Su dəyirmanı
Səhifə 7 / 9 · 67%
... Səhər yuxudan oyananda Humayı açıq pəncərə qabağında dayanmış gördüm: onun çiyinləri üzərindən Musa dayının evinə tərəf baxdım, sərin kölgəli eyvanda tüstülənən ağ samovarın yanında üzü bəri dayanmış Bəyim gözümə dəydi.
Əlac yox idi. Mane olsam da, salamlaşmaq lazım idi.
– Sabahınız xeyir, Humay!
O, diksinib geri çevrildi:
– Sabahın xeyir, Eyvaz! Görürsən, nə gözəl havadır...
– Bizim kəndin nəyi gözəl deyil ki...
Əl-üzümüzü yumaq üçün aşağı düşdük. Bahar ömrünün ən coşğun çağlarını keçirirdi. Alma, ərik, şaftalı ağacları tamam çiçəkləmişdi. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. Onların qırmızı yarpaqları üzərinə düzülmüş şeh damlaları səhər günəşinin incə şüalarını göz qamaşdıran parlaqlıqla əks etdirirdi.
Quşların həyəcanlı səsi bir-birinə qarışaraq, coşğun bir simfoniyanı xatırladırdı. Belə bir vaxtda canından artıq sevdiyin bir qızdan əlinin həmişəlik üzüldüyünü hiss eləmək çox ağırdır.
– Eyvaz, rəngin niyə qaçıb, xəstə-zad deyilsən ki?
– Xəstə niyə oluram? – Mən iki pudluq daşı qəsdən sol əlimdə beş dəfə qaldırıb-endirərək xeyli uzağa tulladım.
– Afərin! – Humay uşaq kimi sevindi. – Hüseyn deyirdi ki, sən bir dəfə bura qastrola gəlmiş pəhləvanı dörd dəqiqədə məğlub etmisən.
– Pəhləvanı məğlub etməyə nə var ki? – deyə zarafatla cavab verdim.
... İşə gedəndə Bəyimə rast gəldik. (Yəqin ki, səhər-səhər burada görüşməyi dünəndən sözləşmişdilər). O, hər ikimizə eyni şən və xoşbəxt təbəssümlə baxıb salam verdi.
Mən özümü bacardığım qədər gümrah və şad göstərməyə çalışaraq:
– Əleykəssalam! – deyə keçib getmək istədim.
Lakin o, qolumdan tutaraq, həmişəki sərbəst və mehriban ifadə ilə:
– Eyvaz, – dedi, – lap Aya-günə dönmüsən. Hardasan, görünmürsən?
– Nə bilim, Bəyim, – dedim, – iş, güc...
– Rəşid gəlib. Səni soruşurdu.
– Doğrudanmı? Məndən ona salam de.
– Çox uzaqdasan? Niyə özün gəlib görüşmürsən? Günortaüstü Humayı da götürüb gələrsən.
– Nə olar, götürüb gələrəm... İndi məni bağışlayın, doqquzda sədrlə görüşməliyəm. Hələlik!
Cəld uzaqlaşdım.
– Eyvaz, bax, gözləyəcəyik ha! – deyə Bəyim arxadan səsləndi.
Sözün açığı, yaman qəzəbləndim. «Əgər bütün qızlar sənin kimidirlərsə, lənət sizin hamınıza! Gör bir zərrə qədər də olsa, vicdan əzabı çəkirmi?..» «Humayı da götür, gəl bizə». Bir qədər keçdikdən sonra, «axı, Bəyim nə üçün vicdan əzabı çəkməlidir?» deyə özümü məzəmmət etdim. Onun bir qəlbi var, birini də sevir. Sənə söz-zad verməmişdi ki...»
Ancaq bunu demək asandır. Sən gəl ürək üçün təsəlli, rahatlıq tap!
Mən bir yerdə dayana bilmirdim. Bu bağdan o bağa keçir, qarşıma hər kəs çıxırdısa, söhbətə tuturdum.
Nəhayət, gün günortadan əyildiyi zaman Bəyimin tapşırığını yerinə yetirmək üçün Humayın dalınca MTS-ə getdim. Yolda Şahlarla rastlaşdıq.
