayısının ucunu oynada-oynada onu dinləyirdi. Hər ikisinin üzündə ciddi, gərgin və həyəcanlı ifadə vardı. Mən özümü danlayaraq: «Qəribə adamsan, – deyirəm, – nə olsun. İki tanış adam küçədə bir-birinə rast gəlib, beş kəlmə söz danışa bilməz? Yaxşı deyil... Burada dayanıb, onlara baxdığını görsələr, ürəklərinə yüz cür şey gələ bilər. Kişi kimi yaxınlaş, salam ver».

Lakin mən öz rəyimin əksinə, velosipedə minib, yavaşca geri dönərək, başqa yolla getdim.

... Anamın gətirdiyi xörəyə əlimi vurmayıb, Humayı gözləyirdim. Yarım saat keçdi, o gəlmədi, bir saat keçdi, gəlmədi. Hava bu gün elə bürkü idi ki, adamın lap ürəyi qısılırdı.

– Sən çörəyini ye. Səhər də dilinə heç nə vurmamısan. Humay gələr, onun da payını qızdırıb verərəm, – deyə içəri girən anam təkid etdi.

Mən qəribə bir narahatlıq içində ayağa qalxıb:

– İştaham yoxdur, – deyə stoldan uzaqlaşdım.

– Sənə nə olub, bala? Çörəkdən-sudan niyə kəsilmisən?

– Mənə nə olacaq, ay arvad? – deyə gülümsədim. – Bayaq düşərgədə bir az yemişəm. Ona görə də indi ürəyim istəmir.

Anam inanıb, o biri otağa keçdi. Mən iradəmin əksinə olaraq, aşağı düşüb velosipedə mindim, birbaş kluba sarı getdim. Tini burulanda Bəyim qarşıma çıxdı. Velosipedi saxlayıb düşdüm. O da istər-istəməz (mən bunu, ani olaraq onun üzündə yaranan narahat ifadədən hiss etdim), ayaq saxladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri