Kainat sakinləri 2
Səhifə 12 / 23 · 48%
Diqqət yetir.
Qrek OdAğa – (öz ərazisində) “kiniq” deyib, “kiniqə” hürən – it mənası verib. Niyə? Çünki sənin SarAğların, OdAğların çoxdanışan, deyinən, məhz it kimi hürən “kin” mücəssəmələrinə dönüb məhv olublar, oğul!
SafAğ İnsan, SafAğ Alimi “Sofi” olub, çox danışan, zəhlətökən adam kimi tanınıb. Məhz həmin bu “Sofi”dən Fars “Sufi” yaradıb, SafAğ Elmini kökündən dəyişdirib, “bir olan Allaha aşiq Sufi”lər, yəni saysız-hesabsız SafAğ düşmənləri yetirib, salıb millətin canına, “bir olan Allaha eşqi” “gözələ eşq”ə çevirib əxlaqsızlıq yaya-yaya gəzirlər!
Budu indi mənamız! Tariximiz!
“Kiniq”ə, “tsinik”ə dönüb Sultan Əmirli, it kimi hürür ki, Stalin ölsə də, KPSS bağlıdı İlana, Farsa: o tayda, bu tayda millətin içinə “sufi” doldurur! SafAğ Alimlərinin əlyazmalarını dəyişdirirlər! “Lailahəilləllahın inkarına durmuşam” deyən Nəsiminin “Divan”larını “Allahu əkbər”lə doldururlar! “Nizaminin “Xəmsə”sində bir kəlmə “Allah” sözü yoxdu, əmma hər katib “Xəmsə”nin əvvəlinə “Bir olan Allah” yazır! Füzulinin ən qədim əlyazmalarında SafAğa aid nə var, pozurlar! Müasir Pünhanlarımız xalq içində itib-batıb geniş sferaya çıxammırlar.
Xalqa verilən nədi? Heç nə!
Nizaminin “Həft peykər” əsərini guya nə tərcüməçilər dərk eləyirlər, nə də akademiklər-filanlar! Əsər başdan ayağa rəmzlərdən ibarətdi. SafAğ Elmini öyrənənlərdən ötrü dərslikdi. Bunu da danırlar, oğul!
Bütün “Xəmsə” dərslikdi. Bütün “Xəmsə”: “Məxzənül əsrar” – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Həft peykər”, “İsgəndərnamə”, hətta alimlərin “Ərəb əfsanəsi” adlandırdıqları “Leyli və Məcnun” da dərslikdi. Füzulinin “Leyli və Məcnun”u da dərslikdi, ləzzət almaq üçün deyil. Məcnuna deyirlər bu Leyli, bu da sən, qovuş məhəbbətinə. Məcnun neyləyir? Əynində köynəyini cırıb qaçır “heyvanat” arasına – təbiətə. Niyə? Çünki köynəyi Dindi, “Heyvanat” ərəbin dilində təbiət, əslində isə “Eyvan” – EyEvÜndü. Uca Ev Ünüdü. “Leyli” – ƏlEy Əli, yəni, Uca Əl Bağ Atanın Əli – Oğlu EySardı. Kim oldu indi Məcnun? Mənəm Məcnun, Məhərrəmdi Məcnun! Abıdı Məcnun! Çürük Aşıqdı Məcnun! “Dəli” deyilik, OdƏlik – “diliik”. Deyirik “Məcnun” yoxdu. Bu sözdə üç təhrif var. Birincisi “Mə”, ikincisi “c”, üçüncüsü “nun”. Dinin dili Bağı “Məğ” – “mə” eləyib, Odu “d” – “c” eləyib, Ünü “nun” eləyib. Yüzminlərlə OdƏri Ərdəbildə, Muğanda qılıncdan keçirəndən sonra “Türk yoxdu!” – deyirlər. “Türk qırılıb! – deyirlər”. Ya da hırıldayırlar: “Az ər!” “bay can”, yəni “vay can”.⁶⁰
⁶⁰ Müasir OdƏr (“Azərbaycan”) xalqı “bay”, “vay” sözlərini eyni mənada işlədir. Məsələn, “Bayquş” – vay quşu, xarabalıq quşu. 604-802-ci illər antiTürk “dünya müharibəsi”ndə Qreklər Qalamda (Orta Asiyada olarkən “Bağ” kəlməsini qadağan edib “Bağ”ı – “Bay”la əvəz ediblər. (Kökləri OdƏr olduğuna görə Qrek fatehlərinin ordu ilə birgə gəzən quldarlıq alimləri Türk dilini mükəmməl bilirdilər). Müasir Türkiyə “Azad Azərbaycan”a – “Bağ (ım)sız Azərbaycan” deyirlər. Bu ifadəyə hətta Gürcülər də etiraz edirlər.