O, gülə-gülə:
– Eyvaz, – dedi, – sənə demədim ki, fürsəti əldən vermə?
– Nə olub?
– Guya ki, bilmirsən?
– Bəyimlə Humayın əhvalatını deyirsən?
– Yoxsa sənə təsir eləmir?
– Eh... Nə çoxdur dünyada qız!..
– Afərin, bax, bunu yaxşı dedin. Bir qız ki, məni istəmədi, mən onu heç dünəndən istəmirəm...
– Vəssalam!
– Lap istəyir dünya gözəli olsun!
– Lap istəyir mələk olsun!
– Amma öz aramızdır, mühəndis pis oğlan deyil.
– Bəyim pis oğlanı istəyər?
– Doğrusu, bu məsələdən sonra əvvəllər onu görəndə əllərim yaman gicişirdi.
– Nə danışırsan, Şahlar?
– Amma indi baxıb görürəm, qıyılmalı oğlan deyil. Sən öləsən, o gələndən bəri MTS-in maşınları saat kimi işləyir. Deyirlər, başı çıxmadığı iş yoxdur. Amma bura bax, Musa dayı ona qız verməyəcək...
– Nə üçün?
– Necə nə üçün? Xəbərin yoxdur? Məsələ qaldırıb ki, dəyirmanı elektrikləşdirsin. Musa dayını da ki, tanıyırsan, dəyirman dədəsindən qalıb, elə bilir, ziyarətgahdır. Sən ölməyəsən, dəsgah olacaq... Belə hara gedirsən?
– MTS-ə.
– Niyə?
– Humayı götürüb, Musa dayıgilə gedəcəyəm. Bəyim bizi qonaq çağırıb.
– Sənin məhəbbətindən qətiyyən baş açmıram. Xudahafiz.
Şahlar acıqlı halda uzaqlaşdı.
Mən onun arxasınca baxaraq gülümsədim: «Burada baş açılmayacaq nə var ki?»
Maşın-traktor stansiyasının geniş həyəti cürbəcür kənd təsərrüfatı maşınları ilə dolu idi. Humay bir dəstə cavan mexanizatorla «S-86» traktorunun açılmış motoru yanında dayanıb, onlara nə isə izah edirdi. Başı söhbətə o qədər qarışmışdı ki, mənim gəldiyimi belə hiss etmədi. Qədir də burada idi. Hamıdan qabaqda dayanaraq, gözlərini qıyıb, mühəndisin sözlərinə diqqətlə qulaq asırdı.
Humay tez-tez əyilib-qalxır, əli ilə motorun yağlı hissələrinə toxunaraq, fikirlərini əyani surətdə başa salırdı. Onun gözləri indi hər zamankından daha parlaq və canlı görünürdü.
Mən mane olmamaq üçün qiraət otağına gedib, qəzetlərə baxdım...
... Biz Qədiri də dartıb özümüzlə birlikdə Bəyimgilə apardıq, o da mənim kimi, Rəşidlə bərk dost idi.
– Qorxuram Musa kişi bizi qova, – deyə o, bərkdən güldü. – Bu gün dəyirmanın tokla işləməyi barədə qərar çıxarmışıq.
Mən Şahların bayaqkı sözlərini xatırladım: «Doğrudan da, onlara niyə gedirəm? Yaxşısı budur ki, bir şey bəhanə elə, geri qayıt». Lakin qayıtmadım.
Biz qoşa çinarın altından keçib, qırmızı darvazadan içəri girdik, taxta pilləkənlə Musa dayının evinə qalxdıq. Üzərinə ağ süfrə çəkilmiş stolun arxa tərəfində qoyulmuş enli taxta çarpayıda yastığa dirsəklənib kitab oxuyan Rəşid ayağa qalxdı, qabağımıza yeriyərək, hər birimizlə görüşdü. Sonra stulları göstərdi:
– Əyləşin.
Bəyim də gəlib bizə salam verdi və dərhal qayıdıb getdi.