Bağı necə “mağ”, “məğ”, “müğ”, “muğ” eləyib Din, EySar ÜnEvi necə “İsay Novin”, “Noy”, “Nuh” eləyib, “Məcnun” sözündəki təhriflər də bax o cürdü.
Bir də deyirəm: “Bağı” “məğ” eləyib, Odu “d” – “c” eləyib, Ünü “nun” eləyib. BağOdÜn olub “Məcnun” (guya dəli)!
Demək, “Məcnun” BağOdÜndü. Bağ Həqiqətinin Ünü. “Leyli, Leyli” qışqırır, sən ƏlEyƏli eşit və bil ki, ƏlEy – Bağ Atadı ƏlEyƏli EySar ÜnEvdi (“Nuh”du), EvƏrimdi (“İbrahim”di), ƏlAğ Eysardı. Get cəmaatın içində sazı sinənə bas, “Divani” OdEvÜn çal, oxu: “Beş gözəlin vurğunuyam”, hamı biləcək ki, Bağ Ata ilə dörd Oğlunu vəsf eləyirsən, gözlər dolacaq, materialist nadanlar isə, əlbəttə, hırıldaşacaqlar!
Bax belə dərslikdi Nizaminin, Füzulinin “Leyli və Məcnun”u.
Lap qısasına deyirəm sənə. SafAğ Elmi “Məcnun”un Din köynəyinin altında gizlədilib “Məkkə”yə yox, BağOda gedir, “Kəbə”yə yox, OdEvə gedir “Məcnun”, oğul. Təkrar-təkrar eşitməlisən ki, Dinin dili Odu “ki”, “kə” eləyib, Evi “bə” eləyib, OdEv olub “Kəbə”. OdEvdə “Məcnun” “Leyli”ni diləyir: ƏlEy Əlini – EySarımızı, ƏlAğımızı – “Əllah”ımızı!
İndi özün fikirləş, gör bu “Yer” – EyƏrdə bəşəriyyətimiz necə beyinsiz, əxlaqsız cahillər yığnağına çevrilib ki, ürəyi bu doğulduğu EyƏrdə, Bağdayda olan EySarımız gizlin gəlir “Yer”ə, gizlin də gedir! Açıq gələmmir!
Səməd yenə diksindi.
– Gəlir, gedir?! İisus?!
Sultan da diksinmiş kimi, birdən dikəlib səsini qaldırdı:
– “İisus” nədi?! Nə qədər deyim təhrif sözdü “İisus”, “İsa”?! Bir cavan, Ün eşidən Pünhanımız var.
Nəimiyə “Yari Pünhan” deyərmişlər batin-gizlin alimlərimiz. O vaxtdandır bu Pünhanlıq, AdıPünhanlıq. Həm gizləndiklərinə görədi bu ad. Həm də EySar pünhan danışır öz Pünhanlarıynan. Bir cavan Pünhanımız var, deyirəm. Atasını keçən il öldürüblər. Öz maşınında qəmli-qəmli gəlirmiş o cavan Pünhanımız. Qara Məryəmnən Ağsunun arasında motor sönür, yazıq uşaq ha çalışır, düzəldəmmir. Birdən diksinib yuxarı baxır, görür... nə?!. ƏlAğ EySar, SafAğ İşıq içində yüz addımlıqda dayanıb gülümsəyir, deyir: “Atan ölməyib. Motorun sönməyib. Sür maşınını, yolda atan sənnən gedəcək!”⁶¹
Budu bax, EyƏrə gələn, gedən, qardaş kimi sevdiyimiz Allahımız – ƏlAğ EySarımız!
Səməd yenə əlini əmgəyinə basdı.
– Bağışla... Bağışla... Üzr istəyirəm. Dilim öyrənib “İisus”a. Dəhşətdi axı, ay əmi! “Allah” – qardaş kimi!.. Dünənəcən, bugünəcən yad bilirdim mən “İisus”u – “İsa”nı...
– Yad? Necə yəni “yad?!” Düşün! Dindi sənə yad! Dinin yaratdığı əfsanələrdi! EySarımız – ƏlAğımız isə doğmalar doğmasıdı. Ulu Baban Ulu Bağın qardaşı, qan qarışığındı sənin! Başa düşdün?!
Sultan məlfənin islaq, sərin ucunu üzündə, alnında gəzdirdi.
– “Allıh işıqdı!”, “Doğub-törəməz” işıqdı! Bu “Quran” zəhərini hələ atan izah eləmişdi sənə!