Rəşid ucaboylu, gözəl, gülərüz bir oğlandı. Atasının gözləri kimi bir az dərində olan qara gözləri ilə qonağa diqqət yetirərək dedi:
– Əgər səhv etmirəmsə, siz bizim MTS-in mühəndisisiniz?
Qədir təsdiq etdi:
– Özüdür ki, var.
– Atamın kürkünə yaman od salmısınız. Acığından bu gün hamımızla dalaşıb. Mənə deyir ki, sən ispalkomla danış, qoymasın dəyirmana əl vuralar... Deyirəm, ay ata, dəyirmanın sahibi arteldir, ispalkom nə deyəcək?
Rəşid gülümsəyərək, stolun üstünə qoyulmuş açıq «Kazbek» qutusundan bir papiros götürüb yandırdı.
Eyvanın o biri başındakı kürənin üstündə nə isə bişirən Kəklik xala kök bədənini yırğalaya-yırğalaya gəlib, bizə «xoş gəldin» elədi. Onun əynində qolları enli boz köynəklə qara arxalıq, uzun tuman, başında ağ haşiyəli bənövşəyi kəlağayı var idi.
– Necəsən, ay bizim dağların kəkliyi? – Qədir ona sataşdı.
– Hər halda, səndən qıvrağam. – Kəklik xala onun köklüyünə işarə vuraraq, dil altında qalmadı.
– Elə olar da! Kişini qupquru qurudub, özün, maşallah, gündən-günə ətə-cana gəlirsən.
– Bəsdir ha! – Kəklik xala məclisdə yad qonaq oturduğu üçün həya ilə yaylığını ağzına çəkdi.
Qədir gülərək:
– Eybi yoxdur, – dedi, – bunlar da öz uşaqlarımızdır, sirrinizi heç yerdə açmarıq.
– Bizim təzə inciner bu oğlandır?
– Hə, budur, ana, – deyə Rəşid cavab verdi, – adı da Humaydır.
Kəklik xala gülümsədi:
– Deyirəm, a kişi, niyə acıqlanırsan? İndi tok əyyamıdır. Görmürsən, fermanın qoyunlarını da tokla qırxırlar. O gün qız deyirdi ki, bir azdan taxılbiçən maşın da tokla işləyəcək, traktor da... A kişi, deyirəm, indi ki, belədir, sən bu su dəyirmanı ilə ortada tək qalıb nə qayıracaqsan?
– Elədir, ana, – Rəşid ciddi təsdiq etdi.
Sonra bizə müraciətlə:
– Bilirsinizmi, – dedi, – o dəyirmanı sudan ayırmaq atama ağlasığmaz bir iş kimi görünür. Neçə dəfə olub ki, gecə bu eyvanda oturduğu yerdə birdən çayını yarımçıq qoyub, ayağa qalxıb ki, gedirəm dəyirmana, novun suyu azalıb. Soruşmuşuq, «nədən bildin?», deyib «səsindən».
– Lalın dilini anası bilər, – deyə Kəklik xala dönüb kürənin yanına getdi.
Bəyim stolun süfrəsini dəyişdi, sonra bizə çay gətirdi. O, heç kəsə baxmırdı. Hətta Humaya da... Xoşbəxt istəklilər həmişə belədir. Onların gözlərini bir-birinə zilləmələrinə ehtiyacları yoxdur. Etdikləri əhd-peyman onların qəlblərini birləşdirib bir qəlb etmişdir. Onlar gözləri ilə baxmasalar da, bir-birini görürlər.
Bəyimin öz əlləri ilə dəmləyib tökdüyü çay, çiçək kimi silib təmizlədiyi stəkanlar mənə doğma, eyni zamanda, uzaq və həsrətli duyğular təlqin edirdi. Elə bil ki, içərimdə nə isə şüşə kimi hey sınıb-tökülür, çilik-çilik olurdu. Bəyim mürəbbə qablarından birini mənim qabağıma çəkərək:
– Eyvaz, – dedi, – mürəbbə götür.
– Sağ ol, Bəyim.
Müsahiblərin arasında söhbət qızışmışdı. Humay Rəşidə deyirdi:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-su-deyirmani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**