Dillənmə daha! Birinci sinif şagirdi ol, əlini qoy çənənə, qulaq as!
Necə gəlir, necə gedir EySar? Uçur! Nəynən uçur? Bəzən polad kimi möhkəm işıq şarı içində, tək tənha gəzir Yerin üzərində! Bəzən də Bağlarnan, OdƏrlərnən bir yerdə, İşıq gəmisində! O işıq gəmisi necə şeydi? Nə qədər vaxta uçur OdAğÜz BağOdƏrdən – “Yupiter”dən bura? Nə üçün gəzir EySar? Öz planetindən gördüyü bəs deyilmi? Və ilaxirə, və sairə, sual suala calanır! Şarın rəngi bir anda dəyişir – havadan seçilmir. Və EySar da o anda görünməz olur.
Çox şey danışacam. Lap çox! Son iki min ildə Ulu Bağnan – “Musa ağa”ynan “Şamağa” nənəmizin “Yer”ə neçə dəfə gəldiklərini, hər dəfə nə qədər qaldıqlarını, nə üçün qaldıqlarını danışacam. Bütün planetin tarixini biləcəksən! Bütün planetin!
Başımızın üstündə parıldayan planetin adını bir də izah eləyirəm. İndi bir az təfərrüatnan bilməlisən. Qulaq as.
Demək, OdAğÜz BağOdƏrdi “Yupiter”in əsl adı.
OdAğÜz. Yəni AğÜz həqiqəti.
Ağ kimdi, bilirsən. Bəs Üz? Bağın Üzü? Bəli. Bəs niyə Bağ Üzü yox, Ağ Üzü qoyublar planetin adını? Ona görə ki, Üz – məna yalnız Bağ Üzü, Bağ mənası deyil, ümumiyyətnən, SafAğ İnsan Üzü – mənasıdı.
AğÜz həm də bir qism OdƏrlərin, “Yer” Türkünün təhrif dilində “Oğuz”ların adıdı. OdAğÜz – “Oğuz” həqiqəti deməkdi.
BağOdƏr isə, təkrar eləyirəm, OdƏr Bağıdı (bütün Bağların əsas rütbəsidi), həm də Həqiqət işığının (SafAğ İşığın), Ünün, Ünlə yayılan “element”lərin – ƏlMənlərin Bağıdı... Qrek-Latınlar OdAğÜz adını “Duaus” eləyib qeyri-adi dərəcədə təhrif tələffüzlərlə, dar mənalarla ilk qlobal mənadan uzaqlaşdıra-uzaqlaşdıra bir aləm mif yaradıblar.
⁶¹ İ.Muğannanın EySarla ilk görüşü belə olub. Yenə eşit: “Duaus Patri”, “Zeis Pater”, “Zu Piter”, “Yu piter”... “Zeis”, “Zevis” (guya Zevsin oğlu!), “Zevs!”
Bağ Ata olub “Zevs” və ya “Zefs”.
Bu hələ nədi?!
“Zefs”nən “Yupiter”i də bir növ eyniləşdiriblər, planeti “Boq” sayıblar. “Yupiter”dən göstərilən şəklin əsasında imperator seçə-seçə qanmayıblar ki, planet deyil o şəkli göndərən, insandı! Kainatın sahibləridi, planetləri, təbiəti – torpağı, suyu, havanı – yaradanlardı!
Sənin dilində danışanlar da “Nəsimi əbədiyyətə qovuşdu” deyə-deyə qanmayıblar ki, “Əbədiyyət” təhrif sözdü. “Əbədiyyət” yoxdu, EvOd EyOd var. Həqiqət Evinin Uca Həqiqəti! Nəsimi OdAğÜz planetindəki Həqiqət Evinə uçub, oturub evində, uca həqiqət haqqında şeir yazır! “Şe”r” yox, – ƏsƏr!
– İndi də yazır?!
– Bəs necə, ay idrak acı balam! OdAğÜzlülər “Yer”ə öz övladlarının beyinlərinə SafAğ ƏsƏr verirlər ki, torpağa dönməsinlər, əbədi olsunlar. ƏsƏr – yaradan İşıqdı. Yenə deyirəm: “O dünya”, “Axirət” dünyası yox, AğƏr dünyası var, parıldayır başımızın üstündə! Evimizi yıxan, Odumuzu söndürən Din “axirət” eləyib AğƏri! SafAğ İşıq Aləmini! Dili, mənanı öldürməknən beyni öldürüb! Yerinə iyrənc mərasimlər doldurub: “Zəvvar ol, Məkkəyə get. Şeytana daş at”. (Divarda əcayib insan şəklinə).
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-kainat-sakinleri-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Başqa şairlərin şeirləri
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,